Məhkəmə qərarları › İş №2-1(114)-289/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-289/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-289/2024 06.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən ondan tələb edilən 6525,94 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-289/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı borcun silinməsinə dair Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixli, **********2 nömrəli, xx.xx.2022-ci il tarixli, 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ-101606/2023 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə ona İ dərəcə əlilliyə görə sosial müavinət və Prezident təqaüdü təyin olunmuş, lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəsinə əsasən ona təyin olunmuş əlillik etibarsız hesab edilmişdir. Buna görə də, ona ödənilən ödənişlər xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bundan sonra Dövlət Sosial Müdafiə X4 Şəxsin 18 saylı Regional Ərazi filialı tərəfindən **********2 nömrəli xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək ona ödənilmiş 6525,94 manat vəsaitin geri qaytarılması qərara alınmışdır. Əlillik dərəcəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilərkən onun hüquqları pozulmuş və ədalətsiz qərar qəbul edilmişdir. Həmçinin ödənilən vəsaitin geri qaytarılması barədə qərar da qanunsuz və əsassızdır. Hətta hesab etsək ki, ona ödənilən vəsaiti geri qaytarılmalıdır, yenə də sözügedən qərar qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 39.1-ci maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Lakin sözügedən qərara əsasən mənə təxminən 5 il 6 ay ərzində ödənilən bütün ödənişlərin geri alınması nəzərdə tutulmuşdur. O, bununlıa bağlı müraviət ünvanlasa da, cavabdeh orqan borcu silməkdən imtina etmişdir. O, hesab edir ki, həmin borc məhkəmə qaydasında silinməlidir. İş üzrə şifahi məhkəmə baxışı 06 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qəbul edir. İddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-132118/2024 nömrəli etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək İ dərəcə əlilliyə görə müavinət və təqaüd ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı əlilliyi etibarsız hesab edilmiş və nəticədə 6525,94 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0 1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Beləliklə, Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filalı X1 17.06 2014-cü il tarıxdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 6525,94 manat vəsaitin bərpasının icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərar qəbul etmişdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra — Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə X4 şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı üzrə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin ediməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-ci bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında", “İnzibatı icraat haqqında” və ”İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabınetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Nizamnaməsinin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı İdarə Heyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X3 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzıbati orqan hesab olunduğundan İnzibati icraat haqqında Qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən İnzibati icraat haqqında Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Sosial ödənişlənn təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol veniməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-105655/2023 nömrəli məktubdan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" alt sistemində olan məlumata əsasən xx.xx.2014-cü il tarixdən müddətsiz olaraq İİ dərəcə əlilliyi müəyyən edilməsinə baxmayaraq, iddiaçıya xx.xx.2014-cü il tarixdən İ dərəcə əlilliyə görə sosial müavinət təyin edilərək ödənişi xx.xx.2020-ci il tarixədək davam etdirilmişdir. Eyni zamanda altsistemdə olan məlumata əsasən xx.xx.2021-ci il tarixli müayinə zamanı iddiaçının tam reabilitasiya olması səbəbindən əlilliyin təyin edilməsindən imtina olunmasına baxmayaraq, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sosial müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən, ona artıq ödənilmiş sosial müavinət haqqında qərarın ləğv edilməsi (və ya dəyişdirilməsi) qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ-101606/2023 nömrəli qərarından görünür ki, İddiaçı TSERAS-da olan 39HVVJF50002 nömrəli müayinə aktına əsasən İİ dərəcəli əlillik təyin edildiyi halda İ dərəcəli əlilliyə görə sosial müavinət ödənildiyi üçün xx.xx.2014-xx.xx.2020-ci il tarixli dövrdə fərq məbləği üzrə artıqvermə müəyyən edilmişdir. Eyni zamanda 411682 nömrəli TSEK müayinə aktından çıxarışa əsasən vətəndaşa xx.xx.2014-cü il tarixindən müddətsiz İ dərəcəli əlillik təyin edildiyi qeyd olunduğu üçün əlillik məlumatlarının dəqiqləşdirilməsi üçün müvafiq sorğu göndərilmişdir. TSEK tərəfindən xx.xx.2021-ci il tarixli39HVVJF50003 nömrəli müayinə aktına əsasən diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Tam reabilitasiya olunduqdan sonra elektron qaydada təyin edilərək ödənilən xx.xx.2021xx.xx.2021-ci il tarixli dövr üzrə İİ dərəcəli əlilliyə görə müavinətin artıq ödənilmiş məbləği MMMF-nin **********1 nömrəli məktubuna əsasən Mərkəzi Filialın hesabına bərpa olunduğu müəyyən edilmişdir. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-130550/2024 nömrəli məktubdan görünür ki, təqaüd işinin materiallarına əsasən İddiaçı qarşı Fondun keçmiş 18 saylı regional ərazi filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********2 nömrəli təlkəbin icraya yönəldilməsi haqqında qərar qəbul edilmiş, sözügedən qərar əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. Sonradan İddiaçı təqaüd işinə yenidən baxılmış, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-İ- 101606/2023 nömrəli qərarına əsasən ona xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-İ-105655/2023 nömrəli məktubu ilə iddiaçıya sosial müavinət üzrə artıq ödəmənin müəyyən edilməsi ilə bağlı məlumat verilmişdir. Bundan başqa, İddiaçı aid müavinət işinin tərkibində iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən müddətsiz olaraq İİ dərəcə əlilliyi müəyyən edilməsinə baxmayaraq, xx.xx.2014-cü il tarixdən İ dərəcə əlilliyə görə sosial müavinət təyin edilərək ödənişi xx.xx.2020-ci il tarixədək davam etdirilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli müayinə zamanı iddiaçının tam reabilitasiya olması səbəbindən əlilliyin təyin edilməsindən imtina olunmasına baxmayaraq, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sosial müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Ümumilikdə iddiaçıya 6525,94 manat artıq ödəmə müəyyən olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ- 101606/2023 nömrəli qərarı ilə iddiaçıya artıq ödənilmiş məbləğin ondan tutulması qərara alınmışdır. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə ki, hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış və birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan hazırkı qərarlar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyasının tutulması barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, **********2 nömrəli, xx.xx.2022-ci il tarixli, 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ-101606/2023 nömrəli qərarlar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli, xx.xx.2022-ci il tarixli, 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-İ-101606/2023 nömrəli qərarları ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli, xx.xx.2022-ci il tarixli, 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ-101606/2023 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar