Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2890/2024 13.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və X5) “çıxarışda dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin **********06-10301 nömrəli çıxarışında adının “İddiaçı” kimi yazılmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh orqana ünvanlandığı ərizəyə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10186/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, təqdim edilmiş sənədlərdə hüquq sahibindən birinin adında uyğunsuzluğun olduğu, belə ki, sənəddə “X6” kimi qeyd olunduğu və İddiaçı ilə sənəddə qeyd olunan şəxsin eyni şəxs olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyindən icrası mümkün olmamışdır. İddiaçı qeyd edir ki, **********06-10301 nömrəli torpağın mülkiyyət hüququna dair çıxarışda adı “X6” göstərilmiş, bu isə onun mülkiyyət üzərində hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ T 233268 №-li doğum haqqında Şəhadətnaməyə əsasən, onun adı “İddiaçı” kimi qeyd edilmişdir. Həmçinin, ******* №-li hərbi biletdən görünür ki, iddiaçının adı “İddiaçı” kimi göstərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2890/2024 nömrəli qərardadı ilə iddia tələbi “çıxarışa düzəliş edilərək “X6” əvəzinə “İddiaçı” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2890/2024 nömrəli qərardadı ilə X4 və X5 adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2890/2024 nömrəli qərardadı ilə iddia tələbi “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunan “Elşən” adının “Elman” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, təqdim edilmiş sənədlərdə hüquq sahibindən birinin adında uyğunsuzluğun olduğu, belə ki, sənəddə “X6” kimi qeyd olunduğu və İddiaçı ilə sənəddə qeyd olunan şəxsin eyni şəxs olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edilmişdir. İddia ərizəsində göstərilən hallar araşdırılmış, aparılan araşdırma zamanı X6 adına verilmiş xx.xx.2013-cü il tarixli, **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Gəncə şəhəri, 1 saylı dövlət notariat kontorunun xx.xx.2022-ci il tarixli, 2V-1-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən verilmişdir. Həmin şəhadətnamədə mərhum X1 vərəsələri olaraq X4, X6 və X5 müəyyən edilmişdir. Hazırkı iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslığının araşdırılması yolverilməzdir. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, o, doğulanda ona Elman adı verilmiş, doğum akt qeydində adı Elman kimi yazılmışdır. Doğum akt qeydi kiril qrafikası ilə yazıldığından doğum haqqında şəhadətnamə verilərkən “m” hərfi “ş” hərfi kimi oxunmuş, bu səbəbdən adı Elşən kimi yazılmışdır. Sonradan qeydiyyat şöbəsinə müraciət edərək yeni doğum haqqında şəhadətnamə almış və həmin şəhadətnamədə adı Elman kimi qeyd olunmuşdur. Hazırda ona məxsus olan bəzi sənədlərdə adı Elşən, bəzi sənədlərdə isə Elman qeyd olunmuşdur. Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda da adı Elşən kimi yazılmış, bu isə onun hüquqlarının pozulmasına gətirib çıxarır. Ona görə də iddianın təmin olunmasını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan Elşən adının Elmana dəyişdirilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh orqan tərəfindən qanuni qaydada daşınmaz əmlakın dövlət reyestrindəki qeyd hüquq sahibləri tərəfindən təqdim edilmiş sənədlər əsasında aparılmışdır. Hazırkı iş üzrə qeydin aparılmasına əsas vərəsəlik şəhadətnaməsi və digər sənədlər olmuşdur. Həmin sənədlərdə iddiaçının adı Elşən kimi göstərilmişdir. “Elşən”in “Elman” olduğunu təsdiq edən hər hansısa bir sənəd müraciətə əlavə olunmamışdır. Səhvlik olubsa belə, iddiaçı öz adını Elşən kimi qəbul etmişdir. İddiaçıya məxsus olan bəzi sənədlərdə iddiaçının adı Elşən, bəzi sənədlərdə isə Elman qeyd olunmuşdur. Həmçinin qeyd olunmaldır ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əgər qeydiyyat mülkihüquqi əqdlərin əsasında aparılmışdırsa, bu halda daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ona görə də iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında üçüncü şəxs X4 bildirmişdir ki, İddiaçı onun oğludur. Doğulduğu zaman iddiaçıya Elman adı verilmişdir. Bir çox sənədlərdə də iddiaçının adı Elman kimi qeyd olunmuşdur. Hazırda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda oğlunun adının Elşən qalması bir çox problemlər yaradır. İddia ilə razıdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda oğlunun adının Elmana dəyişdirilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında üçüncü şəxs X5 bildirmişdir ki, iddiaçı onun qardaşıdır. İddiaçıya hazırda “Elşən” deyə müraciət edirlər. İddiaçıya məxsus olan bəzi sənədlərdə iddiaçının adı Elşən, bəzi sənədlərdə isə Elman qeyd olunmuşdur. İddia ilə razıdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qardaşının adının Elmana dəyişdirilməsinə etiraz etmir. İşin halları xx.xx.1970-ci il tarixli, 554 nömrəli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Məmmədov X3 şəhərində anadan olmuş, “ata haqqında məlumat” qrafasında X8 və “ana haqqında məlumat” qrafasında X4 göstərilmişdir. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-T 233268 №-li doğum haqqında Şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1970ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqə İddiaçı məxsusdur. 1988-ci il may tarixli, НЗ ******* №-li hərbi biletdə ad, soyad və ata adı qrafasında “İddiaçı” göstərilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə, xx.xx.2003-cü il tarixli 5861 nömrəli Qeydiyyat vəsiqəsində, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli Sərəncamında, xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda iddiaçının adı “X6” kimi göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X4, X6, X5 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat Şöbəsinin 3-16-5/8-11-1922 №-li məktubuna əsasən, İddiaçı xx.xx.1970-ci ildə Gəncə şəhərində anadan olmuş, barəsində xx.xx.1970-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində doğum haqqında akt qeydi tərtib olunmuş və adı “Elman” kimi yazılmışdır. Bununla bağlı elektron informasiya sistemində olan həmin akt qeydinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, doğum haqqında akt qeydi kiril əlifbası ilə yazıldığı üçün “Elşan” kimi qeyd olunmuşdur. Hazırda qeyd olunan uyğunsuzluğa tərəflərindən düzəliş edilmiş və elektron informasiya sistemi ilə akt qeydi eyniləşdirilərək adı “Elman” kimi düzəldilmiş, xx.xx.2023-cü il tarixdə AZ-T seriyalı 233268 №-li təkrar doğum haqqında şəhadətnamə verilmişdir. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışına əsasən, İddiaçı xx.xx.2013-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı adının, ata adının və soyadının dəyişdirilməsi haqqında akt qeydi aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, təqdim edilmiş sənədlərdə hüquq sahibindən birinin adında uyğunsuzluğun olduğu, belə ki, sənəddə “X6” kimi qeyd olunduğu və İddiaçı ilə sənəddə qeyd olunan şəxsin eyni şəxs olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydaları
3. Dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklərin və düzəlişlərin daxil edilməsi 43.1. Dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfindən hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünsüzlüyü ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı nə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüququ, nə həmin qeydin aparılmasına əsas olan sənədi, nə də həmin qeyddə səhv olduğunu mübahisələndirir. İddaçının hazırkı iş üzrə hüquqi marağı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan Elşən adının hazırda onun şəxsiyyətini müəyyən edən sənədlərdə olduğu kimi Elman adına dəyişdirilməsidir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə, xx.xx.2003-cü il tarixli 5861 nömrəli Qeydiyyat vəsiqəsində, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli Sərəncamında, iddiaçının adı “Elşən” kimi göstərilmişdir. Məhz həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydi həmin sənədlər əsasında aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il qeydiyyat tarixli çıxarışda iddiaçının adı “Elşən” qeyd olunmuşdur. Həmçinin işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan xx.xx.1970-ci il tarixli, 554 nömrəli doğum haqqında akt qeydində, xx.xx.2023-cü il tarixli, AZ-T 233268 №li doğum haqqında Şəhadətnamədə, AA******* nömrəli şəxsiyyət vəsiqəsində, 1988-ci il may tarixli, НЗ ******* №-li hərbi biletdə sonuncunun adı Elman kimi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı doğum akt qeydində onun adı kiril qrafikası ilə Elman yazılmışdır. İddiaçıya doğum haqqında şəhadətnamə verilərkən “m” hərfi “ş” hərfi kimi oxunmuş, nəticədə sonuncunun adı Elşən kimi qeyd olunmuşdur. Daha sonra iddiaçıya sənədlər həmin doğum haqqında şəhadətnamə əsasında verilmiş və adı sənədlərdə Elşən kimi yazılmışdır. İddiaçı daha sonra yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, ona yeni şəhadətnamə verilərkən adı Elman kimi yazılmışdır. Məhkəmə iclasında üçüncü şəxslər X4 və X5 iddiaçının şəxsiyyətini müəyyən edən sənədlərdə adının Elman kimi, mülkiyyət hüququnu təsdiq edən sənəddə isə Elşən kimi qeyd olunduğunu, bu halın sonuncunun hüququnu pozduğunu qeyd etmiş və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda iddiaçının adının “Elşən”dən “Elman”a dəyişdirilməsinə razı olduqlarını bildirmişlər. Məhkəmə qeyd edir ki, İddiaçı və onun yaxın qohumları olan üçüncü şəxslər X4 və X2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda iddiaçının adı “Elşən” qeyd olunmuşdur. Həmin qeydin aparılmasına əsas olan sənədlərdə də iddiaçının adı Elşən yazılmışdır. Cavabdeh orqan tərəfindən həmin şəxslərə dair mülkiyyət hüququ təqdim edilmiş sənədlərə əsasən qeydə alınıb iddiaçının adı Elşən yazılsa da, hazırda həmin qeyddə sonuncunun adının Elşən kimi qalması onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Belə ki, iddiaçının şəxsiyyətini müəyyən edən bütün sənədlərdə onun adı “Elman”dır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06-10301 reyestr nömrəli Çıxarışda qeyd olunan “Elşən” adının “Elman” adına dəyişdirilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06-10301 reyestr nömrəli Çıxarışda qeyd olunan “Elşən” adının “Elman” adına dəyişdirilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməlidir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva