Məhkəmə qərarları › İş №2-1(114)-288/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-288/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-288/2024 19.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması və ona xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi barədə qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “ona xx.xx.2017-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması və ona xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi barədə qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli əmrinə əsasən xəstəliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən təxris olunmuşdur. O, səhhətində olan problemlərlə bağlı müalicə alsa da, müsbət nəticəsi olmamışdır. Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçıya münasibətdə xx.xx.2021-ci il tarixdə tibbi göndəriş tərtib olunaraq qiymətləndirilməsi üçün TSEK-ə göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. İddiaçı da bununla razışmır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı mübahisə üzrə iddia da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). İş materiallarından görünür ki, iddiaçının sonuncu dəfə əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. İddiaçı isə məhkəməyə məcburetmə haqqında iddia növü ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin məzmunundan bəlli olur ki, iddiaçı müalicə almış, mütəmadi olaraq müvafiq dövlət orqanları ilə yazışmalar həyata keçirmiş və ona məsələnin həll ediləcəyi barədə verilmiş vədlərə əsasən gözləmə mövqeyində olmuşdur. Lakin iddia qaldırılan günədək gözləməsinə baxmayaraq ona əlillik təyin edilməmiş və belə olan halda, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddiaçının bu arqumenti ilə bağlı qeyd edir ki, bu hal üzürlü səbəb hesab edilə bilməz. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı məhkəməyə həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması və ona xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi barədə qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar