Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2895/2024 17.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilmiş hesab olunması və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında əmək müqaviləsinin bağlanmasından xəbəri olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar MMC-yə müraciət etmiş, lakin müəyyən olunmuşdur ki, MMCnin rəhbəri vəfat etmişdir. Bu səbəbdən cavabdehə müraciət etmiş, cavabdeh isə onun ərizəsini təmin etməkdən imtina etmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinə istinad etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1.1-ci hissəsinə əsasən, fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır. 3-cü maddəsinin 5-1-ci hissəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. 12-ci maddəsinin 1-ci hissəsinin h) bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın: 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin tələbindən göründüyü kimi yalnız fiziki şəxs olan işəgötürən öldükdə işçinin müraciəti əsasında əmək müqaviləsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən xitam verilmiş hesab edilə bilər. Hazırkı vəziyyətdə isə əmək müqaviləsi iddiaçı ilə hüquqi şəxs olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. Yəni işəgötürən qismində hüquqi şəxs çıxış etmişdir. Belə olan halda əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi cavabdehin səlahiyyəti xaricindədir. Həmçinin hüquqi şəxsin rəhbərinin ölməsi hüquqi şəxsin ləğvinə və ya onun fəaliyyətinin dayandırılmasına səbəb olmur. Digər tərəfdən əmək müqaviləsi bildirişi elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə yalnız işəgötürən tərəfindən yerləşdirilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati mübahisə deyil, əmək mübahisəsi olmaqla mülki xarakterlidir. İddia tələbi üzrə cavabdeh iddiaya cavab verməli olan şəxs deyil. Odur ki, hazırkı iş üzrə cavabdeh qismində işəgötürən, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti çıxış etməli, iddia tələbi ona qarşı yönəlməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 7ci bəndinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 və 35.3-cü maddələrinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunsun ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2895/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2895/2024
17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver