Məhkəmə qərarları › İş №2-1(114)-2890/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2890/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2890/2025 24.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı “VAZ 21214” markalı, 20CC005 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun adına təkrar qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.2018-ci il tarixli AD 305350 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsinə əsasən “VAZ-21214” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır.

2. Daxili İşlər Nazirliyi Kriminasiltik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 25/8 nömrəli tədqiqat haqqında arayışında göstərilmişdir ki, aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, «Vaz-21214» minik markalı, baxış zamanı üzərində **-CC-*** dövlət qeydiyyat nişanları olan avtomobilin mühərrik bölümündə olan ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş ban nömrəsinində olan «*XTA212140A1956649*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin mühərrik bölümündə olan ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Avtomobilin arxa yük yerində olan ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş ban nömrəsində olan «*XTA212140A1956649*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin arxa yük yerində olan ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Avtomobildə zavod lövhəsi (birka) üzərində ban nömrəsini göstərən «XTA212140A1956649» hərf və rəqəmlərin 1-9-cu mövqelərində duran «XTA212140» hərf və rəqəmləri çap üsulu ilə qara boya ilə yazılmış, 10-17-ci mövqeyində duran «A1956649» hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə ilkin həkk edilmiş mühərrik nömrəsinin rəqəm göstəriciləri aşkar edilmədi. Mühərrik nömrəsinin rəqəm göstəriciləri sonradan kustar üsulla silinmişdir.

3. Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin “VAZ-21214” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı aparılmış araşdırmaya dair xx.xx.2025-ci il tarixli rəyə əsasən “VAZ-21214” minik markalı **-CC-*** nömrəli dövlət qeydiyyat nişanlı, universal tipli, ******* nömrəli mühərrik nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı avtomobilin qeydiyyat sənədlərində mühərrəkin nömrəsinin silinmə-nömrəsiz olması və ön hissəsində mühərrikxanada və arxa yük yerində olan XTA212140A1956649 ban nömrəsi ətrafında qaynaq işləri aparılması kimi qeydiyyata alınması məsələsinə baxılması üçün rəyin surətinin BDYPİ-nin Qİİ-nə göndərilməsi qərara alınmışdır.

4. İddiaçı “VAZ-21214” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə müraciət etmiş və həmin idarənin xx.xx.2025-ci il tarixli 3-13-16/2-18187/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, qeyd olunan “VAZ-21214” minik markalı, ******* mühərrik nömrəli, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərində mühərrik nömrəsinin silinmə-nömrəsiz olması və ön hissədə olan mühərrikxanada və arxa yük yerində olan XTA212140A1956649 ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X2 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-2646/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı məxsus "VAZ-21214" minik markalı, ağ rəngli, 2010-cu il buraxılışlı, **-CC-*** d.q.n-lı avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsi ******* (1690 sm3), ban nömrəsi avtomobilin qabaq sağ qənədi üzərində, arxa yük yerində və banın birkasında XTA212140A1956649 olduğu halda vətəndaş İddiaçı bildirdiyi kimi mühərrik nömrəsinin silinmə-nömrəsiz, hər iki ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması halı müəyyən olunduqda Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli “Yol hərəkəti haqqında” Qanununun 27-ci maddəsinin XİV bəndini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli Qərarından irəli gələn bir sıra normativ aktların təsdiq edilməsi barədə xx.xx.1999-cu il tarixli 190 nömrəli əmrin 9.1-ci bəndini rəhbər tutaraq nömrəli aqreqatlarda uyğunsuzluq aşkar edildiyi halda (mühərrik, ban, şassi və nömrə nişanları) avtomobilin müvəqqəti duracağa təmin edildikdən sonra toplanmış sənədlər araşdırılması üçün DİNnin Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilir. Araşdırmanın nəticəsinə dair müvafiq qərar qəbul edildikdən sonra vətəndaş qeydiyyat hərəkətləri üçün yenidən müraciət edir. Odur ki, vətəndaş İddiaçı müvafiq qaydalara uyğun olaraq ilk öncə araşdırılma aparılması üçün DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etməlidir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-89053/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, DİN Baş X2 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “VAZ-21214” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır (kompüter çıxarışı əlavə olunur). Qeyd olunan nəqliyyat vasitəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, məxsus “VAZ 21214” markalı, 20CC005 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, özünə məxsus "VAZ 21214" markalı, **-CC-*** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirməsinə köməklik göstərməsi ilə bağlı cavabdehə DİN Baş X2 İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, № 3-13-16 /2-18187/8025 saylı cavabında göstərilir ki, qeyd olunan "VAZ 21214" markalı, ******* mühərrik nömrəli, **-CC-*** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərində mühərrik nömrəsinin silinmə nömrəsiz olması və ön hissədə olan mühərrikxanada və arxa yük yerində olan XTA212140A1956649 ban nömrəsi ətrafinda qaynaq işlərinin aparılması səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X2 İdarəsinin Qeydiyyat-imtahan idarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. O, qeyd etmək istəyir ki, sözügedən avtomaşın onun şəxsi mülkiyyətində olmaqla 15 ildir ki, istismardadır, avtomaşını qəzaya uğradığına görə qaynaq işləri aparılmışdır. Hazırda avtomaşına hər hansı bir şəxsin tələbi və iddiası yoxdur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə əvəz edilmişdir.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “mülkiyyətində olan “VAZ 21214” markalı, 20CC005 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun adına təkrar qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2018-ci il tarixli AD 305350 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsi; - Daxili İşlər Nazirliyi Kriminasiltik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 25/8 nömrəli tədqiqat haqqında arayışı; - Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin “VAZ-21214” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı aparılmış araşdırmaya dair xx.xx.2025-ci il tarixli rəyi; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-18187/2025 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-2646/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-89053/2025 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli AD 305350 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsinə əsasən “VAZ-21214” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır.

25. İddiaçı “VAZ-21214” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə müraciət etmiş və həmin idarənin xx.xx.2025-ci il tarixli 3-13-16/2-18187/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, qeyd olunan “VAZ-21214” minik markalı, ******* mühərrik nömrəli, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərində mühərrik nömrəsinin silinmə-nömrəsiz olması və ön hissədə olan mühərrikxanada və arxa yük yerində olan XTA212140A1956649 ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X2 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.

26. Məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını qanunsuz və əsassız sayır.

27. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. V-İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Maddə 32. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası İ. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə görə: Bənd 1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. Bənd 1.3. Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Bənd 1.5. Nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texnikiuçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. Bənd 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. Bənd 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Bənd 4.1. Aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: - 1) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə; - 2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə; - 3) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə; - 4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə. Bənd 10. Dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

29. Hazırki iş materialları ilə müəyyən edilir ki, Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin “VAZ-21214” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı aparılmış araşdırma nəticəsində avtomobilin aşkar edilmiş qüsurla bağlı əməldə cinayət tərkibinin olması faktı müəyyən edilməmişdir. “VAZ-21214” minik markalı **-CC-*** nömrəli dövlət qeydiyyat nişanlı, universal tipli, ******* nömrəli mühərrik nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı avtomobilin qeydiyyat sənədlərində mühərrəkin nömrəsinin silinmə-nömrəsiz olması və ön hissəsində mühərrikxanada və arxa yük yerində olan XTA212140A1956649 ban nömrəsi ətrafında qaynaq işləri aparılması kimi qeydiyyata alınması məsələsinə baxılması üçün rəyin surətinin BDYPİ-nin Qİİ-nə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli rəy verilmişdir.

30. Həmin rəydə göstərilmişdir ki, “VAZ-21214” minik markalı **-CC-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil uçot göstəriciləri üzrə BDYPİ Qİİ-nin X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. “VAZ-21214” minik markalı **-CC-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat sənədlərindən göründüyü kimi avtomobil 2010-cu il buraxılışlı olmaqla 15 ildir ki, istismardadır.

31. Göründüyü kimi, iddiaçı hazırda təkrar qeydiyyata aldırmaq istədiyi “VAZ-21214” minik markalı **-CC-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə bağlı aparılmış araşdırma nəticəsində avtomobilin aşkar edilmiş qüsurla bağlı əməldə cinayət tərkibinin olması, həmin nəqliyyat vasitəsinin oğurlanmış və ya qaçırılmış olması halları müəyyən edilməmişdir.

32. Odur ki, cavabdeh orqanın həmin nəqliyyat vasitəsinin təkrar qeydiyyata alınmasından imtinası əsassız olmuşdur.

33. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. VAZ 21214” markalı, 20CC005 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına təkrar qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyatimtahan və texniki baxış şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar