Məhkəmə qərarları › İş №2-1(114)-2882/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2882/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2882/2022 14.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar kimi vergi orqanında uçota və ƏDV qeydiyyatına alınmışdır. Sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y ST-nın cənubu, Lökbatan-Xosəsən yolunun cənub-şərq hissəsi ünvanından yerləşən Sədərək firması mağazası vergi orqanında uçota alınıb, həmin təsərrüfat subyektində nəzarət kassa aparatı quraşdırılaraq vergi orqanında qeydiyyatdan keçirilmişdir. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin qərarı əsasında sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y ST-nın cənubu, Lökbatan-Xosəsən yolunun cənub-şərq hissəsi ünvanından yerləşən Sədərək firması mağazasında xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı heç bir e-qaimə olmadan müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satımasına görə xx.xx.2021-ci il tarixli DVX seriyalı 006402 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasındaalınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. İlk öncə bildirilir ki, operativ vergi nəzarətinin keçirilməsi barədə qərar, Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, operativ vergi nəzarəti aktı, yoxlama vaxtı tərtib olunmuş protokol və nümayəndənin yazdığı izahat onlara təqdim olunmamışdır. Yalnız 09.2022-ci il tarixli **********7949 saylı Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarı onlara göndərilərkən xx.xx.2022-ci il tarixli 006402 saylı OVN aktının surəti iddiaçıya təqdim olunmuş, digər sənədlər təqdim olunmamışdır. Buda onu deməyə əsas verir ki, yoxlamanı həyata keçirən qurum formal rəsmiləşdirmə əməliyyatlarını belə düzgün aparmadığından sənədləri iddiaçıya təqdim etməmişdir. İlk növbədə qeyd edilir ki, iddiaçının fəaliyyəti pərakəndə olduğu halda nəzarət kassa aparatı ilə satış həyata keçirdiyi halda ona maliyyə sanksiyası tətbiq olunub. Mağaza pərakəndə satış sırasında yerləşir və NKA qoyulub və satış kassaya mədaxil olunur. Halbuki, VM-nin 58.13-cü maddəsinə topdan satış olduğu halda e-qaimə verilməmədiyi halda maliyyə sanksiyası tətbiq olunması nəzərdə tutulur. Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə Qərarda göstərilməsi məcburi olan tələblər var. Belə ki, həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Göründüyü kimi, tədbirinhansı dövrə aid edilməsinə dair heç bir qeyd yoxdur ki, bu da səbəbsiz deyil. Yuxarıda göstərilənlərin davamı kimi qeyd edək ki, bu tədbirin mahiyyəti də ondan ibarətdir ki, keçirildiyi müddət həm də tədbirin dövrünü əhatə edir. Qanunverici vergi nəzarətinin əvvəlki dövrə şamil edilməsini yalnız səyyar və kameral vergi yoxlamalarında müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. İddiaçı hesab edir ki, sadalanan əhəmiyyətli pozuntular - operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda vergi orqanıin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün hər hansı mənbəyi bəlli məlumatın mövcud olmaması mübahisənin mahiyyəti araşdırılmadan inzibati aktın ləğvi üçün əsasdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən (bundan sonra Baş İdarə) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heybət D/Y st-nın cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2022-ci il tarixdə Baş İdarə tərəfindən X2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heybət D/Y st-nın cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura tələb olunduğu halda heç bir elektron qaimə-faktura verilmədən 898224 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2022-ci il tarixli 006402 nömrəli akt tərtib edilmişdir. Həmin akt X4 tərəfindən imzalanmamış, lakin aktın bir nüsxəsini qəbul etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********7949 nömrəli qərarı ilə X2 89822,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7115 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə (Sədərək firması) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********7949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 89822.40 (səksən doqquz min səkkiz yüz iyirmi iki manat, qırx qəpik) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********7115 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə İddiaçı fəaliyyəti barədə operativ vergi nəzarəti təyin edilmiş və aparılmış nəzarət tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixli 006414 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında xx.xx.2022-ci il tarixli **********7949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı qeyd olunan qərarı mübahisələndirmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7949 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllənin:- -13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: -50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə görə operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə görə operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə-malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın:- 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3-cü bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərini və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7115 nömrəli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7115 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POSterminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesabfakturası təqdim edirlər. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanının iddiaçıya məxsus mağazada quraşdırılmış NKA-ya ümumi məbləği 898224 manat olmaqla 866 sayda çek vurulması hallarının onun topdansatış fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirməsi əsassız sayılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********7949 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7949 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7949 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar