Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2870/2024 13.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı sərhədin keçilməsinə icazə verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Xarici İşlər Naziliyinə müraciət edərək Azərbaycan Respublikası ərazisindən çıxışla əlaqədar zəruri icazənin alınmasında köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Xarici İşlər Naziliyi iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, müraciətdə qeyd olunan məsələyə baxılması məqsədilə onlar tərəfindən 3-20-15/2-2-2525/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmişdir, məktuba cavab daxil olduğu təqdirdə müvafiq məlumat aidiyyatı üzrə diqqətə çatdırılacaqdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ərizəsinə cavab verilməsini və quru sərhədi keçməyinə icazə verilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 17 yanvar 2024-cü il tarixində Azərbaycan XİNnə müraciət edərək quru yolla sərhədi keçməyinə icazə verilməsini xahiş etmişdir. Cavab almadıqda Nazirlər Kabinetində qəbulda olmuş, ona bildirilmişdir ki, imtina edilib, və orada imtina qərarının surətini tələb etmiş ,lakin verilməmişdir. Təkrar elektron qaydada mütaciət edərək cavab verilməsini xahiş etmiş, lakin müraciətinə cavab verilməmişdir, səbəbi ona məlum deyildir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Xarici İşlər Naziliyinin xx.xx.2024cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarıxli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazıtar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantın-təşkilat, proflaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarnın 1.2-ci bəndinə uyğun olaraq yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydalarda göstərilən tədbirlərin tətbiqi barədə qərar qəbul edir. Həmin qərarın icrası və icrasına nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya müəyyən edilən dövlət orqanı, komissiya, qərargah və yaxud digər qurum tərəfindən həyata keçirilir. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1.1ci bəndinə əsasən yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla girişçıxışın dayandırılmışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sorğuda tələb olunan məlumatların məhkəməyə təqdim olunması məqsədilə DSX-nin aidiyyəti struktur qurumuna sorğu göndərilmiş və məlum olmuşdur ki, COVİD-19 pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə əlaqədar quru yolu ilə vətəndaşların dövlət sərhədindən buraxılışı (əcnəbi vətəndaşların Azərbaycan Respublikasından çıxışı istisna olmaqla) Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilir.Habelə qeyd olunur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq icazəsi olduğu təqdirdə vətəndaşların quru yolu ilə dövlət sərhədindən buraxılışı təmin edilir. Tərəflər məhkəmə iclasına gəlməmiş səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. İddiaçının cavabdeh orqana müraciəti ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, iddiaçının müraciətində qeyd olunan məsələyə baxılması məqsədilə onlar tərəfindən 3-20-15/2-2-2525/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdeh orqana iddia tələbi üz müraciət edilmiş hesab olunur. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarına əsasən: 1.1. 2025-ci il 1 aprel saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci bəndi nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir. 1.1.1. yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması.
2. Bu Qərarla müəyyən edilmiş tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
3. Bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarından da müəyyən edildiyi kimi yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxış fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva