Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2894/2025 16.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 02 dekabr 1992-ci ildən 22 yanvar 1993-cü il tarixədək olan 51 günün bir günü iki gün hesablanmaqla 102 günün xidmət illərinə əlavə edilməklə yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 02 dekabr 1992-ci ildən 22 yanvar 1993-cü il tarixədək olan 51 günün bir günü iki gün hesablanmaqla 102 günün xidmət illərinə əlavə edilməklə yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1965-ci il tarixdən xx.xx.1992-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmiş, Azərbaycan Respublikası DİN-in xx.xx.1992-ci il tarixli 1862 nömrəli əmri ilə “Sıravi və rəis heyətinin daxili işlər orqanlarından xaric edilməsi qaydaları barədə” Müvəqqəti Təlimatın 4-cü maddəsinin “a” bəndinə (xidmətdə olmanın son yaş həddinə görə) əsasən xx.xx.1992-ci il tarixdən daxili işlər orqanlarından xaric edilmişdir.
2. Daxili İşlər Nazirliyinin xx.xx.1993-cü il tarixli 102kr/h nömrəli əmri ilə Azərbaycan Respublikası DİN-nin 1862 nömrəli 02 sentyabr 1992-ci il tarixli əmrinin polis podpolkovniki İddiaçı, E-900843, haqqında olan hissəsinə qismən dəyişiklik edilərək o, 1992-ci ilin sentyabr ayının 01-dən dekabr ayının 02-dək Resp. DİN-nin sərəncamında hesab olunmuş və 02 dekabr 1992-ci il tarixdən 4 maddənin “a” bəndi ilə (yaşına görə) daxili işlər orqanlarından xaric edilmişdir. xx.xx.1992-ci ilə cəmi xidmət müddəti: təqvimi – 27 il, 05 ay, 09 gün, güzəştli – 28 il, 01 ay, 09 gün təşkil edir.
3. İddiaçı daxili işlər orqanlarında xidmət illərinin yenidən hesablanması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciətlərə, həmin orqanın Baş Kadrlar İdarəsinin 25 may 2016-cı il tarixli, 0xx/xx-23052M-321 nömrəli, 15 sentyabr 2016cı il tarixli, 0xx/xx-904014-3216 nömrəli, 13 oktyabr 2016-cı il tarixli, 0xx/xx-9463M-3216 nömrəli cavab məktublarında bildirilmişdir ki, X2 xidmət illərinin yenidən hesablanması barədə ərizələrinə baxılmış, onun daxili işlər orqanlarında xidmət müddəti imtiyazlı hesablanma ilə 29 il 09 ay 11 gün təşkil etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-251/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(104)-1381/2017 nömrəli, 13 iyun 2017-ci il tarixli qərarı İddiaçı 01 aprel 1992-ci ildən 02 dekabr 1992-ci ilə kimi 08 ay 03 gün müharibə şəraitində işləməsi və döyüş bölgəsində olması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 01 aprel 1992-ci il tarixdən 01 sentyabr 1992-ci il tarixədək, yəni 05 ay döyüş əməliyyatlarında iştirak müddəti 15 ay kimi nəzərə alınması, 15 ayın 05 ayı staj kimi hesablandığından, 10 ay iddiaçının stajına əlavə edilməsi və həmin ayların onun stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması, qərar mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-276/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı kassasiya şikayəti təmin edilməmiş, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin 22 aprel 2022-ci il tarixli, 0xx/xx-4077-1222 nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasnın 2-1(104)-251/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərarı icra edilmişdir.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli 0xx/xx-55923M3M nömrəli məktubla imtiyazlı xidmət müddətinə aid müvafiq sənədlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarı, Azərbaycan Respublikası DİN-in 08 may 1992-ci il tarixli 245 nömrəli əmri, Azərbaycan Respublikası DİN-in 30 sentyabr 1992-ci il tarixli 629 nömrəli əmri, Azərbaycan Respublikası DİN-in 24 may 1994-cü il tarixli 257 nömrəli əmri, SSRİ DİN-in 09 aprel 1992-ci il tarixli 022 nömrəli əmri, Qazax RDİŞ-in 06 noyabr 1990-cı il tarixli 44 nömrəli əmri ilə əlaqədar Qazax RPŞ-nin xx.xx.2017-ci il tarixli məktubu, arxiv şəxsi işinin xidmət siyahısının Qazax RDİŞ-in 06 noyabr 1990-cı il tarixli 44 nömrəli əmrinin ona aid olan hissəsinin qeyd olunduğu vərəq) İddiaçı ünvanlanmışdır.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli 022/26-567M-32 nömrəli məktubla Azərbaycan Respublikası DİN-in xx.xx.1985-ci il tarixli 274ş/h nömrəli, xx.xx.1990-cı il tarixli 463ş/h nömrəli, xx.xx.1990-cı il tarixli 530ş/h nömrəli, xx.xx.1990-cı il tarixli 1220ş/h nömrəli, xx.xx.1992-ci il tarixli 1315ş/h nömrəli, xx.xx.1993-cü il tarixli 102ş/h nömrəli əmrləri İddiaçı ünvanlanmışdır.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı təqvimi hesablama ilə 27 il 05 ay 10 gün, imtiyazlı hesablama ilə 29 il 09 ay 11 gün təşkil etməsi barədə xx.xx.2022-ci il tarixdə yeni hesablama vərəqi tərtib edilmiş və xx.xx.2022-ci il tarixli məktubla Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək olan 30 ay 05 gün üçün ona verilməmiş yarım oklad vəzifə əmək haqqının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona ödənilməsi, müharibə şəraitində xidmət etdiyi xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan 5 ay 5 gün müddət üçün ona verilməmiş pul vəsaitinin ikiqatının indeksləşdirilərək ödənilməsi, xx.xx.1992-ci ildən indiyədək 27 il, 28 il, 29 il stajla ona verilmiş pensiya məbləği ilə 30 il staja görə verilməli olan pensiya məbləği arasındakı fərqin indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1985-ci ildən 06 iyul 1992-ci il tarixə kimi Qazax rayon Daxili İşlər şöbəsinin Ağstafa Milis bölməsinin rəisi vəzifəsində, Ağstafa müstəqil rayon olduqdan sonra Ağstafa rayon Polis şöbəsinin rəisi vəzifəsində işləmişdir. O, nazirin əmri ilə 16 fevral 1988-ci ildən 01 aprel 1992-cı il tarixə kimi 49 ay 14 gün fövqəladə vəziyyət şəraitində, 01 aprel 1992-ci ildən 06 iyul 1992-ci il tarixə kimi 3 ay 6 gün müharibə şəraitində işləmiş, 06 iyul 1992-ci ildə vəzifədən çıxarıldıqdan sonra isə 02 dekabr 1992-ci ilədək 4 ay 25 gün polis orqanının tərkibində nazirliyin sərəncamında, müharibə elan edilmiş döyüş bölgəsi olan Ağstafa şəhərində olmuşdur. Ona ilk dəfə pensiya təyin edilərkən təqvim hesabı ilə faktiki xidmət illərinə görə 27 il 5 ay 10 gün staj hesablanaraq 27 il xidmətə görə pensiya təyin edilmiş, fövqəladə vəziyyət və müharibə şəraitində işlədiyi müddət üçün əlavə edilməli olan güzəştli şərtlərə görə xidmət illərinə heç bir müddət əlavə edilməmişdir. Onun çoxsaylı şikayətləri nəzərə alınaraq nazirliyin kadrlar idarəsində xidmət illəri yenidən hesablanmış, bu dəfə fövqəladə vəziyyət şəraitində işlədiyi 49 ay 14 günün 30 ayı üçün güzəştli şərtlərlə 910 gün, yəni 15 ay 10 gün əlavə müddət hesablanmış, həmin müddət xidmət illərinə əlavə edilərkən 15 ay xidmət illərinə əlavə edilmiş, 10 gün xidmət illərinə əlavə edilməmişdir. Eyni zamanda, 49 ay 14 günün 19 ay 14 gününə güzəştli şərtlərlə əlavə edilməli olan 9 ay 22 gün xidmət illərinə əlavə edilməmiş, bu variant üzrə xidmət illəri 09 ay 22 gün azaldılmışdır. 01 aprel 1992-ci ildən 02 dekabr 1992-ci il tarixə kimi 08 ay 01 gün müharibə dövrü üçün xidmət illərinə güzəştli şərtlərlə 6 ay 02 gün əlavə edilməli olduğu halda kadrlar idarəsi onun xidmət illərinə 3 ay 01 gün əlavə edərək xidmət müddətini 03 ay 01 gün azaltmışdır. Kadrlar idarəsi onun stajını ümumilikdə 12 ay 23 gün azaltmaqla 29 il 09 ay 11 gün hesablayaraq 29 il xidmətə görə ona pensiya təyin etmişdir. Daha sonra pensiyanın təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin verilməsi tələbi ilə iddia qaldırmış, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, onun 01 aprel 1992ci il tarixdən 01 sentyabr 1992-ci il tarixədək, yəni 05 ay döyüş əməliyyatlarında iştirak müddəti 15 ay kimi nəzərə alınması, 15 ayın 05 ay staj kimi hesablandığından, 10 ay onun stajina əlavə edilməsi və həmin ayların onun stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Sözügedən qərardan verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2-1(102)-276/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
11. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş əlavə iddia ərizəsində onun daxili işlər orqanında 30 il və ya 31 il iş stajı olması barədə, ona verilməli olan pensiyanın məbləğinin Prezidentin Fərmanına əsasən indeksləşdirilərək pul vəsaitinin üçqat məbləği qədəri ilə hesablanması barədə, xx.xx.1992-ci ildən hal-hazıra kimi 29 il staja görə ona verilməmiş pensiya məbləğinin 30 il və ya 31 il iş stajına görə verilməli olan pensiya fərqinin indeksləşdirilərək ona verilməsi barədə, 25.09. 1989-cu ildən xx.xx.1992ci ilədək olan 30 ay 05 gün üçün ona verilməmiş yarım oklad vəzifə pulunun və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona verilməsi barədə, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək olan 9 ay 22 gün müddət üçün üç qat pul vəsaitinin ona verilməmiş iki qatının indeksləşdirilərək ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı həmçinin xx.xx.2022-ci il tarixli əlavə iddia ərizəsində fövqəladə vəziyyət şəraitində xidmət etdiyi xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək olan 30 ay 05 gün üçün ona verilməmiş yarım oklad vəzifə əmək haqqının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona ödənilməsi, müharibə şəraitində xidmət etdiyi xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan 5 ay 5 gün müddət üçün ona verilməmiş pul vəsaitinin ikiqatının indeksləşdirilərək ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, əvvəl təqdim etdiyi ərizələrini müdafiə etdiyini və əlavə olaraq artırılmış staj ilə bağlı məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində fövqəladə vəziyyət şəraitində xx.xx.1992ci ildən xx.xx.1992-ci ilədək olan 90 gün xidmətə görə güzəştli şərtlərlə stajına 45 gün staj əlavə edilməsi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək olan 51 gün xidmətə görə 102 günün, müddətlərin toplanması qaydasında 45 gün + 102 gün = 147 gün stajına əlavə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək olan 30 ay 5 gün üçün verilməmiş yarım oklad vəzifə əmək haqqının və yarım oklad rütbə pulunun, xx.xx.1992-ci ildən xx.xx.1992- ci ilədək olan 5 ay 5 gün müddət üçün verilməmiş pul vəsaitinin indeksləşdirilərək verilməsi, fövqəladə vəziyyət şəraitində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək olan 90 gün xidmətə görə güzəştli şərtlərlə 45 gün, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək olan 51 gün xidmətə görə 102 gün, ümumilikdə 147 günün sosial sığorta stajına əlavə edilməsi və artırılmış staj ilə bağlı məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1374/2022 nömrəli 1 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim F.C.Hüseynov) iddia təmin edilmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan 30 ay 5 gün üçün verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 5 ay 5 gün müddət üçün verilməmiş pul vəsaitinin indeksləşdirilərək verilməsi, fövqəladə vəziyyət şəraitində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 90 gün xidmətə görə güzəştli şərtlərlə 45 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan 51 gün xidmətə görə 102 gün, ümumilikdə 147 günün İddiaçı sosial sığorta stajına əlavə edilməsi və artırılmış stajla bağlı məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin üzərinə qoyulmuşdur.
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-561/2022 nömrəli, 9 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Bayramov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş materiallarının yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 679/2023 nömrəli qərardadı ilə (hakimlər: K.Bədəlov və İ.Hüseynov, sədrlik edən və məruzəçi N.Rəsulbəyova) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2022-ci il tarixli, 2-1(104)-561/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
19. Bundan sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, fövqəladə vəziyyət şəraitində 01 yanvar 1992-ci il tarixdən 31 mart 1992-ci il tarixədək xidmət etdiyi 90 günə görə stajına 45 gün əlavə edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 6-cı bəndinə və digər sənədlərə əsasən 02 dekabr 1992-ci il tarixdən 22 yanvar 1993-cü il tarixədək olan 51 günx2=102 gün stajına əlavə edilməsi, müddətlərin toplanması qaydasında 45 gün + 102 gün = 147 gün stajına əlavə edilməsi, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi 25 sentyabr 1989cu il tarixdən 31 mart 1992-ci il tarixədək olan 30 ay 5 gün üçün ona verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona verilməsi, müharibə şəraitində döyüş əməliyyatlarında 01 aprel 1992-ci il tarixdən 05 sentyabr 1992ci il tarixədək iştirak etdiyi 5 ay 5 gün üçün ona verilməmiş pul vəsaitinin iki qatının indeksləşdirilərək ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-360/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-600/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-360/2024 nömrəli qərardadı qismən ləğv edilərək, iddia tələbinin mümkün sayılmayan “fövqəladə vəziyyət şəraitində 01 yanvar 1992-ci il tarixdən 31 mart 1992-ci il tarixədək xidmət etdiyi 90 günə görə stajına 45 gün əlavə edilməsi, fövqəladə vəziyyət şəraitində xidmət etdiyi 25 sentyabr 1989-cu il tarixdən 31 mart 1992-ci il tarixədək olan 30 ay 5 gün üçün ona verilməmiş yarım oklad vəzifə maaşının və yarım oklad rütbə pulunun indeksləşdirilərək ona verilməsi, müharibə şəraitində döyüş əməliyyatlarında 01 aprel 1992-ci il tarixdən 05 sentyabr 1992-ci il tarixədək iştirak etdiyi 5 ay 5 gün üçün ona verilməmiş pul vəsaitinin iki qatının indeksləşdirilərək cavabdeh tərəfindən ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmış, iddia tələbinin “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 6-cı bəndinə və digər sənədlərə əsasən 02 dekabr 1992-ci il tarixdən 22 yanvar 1993-cü il tarixədək olan 51 gün = 102 günün stajına əlavə edilməsi” hissəsində baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-3528/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır.
23. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “02 dekabr 1992-ci ildən 22 yanvar 1993-cü il tarixədək olan 51 günün bir günü iki gün hesablanmaqla 102 günün xidmət illərinə əlavə edilməklə yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
25. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün olmamışdır.
26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
27. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
28. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
29. İddiaçı hazırkı tələbində 02 dekabr 1992-ci ildən 22 yanvar 1993-cü il tarixədək olan 51 günün bir günü iki gün hesablanmaqla 102 günün xidmət illərinə əlavə edilməklə yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini tələb edir.
30. İddiaçı tələbinin faktiki əsası kimi o hala istinad edir ki, Azərbaycan Respublikası DİN-in xx.xx.1992-ci il tarixli 1862 nömrəli əmri ilə “Sıravi və rəis heyətinin daxili işlər orqanlarından xaric edilməsi qaydaları barədə” Müvəqqəti Təlimatın 4-cü maddəsinin “a” bəndinə (xidmətdə olmanın son yaş həddinə görə) əsasən daxili işlər orqanlarından xaric edilmişdir. Halbuki, xidmətdə olmanın son yaş həddinə xx.xx.1992-ci ildə çatacaqdı, yaş həddinə çatmamış xx.xx.1992-ci il tarixli əmrlə daxili işlər orqanlarından xaric edilmişdir. Daha sonradan isə Daxili İşlər Nazirliyinin xx.xx.1993-cü il tarixli 102kr/h nömrəli əmri ilə əvvəlki əmr - Azərbaycan Respublikası DİN-nin 1862 nömrəli 02 sentyabr 1992-ci il tarixli əmrinə qismən dəyişiklik edilərək onun 1992-ci ilin sentyabr ayının 01-dən dekabr ayının 02-dək Resp. DİN-nin sərəncamında hesab olunması və 02 dekabr 1992-ci il tarixdən 4 maddənin “a” bəndi ilə (yaşına görə) daxili işlər orqanlarından xaric edilməsi əmr edilmişdir. Ona görə də, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan 51 gün (bir günə iki gün kimi hesablanmaqla) xidmət illərinə sayılmalıdır.
31. Lakin məhkəmə qeyd edir ki, iddiaçının xidmət illərinə əlavə edilməsini tələb etdiyi dövrdə (xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək) xidməti fəaliyyəti olmamışdır. Xidmətdə olmadığı dövrün iddiaçının xidmət illərinə daxil edilməsi isə mümkün deyildir.
32. İddiaçının istinad etdiyi hala münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin 1862 nömrəli 02 sentyabr 1992-ci il tarixli əmri və xx.xx.1993-cü il tarixli 102kr/h nömrəli əmri hazırda qüvvədə olmaqla, iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
33. Bununla da məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir.
34. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
35. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
37. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva