Məhkəmə qərarları › İş №2-1(114)-2887/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2887/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2887/2023 31.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair işə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun əlilliyinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar alması ilə bağlı olmasının müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1981-2001-ci illərdə hərbi xidmətdə olmuş, Qarabağ uğrunda gedən döyüşlərdə Ağdərə ətrafında yaralanıb əlillik almış, əlilliyinin səbəbi isə hərbi xidmət vəzifələrini yerinə yetirilməsi ilə bağlı olduğu üçün ona bu məzmunda əlillik verilmişdir. 2021-ci ildə isə əlilliyini dəyişib, ümumi əlillik verilmişdir. Ona görə də məhkəməyə, müraciət edib əlilliyinin səbəbini hərbi xidmət vəzifələrini yerinə yetirərkən almağı müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmək məcburiyyətindədir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarının qismən ona aid hissədə ləğv edilməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dəyişdirilmiş, həmçinin həmin tarixli qərardadla iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə 35 vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Gəncə şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.11 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə səbəb-əlaqənin dəyişməsi məqsədilə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-cı il tarixli 260 nömrəli Qərarı verilmişdir. Həmin qərarda "Hər iki budun, sağ pəncənin çoxsaylı qəlpə yaralanmaları, sol bud sümüyünün distal epifizində metal qəlpə ilə sol bud sümüyünün orta 1/3-nin kənarı deşilmiş sınığı" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki budun yuxarı 1/3-də, döş qəfəsinin ön səthində çapıq qeyd olunmuş, hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar edilməmişdir. Eyni zamanda sağ diz oynağının endoprotezləşməsi əməliyyatı olunduğunu bildirmiş, xx.xx.2022-ci il tarixli təsdiqləyici rentgenoloji müayinə nəticəsi təqdim etmişdir. Hərbi qərarda göstərilmiş travma nahiyyələri endoprotezləmə nahiyyəsinə müvafiq gəlmədiyindən, hazırda əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" yə uyğun olaraq xx.xx.2021-ci tarixli Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı “Keçirilmiş hər iki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyünün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 3-də 1-i kənarı deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə.” diaqnozuna əsasən “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəbi ilə xx.xx.2001-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə əlillik, eyni diaqnoza əsasən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbi ilə xx.xx.2014-cü il tarixdə 2 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik, “budun açıq yarası, Odlu silahla yaralanmasından sonra sağ budun aşağı 1\3-nin iç-tış,sağ diz oynağının iç-tıç.sol budun orta 1\3-nin iç-tış, aşağı 1\3-on arxa sol diz oynağının arxa səthlərində dartıcı çapıq toxumaları,sağ diz oynağının total endoprotez əməliy-an sonra, oynağın qeyri-stabilliyi, açıcı-bükücü kəskin kontrakturası” diaqnozuna əsasən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarından görünür ki, 35 vətəndaşın əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və İddiaçı barəsində xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı “Keçirilmiş hər iki budun sağ pəncənin çox saylı qəlpə yaralanmaları, sol bud sümüyünün distal epifizindən metal qəlpə ilə sol bud sümüyünün orta 3-də 1-i kənarı deşilmiş sınığından davamlı qalıq əlamətləri. Yeriş funksiyasının pozulması ilə.” diaqnozuna əsasən “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəbi ilə xx.xx.2001-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə əlillik, eyni diaqnoza əsasən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbi ilə xx.xx.2014-cü il tarixdə 2 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik, “budun açıq yarası, odlu silahla yaralanmasından sonra sağ budun aşağı 1/3-nin iç-tış,sağ diz oynağının içtıç.sol budun orta 1/3-nin iç-tış, aşağı 1/3-on arxa sol diz oynağının arxa səthlərində dartıcı çapıq toxumaları,sağ diz oynağının total endoprotez əməliy-an sonra, oynağın qeyristabilliyi, açıcı-bükücü kəskin kontrakturası” diaqnozuna əsasən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Bundan sonra əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən iddiaçı ilə birgə 35 vətəndaşın əyani müayinəsi həyata keçirilmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspert Komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarı ilə İddiaçı barəsində xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı hazırda sözügedən qərarı mübahisələndirərək həmin qərarın ona aid hissədə ləğv edilməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” verilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, iddiaçıya dair əvvəlki əlillik təyinatı ilə bağlı sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ” səbəbi ilə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli təyinatla bağlı sənəddən görünür ki, iddiaçıda hərbi əməliyyatlarla bağlı alınmış travmalar qalsa da, sağ diz oynağının total endoprotez əməliyyatına görə ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir. Qeyd edilməlidir ki, sonuncu təyinata əsas kimi qeyd edilən travmanın ilkin səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar alınmış travmalar olmasına baxmayaraq cavabdeh tərəfindən əsassız olaraq əlilliyin səbəb-əlaqəsi dəyişdirilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatı zamanı əlilliyin səbəbəlaqəsinin dəyişdirilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarı qismən, iddiaçıya aid hissədə ləğv edilməli və ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının avqust 2022-ci il tarixli, **********4 nömrəli qərarı qismən, İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” olaraq dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar