Məhkəmə qərarları › İş №2-1(114)-288/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-288/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-288/2023 21.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli, **********1638 və **********1688 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yay mövsümündə Göygöl şəhərindən rayonun Aşıqlı kəndinə aparan yolda yerləşən X2 təxminən 100 metrliyində, atasının çoxdandır ki, fəaliyyətini dayandırıb, bağlı qalmış yeməkxanasına gedən cığırın üstündə 5- 6 stol qoyub, çayçılıqla (sahibkarlıqla) məşğul olur, bununla ailəsini ancaq dolandırır. Müştərilər az olduğundan, düşəndə, darıxmamağı üçün qohumları, yanına gəlir, boş olanda söhbətlə başını qatır, adamlar təsadüfən gur gələndə, müştəriyə xidməti çatdıra bilməyəndə kömək də edirlər. Çayçı kiçik və səyyar olduğundan kassa aparatı olmadan işləyir. Onu işlətdiyi gündən bu ayın 10-a kimi vergi orqanı ona nə rəsmi göstərişlə, nə də sözlə çayçıya kassa aparatı almağına göstəriş verməmiş, bütün ödənişlərini problemsiz qəbul etmişdir. Çünki çöldə yoldan xeyli kənar, özü də 5-6 ağacın altında olan səyyar çayçıdır, heç bayram və istirahət günlərində də stolların ətrafı dolu olmur. Əgər məhkəmə həmin səyyar çayçıya yerində aşkar və ya gizli baxış keçirsə, vəziyyəti əyani görər, bilər ki, orada nə bahalı kassa aparatına, nə də işçiyə ehtiyac yoxdur. O yer gəlirli yer olsaydı, atası nəyə görə çayçıya yaxın məsafədə yerləşən yeməkxanasını bağlamalı idi, onu işlədər, pul qazanardı, O yerə müştərilər gəlmədiyi üçün yeməkxananı atasından icarəyə götürən şəxslər də işlədə bilməyib, getmişlər. Ona görə də yeməkxananın qapısına qıfıl vurulmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsi onu çayçıda kassa aparatı tətbiq edib, müştəriyə qəbz verməməklə yanaşı, qeydiyyata almadığı (vergidən gizlətdiyim) işçilərin mövcud olmasında da təqsirləndirmış, xx.xx.2022-ci il tarixdə haqqında ərizənin sərlövhəsində göstərilən DVX seriyalı 012896 nömrəli və DVX seriyalı 007881 nömrəli aktları yazmışlar (həmin aktların birində kassa aparatı tətbiq etmədən fəaliyyət göstərməyini, digərində qeyri-rəsmi qaydada işçilər işlətməyini qeyd etmişlər). Başqa sözlə, vergi orqanı onu həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələbini pozmaqda (nəzarət-kassa aparatlarının istismarı qaydalarının 8.3.16cı bəndinin tələbinin pozulması), həm də həmin Məcəllənin 58.10-cu maddəsinin tələbini pozmaqda (çayçıda qeyri-rəsmi işçilər işlətməkdə) təqsirləndirmiş,“əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022ci il tarixli DVX seriyalı 012896 nömrəli aktın və fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2022-ci il tarixli DVX seriyalı 007881 nömrəli aktın ləğv edilməsinə dair aktlar yazmışlar. Həmin aktlar yazılarkən yanında əmisi oğlu olmuşdur. Ondan adını soruşmuşlar. O, soruşan şəxsin niyyətini bilmədən özünü təqdim etmiş, vergi orqanı onun bu sadəlövhlüyündən istifadə edib, onu işçisi kimi qələmə vermişdir. Halbuki hər cəhətdən ondan üstün olan belə bir şəxsin işçisi (məsələn, çay dəmləyən, çay paylayan və ilaxır) olmasını düşünməyin özü yolverilməzdir. Qohumlarının çoxu yanına gələndə onu reklam etmək üçün yoldaşları, yaxud tanışları ilə gəlirlər, çünki işi səyyar, işlədiyi yer isə yoldan kənar olduğundan müştərini güc-bəla ilə yığır. Başqa kimin (kimlərin) işçisi kimi qələmə verilməsini, deyə bilməz. Belə adamlar varsa, onları şəxsən görmək istərdi. Aktlardan sonra onların əsasında cavabdeh idarənin rəisi cənab Şahin Eyyubov “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1638 nömrəli və **********1688 nömrəli qərarlarla onu Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsi və 58.10-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edib, üzərinə müvafiq olaraq 4000 manat və 1000 manat cərimə qoymuşdur. Hesab edir ki, 12 saylı Ərazi İdarəsinin məmurları onun səyyar çayçıda yaxşı qazanc əldə etməyini düşündüyündən haqqında bu əsassız aktları tərtib etmişlər. O, əsassız aktlar nəticəsində inzibati məsuliyyətə cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 21 fevral 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmiş və əlavə olaraq anası X5 yanında çay içdiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamasına, vergi və digər məcburi ödənişləri həyata keçirməsinə, əsas fəaliyyət növü çayxanalar tərəfindən xidmətlərin göstərilməsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyatdan keçmiş nəzarət-kassa aparatı, eyni zamanda əmək müqaviləsi hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud olmamışdır. Bu səbəbdən də cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvanda operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli **********3443 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. Sözügedən qərar Vergi Məcəlləsinin 50.1.3-cü və 50.1.7-ci maddələrində əks olunmuş əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. xx.xx.2022-ci il tarixli **********3443 nömrəli qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırki işdə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Göygöl rayonu, Aşıqlı kəndində xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, eyni zamanda AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 007881 nömrəli və 012896 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş və iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli, **********1638 nömrəli və **********1688 nömrəli qərarlarının qanuniliyinin yoxlanılmasıdır. İş materiallarında olan fiziki şəxs haqqında məlumatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. -“Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3443 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı məxsus Göygöl rayonu, Aşıqlı kəndində yerləşən çayxanada nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -“Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********3463 nömrəli tələbnamənin təsdiqlənmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı elektron informasiya daşıyıcılarının, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqavilələri (kontraktlar), müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti, nəzarət kitabçaları tələb edilmişdir. -“Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX 007881 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. -“Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, DVX 012896 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması müəyyən olunmuşdur. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli, **********1638 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli, **********1688 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. -“Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********1639 nömrəli tələbnamədən görünür ki, büdcəyə ödənilməli olan 4000 manat vəsaitin xx.xx.2022-ci il tarixədək Göygöl YXO-nun AZ43CTRE******************** nömrəli hesabına ödənilməsi tələb edilmişdir. -“Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********1689 nömrəli tələbnamədən görünür ki, büdcəyə ödənilməli olan 1000 manat vəsaitin xx.xx.2022-ci il tarixədək Göygöl YXO-nun AZ43CTRE******************** nömrəli hesabına ödənilməsi tələb edilmişdir. - iş materiallarına əlavə edilmiş X4 xx.xx.2022-ci il tarixli izahatında qeyd edilmişdir ki, sonuncu 2022-ci ilin iyul ayının ortasından əmisi oğlu İddiaçı (hazırki iş üzrə iddiaçı) yanında saat 18:00-dan 23:00-a dək gündəlik nağd olaraq 5 (beş) manat müqabilində işləmişdir. - iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı və X8 izahat verməkdən imtina etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********3463 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Göygöl rayonu, Aşıqlı kəndində yerləşən çayxanada operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 2 nəfər fiziki şəxsin, yəni X7 və X5 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli, DVX 007881 nömrəli akt və müştəri tərəfindən xidmət müqabilində ödənilmiş 17 (on yeddi) manat nağd pulun müqabilində nəzarət-kassa aparatının çekinin vurulmadığı və müştəriyə təqdim olunmadığı aşkar olunmuş, bu barədə isə xx.xx.2022-ci il tarixli, DVX 012896 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli, **********1638 nömrəli və **********1688 nömrəli qərarlarla İddiaçı Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda); 16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı; 16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti; 16.1.8.4. qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı; 16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti -23.1.1-ci maddəsinə əsasən Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. -50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması operativ vergi nəzarəti tədbirlərinə aiddir. -50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərinə aiddir. -50.2.4-cü maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarətinin həyata keçirilir. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.7 və 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qərarlar qanunveriliciyin tələblərinə əməl edilməklə qəbul edilmişdir. Belə ki, iddiaçı ərizəsində də etiraf etmişdir ki, nəzarət-kassa aparatından fəaliyyət göstərir. Bu halı isə bütün ödənişləri problemsiz qəbul etməsi, həmçinin müştərilərin az olması ilə əsaslandırmışdır. Lakin qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçının qeyd etdiyi əsas nəzarət-kassa aparatlarının tətbiqini istisna etmir. Cavabdeh tərəfindən qəbul edilmiş 21 sentyabr 2022-ci il tarixli, **********1638 nömrəli qərarla bağlı isə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, X7 faktiki olaraq əmək müqaviləsi qüvvəyə minmədən 2022-ci ilin iyul ayının ortasından əmisi oğlu İddiaçı obyektində saat 18:00-dan 23:00-a dək gündəlik 5 (beş) manat müqabilində işləmişdir. Bundan əlavə izahatdan görünür ki, qeyd olunan hallar iddiaçı tərəfindən X1 ilə yazılmışdır. Digər şəxs X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı isə məhkəmə işin faktiki hallarına əsasən qənaətə gəlmişdir ki, iddiaçı ərizəsində aktların tərtib edilməsi zamanı yanında yalnız X4 olmasını göstərmiş, lakin məhkəmə iclasında anası X5 da çay içmək üçün orada olmasını bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş aktdan da Səliqə Əliyevanın orada olması öz təsdiqini tapır. İddiaçının ərizəsində və məhkəmə iclasında bildirdiyi ziddiyyətli fikirlər X5 çayxanada işləməməsi barədə məhkəmədə şübhə doğurmur. Odur ki, məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi dəlilləri iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla qarşılıqlı təhlil edərək o qənaətə gəlmişdir ki, iddiaçının dəlilləri heç bir hüquqi əsası olmayan, məsuliyyətdən boyun qaçırma məqsədi daşıyır. Belə ki, iddiaçı dolayı yolla da olsa vergi qanunvericiliyinin sözügedən normalarını pozduğunu etiraf etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər: Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli, **********1638 nömrəli və **********1688 nömrəli qərarlar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli, **********1638 nömrəli və **********1688 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar