Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2883/2023 05.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2008-ci ildən 2010-cu ilədək işlədiyi illərin güzəştli şərtlərlə sosial sığorta stajına hesablanmasının öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra xx.xx.1978-ci il tarixdən xx.xx.2001ci il tarixədək müxtəlif idarələrdə sürücü işləmişdir. Daha sonra isə 2008-ci ildən 2010-cu ilədək VÖEN üzrə bütün ödənişlərini, o cümlədən vergiləri və sosial ödəmələri vaxtlıvaxtında edərək, qanuni “taksi” fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 2008-ci ildən 2010cu ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 2008-2010-cu illər üzrə ödənilmiş sosial sığorta haqlarının sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli qərardadla iddia dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 2008-ci il, 2009-cu il və 2010-cu il üzrə şəxsin hesabına ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində (X1 Sisteminin Sığorta (Hesabat) altsisteminin statistika bölümündə) aşkar edilməmişdir. İddiaçının fərdi hesabında sözügedən illər üzrə məcburi sığorta haqlarının ödənilməməsi səbəbindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınması qanunvericiliyə uyğun deyildir. Buna görə də, iddiaçının ümumi stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş SHXÇDX-nin xx.xx.2023-cü il tarixli, 78 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət keçmişdir. -surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müxtəlif idarələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -surəti işə əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 2008- 2010-cu illər üzrə DSMF-nin Bərdə rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər edilmişdir. -AR ƏƏSMN tabeliyində DSMF-nin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S-76121/2023 nömrəli məktubunun surətindən görünür ki, Nazirliyin elektron proqram təminatlarında İddiaçı aid 2008-2010-cu illər üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə, iddiaçı 2008-2010-cu illər üzrə DSMF-nin Bərdə rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər etmişdir. İddiaçı cavabdehə müraciət edərək məcburi dövlət sosial sığorta haqları ödədiyi dövrlərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmiş, lakin Nazirliyin elektron proqram təminatlarında İddiaçı aid 2008-2010-cu illər üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilmədiyindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2. maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. -22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun yuxarıda qeyd olunan normalarının məzmunundan da aydın olur ki, sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanır. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müxtəlif idarələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda 2008-2010-cu illər üzrə DSMF-nin Bərdə rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər etmişdir. Qeyd olunanlar iş materiallarına əlavə edilmiş, arayış, əmək kitabçası və müvafiq ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Cavabdehin müvafiq etirazı ilə müəyyən olunur ki, iddiaçının 2008-2010-cu illər üzrə şəxsin hesabına ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində (X1 Sisteminin Sığorta (Hesabat) altsisteminin statistika bölümündə) aşkar edilmədiyindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının cavabdehin müvafiq tabe qurumu tərəfindən bazaya işlənməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Çünki qeyd olunan ödənişlərin edilməsini təsdiq edən müvafiq qəbzlər DSMF-nin Bərdə rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2023-cü il tarixdə artıq tələb olunan yaş (65 yaş 6) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Odur ki, iddiaçının 2008-2010-cu illərdə məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 2008-2010-cu illərdə məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2883/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2883/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver