Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2874/2023 22.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Tovuz rayonu Abulbəyli bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi (sədri) X1 iştirakları ilə, İddiaçı cavabdeh Tovuz rayonu Abulbəyli bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ilə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 22.4606 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi üzərində İddiaçı icarə hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınnmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ilə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 4.243868 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi üzərində İddiaçı icarə hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınnmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ilə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 6.2224 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi üzərində İddiaçı icarə hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınnmışdır.
4. 10.12.2019-cu il tarixli borc müqaviləsinə əsasən borc verən - İddiaçı 4000 (dörd min) manat məbləğində pul vəsaitini borc alana qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verməyi, borc alan - Tovuz rayonu Abulbəyli bələdiyyəsi isə borcu bu müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən borc alan əgər borcu qaytara bilməzsə borc verənin Tovuz rayonu Abulbəyli bələdiyyəsindən icarəyə götürdüyü Qışlaq adlanan ərazidə yerləşən ha torpaq sahəsinin icarə haqqı ilə əvəzləşdirilməli və icarə haqqının ödənildiyinə dair borc verənə qəbz təqdim edilməlidir.
5. Tovz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 05 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı tərəfindən yaranmış 400000 kv.m torpaq sahəsinin icarə borcu olan 4197 manat 10 gün müddətinə ödənilmədikdə qəbul edilmiş qərarın icrasının məcburi olunması üçün Tovuz rayon İcra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Tovuz rayonu Abulbəyli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Abulbəyli bələdiyyəsinin 25 aprel 2023-cü il tarixli 05 nömrəli borclu qismində göstərilmiş İddiaçı qarşı yönələn aktının - qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, o, Tovuz rayonu, Abulbəyli kəndinin icra nümayəndəsi vəzifəsində işləyir və o kənddə də yaşayır. 2018-ci ilin dekabr ayında Abulbəyli kənd bələdiyyəsi ilə icarə müqaviləsi əsasında 33 hektar torpaq sahəsini hər hektar üçün illik 40 manat icarə haqqı ödənilmə şərti ilə icarəyə götürmüşdür və hazırda da istifadəsindədir. İlkin vaxtlardan bələdiyyəyə ümumilikdə 4000 manat, 1956 manat və hissə-hissə 2600 manat, əlavə olaraq da bələdiyyə üzvlərinin iştirakı ilə akt əsasında 4000 manat bələdiyənin kassasına rəsmi ödənişi olmuşdur. Razılaşmaya görə bu verdiyi ümumi pulların bir qismi icarə üçün, digər qismi - 4000 manat isə onun icarə pulu ilə əvəzləşməli idi. Bundan əlavə, həmin torpaq sahələrinin bir qismi başqa səxslərin qanunsuz sahibliyindən onun tərəfindən məhkəmə qərarı əsasında çıxarılmış və həmin dövrlərdə torpaqdan istifadə edə bilməmişdir. Həmin dövrlərdə icarə haqqının bu dövrlər üçün ödəniş etməsi dayanmalıdır. Hazırkı bələdiyənin sədri ondan əlavə pul tələb edir ki, bu hal yolverilməzdir. İcarə hüququ da reyestr xidmətində qeydə alınmışdır. 2019-cu ildən bu yana, yəni 2023-cü il tarixə hesab edir ki, borcu yoxdur. Bələdiyyənin ona borcu var. Belə ki, 5 il ərzində bələdiyyə büdcəsinə onun borcu 33 hektara münasibətdə hər il üçün 1320 manat olmaqla ümumilikdə 6600 manat təşkil edir. Onun da bələdiyyəyə vermiş olduğu pul ümumilikdə 12550 manat təşkil edir. Ancaq bələdiyyə onun barəsində 25 aprel 2023-cü il tarixli 05 nömrəli qanunsuz və özbaşına inzibati akt qəbul edərək 4197 manat borcunun olduğu göstərilir. Həmin inzibati aktı yuxarıda göstərdiyi xüsasatlara görə qanunsuz və əsassız hesab edir. Bundan əlavə sözügedən inzibati aktda ona guya 40 hektar torpaq icarəyə verilməsi göstərilib. Ancaq onların sistemindən çıxarışda da gürünür ki, ona verilən torpaqn sahəsi ümumilikdə 33 hektardan azdır. Buradan da görünür ki, hazırkı bələdiyyə ondan əlavə pul tələb edir. Bu xüsusatlar nəzərə alınaraq, məsələnin araşdırılması və borclu qismində təqdim edildiyi qərarın ləğv edilməsini xahiş edir. III. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
9. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
10. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).
11. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.
13. Məhkəmə mübahisələndirilən qərarın xx.xx.2023-cü il tarixdə qəbul olunduğunu və iddiaçının xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır.
15. Cavabdehin yerləşdiyi yer olan Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi (sədri) X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Tovuz rayonu Abulbəyli bələdiyyəsinə məxsus 42439 kv.m (4.243868 ha), 224606 kv.m (22.4606 ha) və 62224 kv.m (6.2224 ha) kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi İddiaçı icarəsinə verilmiş, sonuncu icarə haqqını vaxtında və tam ödəməmiş, nəticədə onun 4197 manat icarə haqqı üzrə borcu yaranmışdır. Tovuz rayonu Abulbəylı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 05 nömrfəli protokolundan çıxarışda iddiaçının icarəsində olan torpaq sahəsinin ölçüsü texniki səhv olaraq 400000 kv.m göstərilmişdir, əslində isə 329269 kv.m-dir.
23. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 05 nömrəli protokolundan çıxarış; - 27.02.2023-cü il tarixli 87 nömrəli məktubunun surəti; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrijndən RX seriyalı, 1414730, ******* nömrəli və ******* nömrəli çıxarışların surətləri; - 2019-cu il üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsinin surəti; - Kassa-mədaxil orderinin qəbzləri; - 10.12.2019-cu il tarixli borc müqaviləsinin surəti; - 10.12.2019-cu il tarixli aktın surəti; - Cari hesab üzrə çıxarışlar.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə Tovuz rayon notariat kontorunda Tovuz rayonu Abulbəyli bələdiyyəsi ilə İddiaçı arasında 22.4606 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsinə dair 3M-206 nömrə ilə, 4.243868 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsinə dair 3M-207 nömrə ilə, 6.2224 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsinə dair 3M-210 nömrə ilə təsdiq edilmiş icarə müqavilələri bağlanmaqla, İddiaçı həmin torpaq sahələri üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
27. Hazırkı mübahisənin predmeti iddiaçının icarəsində olan 42439 kv.m (4.243868 ha), 224606 kv.m (22.4606 ha) və 62224 kv.m (6.2224 ha) kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahələrinə görə yaranmış 4197 manat icarə haqqı borcunun ödənilməsi barədə Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 05 nömrəli protokolqərarıdır.
28. “Azərbaycan Respublikası Torpaq Məcəlləsinə görə: Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə 99. İcarə haqqı
1. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.
29. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 11. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Maddə 14. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.
30. Göründüyü kimi, Tovuz rayonu Abulbəyli bələdiyyəsi icarə müqaviləsi əsasında İddiaçı icarəsinə verdiyi torpaq sahələrinə görə yaranmış icarə haqqı borcunun tutulması ilə bağlı qərar qəbul etmişdir. Hansı ki, bələdiyyə torpaq icarəsi müqaviləsi bağladığı İddiaçı ilə İcarəyəverən-İcarəçi münasibətlərində, yəni müqavilənin bərabər hüquqlu tərəfləri qismində mülki hüquq münasibətlərində olmuş, bələdiyyənin inzibati orqan kimi icarə borcunun ödənilməsi ilə bağlı qərar və həmin qərarın icraya yönəldilməsi barədə akt qəbul etmək səlahiyyəti olmamışdır.
31. Belə olan halda, Cavabdeh İddiaçı 4197 manat icarə haqqının ödənilməsinin təmin edilməsi məqsədilə Tələbin icra şöbəsinə yönəldilməsi barədə qərar verməyə səlahiyyətli olmamışdır.
32. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 05 nömrəli protokol-qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 05 nömrəli protokolqərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva