Məhkəmə qərarları › İş №2-1(114)-2888/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2888/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2888/2024 29.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı cavabdehin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 01 fevral 2024-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-33-5100/2-Ş-000379/1-42 saylı arayışı ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin X1 və orqan transplantasiyası şöbəsinə müraciət etmiş, müayinə nəticəsində ona “B18.0-Delta amili virus mənşəli xroniki B hepatiti” diaqnozları qoyulmuş, xəstəyə “Canlı donordan qaraciyər transplantasiyası” əməliyyatı məsəhət görülmüşdür. xx.xx.2024-cü il tarixli, 24-3-2-2-408-9424-3 nömrəli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən X4 ilə İddiaçı atası X3 əməlində cinayətin tərkib əlamətləri olmadığından hər ikisi barəsində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli 10 nömrəli “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasın”nın qərarı ilə tərəflər arasında donor orqanlarının alqı-satqısına dair razılaşma olduğu müəyyən edilməsi səbəbi ilə, donor orqanının transplantasiyası qeyrimümkün hesab edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək həmin qaraciyər köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qaraciyəri serrozudur, yeni donor tapılmalı və qaraciyər köçürülməlidir. Bu barədə o cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası “ xx.xx.2024 cü il tarixdə qərar qəbul edilmiş, onun tapdığı donordan imtina edilərək həmin donorun transplantasiyası məqsədə uyğun hesab edilməmişdir. Onlar öz tanıdığı insana müraciət etmiş, o donor olmağa razı olmuşdur. Lakin Səhiyyə Nazirliyində transplantasiyası üzrə etika komissiyası xx.xx.2024 cü il tarixdə qərar qəbul edərək məqsədə uyğun hesab edilməmişdir. Onun donoru tapıldığı üçün həmin donorun transplantasiya edilərək ona köçürülməsi öhdəliyi Səhiyyə Nazirliyinin və həmin komissiyasının üzərinə qoyulmalıdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 01 fevral 2024-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbuı edilmişdir. Məhkəmə araşdırmasının predmetini xx.xx.2024-cü il tarixli 10 nömrəli “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasın”nın qərarı, xx.xx.2024-cü il tarixli, 24-3-2-2-408-9424-3 nömrəli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-33-5100/2-Ş-000379/1-42 saylı arayış və digər sənədlər təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçının məqsədi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 01 fevral 2024-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi məqsədini güdür. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərtlər də ödənilmişdir. Belə ki, hazırda mübahisələndirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 01 fevral 2024-cü il tarixli 10 nömrəli qərarında həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri əks olunmamışdır. Bu halda iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 58.1-ci maddəsinin tələbinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin qanunun 59.1.5-ci maddəsinə görə həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. Həmin qanunun 61.1-ci maddəsində qeyd edilir ki, yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Bu qanunun 61.2-ci maddəsinin tələbinə uyğun olaraq inzibati akt əsaslandırılarkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlər də müəyyən edilir ki, iddiaçıya “B18.0-Delta amili virus mənşəli xroniki B hepatiti” diaqnozları qoyulmuşdur. Cavabdeh orqan tərəfindən iddiaçıya tərəflər arasında donor orqanlarının alqısatqısına dair razılaşma olduğu müəyyən edilmiş və transplantasiyanın keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 24-3-2-2-408-9424-3 nömrəli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın məzmunundan da müəyyən edilir ki, 2018-ci ildən etibarən kəskin qara ciyər çatışmazlığından əziyyət çəkən xx.xx.1989-cu il təvəllüdlü İddiaçı cərrahi əməliyyatı üçün təxminən 2023-cü ilin noyabr- 2024-cü ilin yanvar aylarında sonuncunun atası X6 ilə Bərdə şəhər sakini X4 arasında 15.000 manat qarşılığında donor orqanlarının alqı-satqısına dair razılaşma olmasına əsaslı şübhələr müəyyən edilmiş, aparılan araşdırma nəticəsində toplanmış materiallar başa çatmış donor orqanlarının alqı-satqısı faktı müəyyən edilməmiş, toplanmış 38c-24 nömrəli materialda X4 və X3 əməlində cinayətin tərkib əlamətləri olmadığından hər ikisi barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanununa görə: 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. 16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir. 16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır; 16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. 16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 10 nömrəli “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasın”nın qərarı əsassız olmuş, iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 01 fevral 2024-cü il tarixli 10 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar