Məhkəmə qərarları › İş №2-1(114)-2884/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2884/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2884/2023 25.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının pensiya məbləğindən tutulmanın dayandırılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh orqan və ya Mərkəzi Filial) qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehin ondan 3213.06 manat məbləğin tutulmasının dayandırılması tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

2. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubda onun əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 93-ə bölünməli olduğu halda 45-ə bölündüyünün və nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3213.06 manat məbləğin artıq hesablanıb ödənildiyinin aşkar edildiyi, bu səbəbdən artıq ödənilmiş 3213.06 manat məbləğin əlilliyə görə əmək pensiyasının aylıq məbləğindən tutulmaqla DSMF-nin hesabına bərpa olunacağı bildirilmişdir.

3. Məhkəmənin icraatında olan 2-1(114)-2837/2023 nömrəli inzibati işin materiallarından surəti çıxarılaraq, hazırkı işin materiallarına əlavə edilmiş: - Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ilə iddiaçının İİ dərəcə əlilliyə görə aldığı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanuna əsasən yenidən hesablanmış və aldığı 333.79 manat pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 269.19 manat məbləğində müəyyən edilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasən ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsaitin aylıq pensiya məbləğindən tutulması qərara alınmışdır. - İddiaçı cavabdeh orqana qarşı Bakı İnzibati Məhkəməsində cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehin ondan 3213.06 manat məbləğin tutulmasının dayandırılması tələbinə dair iddia qaldırmış, iddia ərizəsi icraata qəbul edildikdən sonra təyin edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iddiaçının pensiya məbləğindən hər hansı tutulma aparılmadığını, iddiaçının pensiya məbləğinin xx.xx.2022-ci il tarixli 151302 qərarla yenidən hesablanaraq 333.79 manatdan 269.19 manata endirildiyini bildirmiş, iddiaçı bundan sonra həmin iclasda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-2289/2023 saylı qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmiş, eyni tarixli digər qərardadla isə həmin inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin iş icraata qəbul edilərək, hazırlıq icraatı üzrə iclas xx.xx.2023-cü il tarixə təyin edilmişdir. - İddiaçının X1 Sistemindən elektron çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə 383.79 manat, xx.xx.2022-ci il tarixdə 333.79 manat, xx.xx.2022-ci il tarixdə 333.79 manat, xx.xx.2022-ci il tarixdə 319.19 manat, xx.xx.2022-ci il tarixdə 269.19 manat, xx.xx.2022-ci il tarixdə 269.19 manat, xx.xx.2022-ci il tarixdə 319.19 manat, xx.xx.2022-ci il tarixdə 269.19 manat məbləğində pensiya ödənişi edilmiş, tutulma məbləği isə 0 manat təşkil etmişdir.

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ondan 3213.06 manat məbləğin tutulmasının dayandırılmasının üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)- 5896/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 saylı məktubu ilə ondan artıq ödənilmiş 3213.06 manat məbləğinin onun əlilliyə görə əmək pensiyasının aylıq məbləğinin tutulması barədə yazılmışdı. Filialın xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəməyə müraciət etməlidir. Cavabdeh tərəfindən onun pensiyasından 3213.06 manat tutulmasını qanunsuz və əsassız hesab edir. Çünki, həmin məbləğ ondan tutulmamalıdır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

8. Belə ki, hazırkı iş materialları, o cümlədən məhkəmənin icraatında olan digər 2- 1(114)-2837/2023 nömrəli inzibati işin materiallarından surəti çıxarılaraq, hazırkı işin materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçıya xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ilə iddiaçının İİ dərəcə əlilliyə görə aldığı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanuna əsasən yenidən hesablanmış və aldığı 333.79 manat pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 269.19 manat məbləğində müəyyən edilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasən ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsaitin aylıq pensiya məbləğindən tutulması qərara alınmışdır. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubda artıq ödənilmiş 3213.06 manat məbləğin əlilliyə görə əmək pensiyasının aylıq məbləğindən tutulmaqla DSMF-nin hesabına bərpa olunacağı bildirilmişdir.

9. İddiaçı Mərkəzi Filial tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubda ona artıq ödənilmiş 3213.06 manat məbləğin əlilliyə görə əmək pensiyasının aylıq məbləğindən tutulacağı göstərildiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehin ondan 3213.06 manat məbləğin tutulmasının dayandırılmasını xahiş etmişdir.

10. Halbuki, iddiaçı cavabdeh orqana qarşı Bakı İnzibati Məhkəməsində cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehin ondan 3213.06 manat məbləğin tutulmasının dayandırılması tələbinə dair iddia qaldırmış, iddia ərizəsi icraata qəbul edildikdən sonra təyin edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iddiaçının pensiya məbləğindən hər hansı tutulma aparılmadığını, iddiaçının pensiya məbləğinin xx.xx.2022-ci il tarixli 151302 qərarla yenidən hesablanaraq 333.79 manatdan 269.19 manata endirildiyini bildirmiş, iddiaçı isə həmin iclasda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-2289/2023 saylı qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmiş, eyni tarixli digər qərardadla isə həmin inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin iş icraata qəbul edilərək, hazırlıq icraatı üzrə iclas xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

12. Yuxarıda sadalanan halları ümumiləşdirdikdə, belə məlum olur ki, iddiaçının İİ dərəcə əlilliyə görə aldığı 333.79 manat pensiyası yenidən hesablama nəticəsində Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixdən 269.19 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarla eyni zamanda pensiyanın sığorta hissəsinin məbləğinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsaitin aylıq pensiya məbləğindən tutulması qərara alınsa da, iddiaçının X1 Sistemindən elektron çıxarışdan müəyyən edilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə 269.19 manat, xx.xx.2022-ci il tarixdə 269.19 manat, xx.xx.2022-ci il tarixdə 319.19 manat, xx.xx.2022-ci il tarixdə 269.19 manat məbləğində pensiya ödənişi edilmiş, tutulma məbləği isə 0 manat təşkil etmişdir.

13. Yəni, iddiaçının pensiyasından tutulma aparılmamış, yalnız yenidən hesablama nəticəsində müəyyən edilmiş 269.19 manat xx.xx.2022-ci il tarixdən ona ödənilməyə başlanılmışdır. Bu halı işə Bakı İnzibati Məhkəməsində baxılarkən cavabdeh orqanın nümayəndəsi də öz izahatında göstərərək, iddiaçının pensiya məbləğindən hər hansı tutulma aparılmadığını bildirmiş və məhz bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə qəbul edilərək, həmin tələbə baxılması üçün iş Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş icraata qəbul edilərək, hazırlıq iclası təyin edilmişdir.

14. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən iddiaçıya artıq ödənilmiş 3213.06 manat məbləğində pulun onun pensiyasından tutulması halı müəyyən edilmədiyinə görə onun cavabdeh orqan tərəfindən subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya onun qanunla qorunan hüquq və azadlıqlarının pozulması faktı müəyyən edilməmişdir.

15. Digər tərəfdən, iddiaçının pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsaitin aylıq pensiya məbləğindən tutulması Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ilə qərara alınmışdır ki, hazırda iddiaçı həmin qərarı mübahisələndirmişdir və iş Gəncə İnzibati Məhkəməsinin icraatındadır.

16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 15.4 İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Bənd 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

17. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması müəyyən edilmədiyindən, yəni cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, digər tərəfdən iddiaçı hazırkı iddianı qaldırmaqda mövcud olan hüquqi marağını təmin edəcək oxşar tələblə məhkəməyə müraciət etdiyindən və həmin iş İnzibati Məhkəməsinin icraatında olduğundan hazırkı iddia mümkün sayılmamalıdır.

18. Sonda məhkəmə onu da qeyd edir ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmasa da, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin xətanın aradan qaldırılmasından, eyni zamanda iddiaçının dinlənilməsindən icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin ediləcəyi və həmin xətanın aradan qaldırılacağı halda belə, bu iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır.

19. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar