Məhkəmə qərarları › İş №2-1(114)-2896/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2896/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2896/2024 30.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinin xx.xx.2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun "xxxx" ASC-nin Gəncə Gil-torpaq İstehsalat sahəsində xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək, xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək transportyorçular, aparıcı hidrometallurqlar vəzifəsində işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə ona pensiya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, "xxxx" ASC-nin Gəncə Gil-torpaq İstehsalat sahəsində xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək, xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək transportyorçular, aparıcı hidrometallurqlar vəzifəsində işləmiş və müəyyən məbləğdə əmək haqqı almışdır. Bu fakt iddia ərizəsinə əlavə edilən əmək kitabçası və arayışlarla öz təsdini tapır. İddiaçının işlədiyi dövrlərdə tutduğu peşə (vəzifə) güzəştli şərtlərlə peşə hesab olunduğu üçün və onunla bərabər işləyən şəxslərə güzəştli şərtlə əmək pensiyası təyin edildiyi üçün o, işlədiyi illərin nəzərə alınmaqla ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh qurum ona xx.xx.2024-cü il tarixli məktub ilə imtina cavabı vermişdir. Halbuki onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur və bu fakt iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışla öz təsdiqini tapır. Hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2896/2024 nömrəli qərardadı ilə iddia tələbi “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı G.X2 təqdim etdiyi "xxxx" ASC-nin “Gil-torpaq” İstehsalat Sahəsinin ona dair 16 may 2022-ci il tarixli arayışında xx.xx.1985–xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə müxtəlif vəzifələrdə işlədiyi qeyd olunub. İddiaçı sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, iddiaçıya 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 2 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1998-ci il üzrə 6 ay, 1999-cu il üzrə 4 ay, 2004-cü il üzrə 2 ay və 2005-ci il üzrə 1 ay əmək haqqı ödənilmədiyi (ümumilikdə 24 ay) bildirilib. Bu fakt “Gəncə Gil-Torpaq" İstehsalat Sahəsinin 21 fevral 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edlən İddiaçı əməkhaqqı ödənilməyən, işləmədiyi ayları iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də İddiaçı ümumi iş stajı 20 ildən az (19 il 4 ay 5 gün (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr, 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 10 ay, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 6 ay, 1999-cu il üzrə 8 ay, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr, 2004-cü il üzrə 10 ay, 2005-ci il üzrə 11 ay və xx.xx.2006-cı il tarixindən sonra 11 ay)) təşkil edir. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçının 55 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixə ona münasibətdə 45,600.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19,597.82 manat təşkil etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə təhsil almış, xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Alüminiumu” ASC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. "xxxx" ASC Gəncə “Gil-torpaq” İstehsalat sahəsi üzrə 11 iyul 2007-ci il tarixli, N 373- K əmrinə əsasən, Dəmirova X1 Departamentinin Bişirmə və Susuzlaşdırma Sexinin aparatçı hidrometallurqu ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. "xxxx" ASC-nin 16 may 2022-ci il tarixli, 14 nömrəli arayışına əsasən, İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) aşağıdakı peşələrdə (vəzifələrdə) işləmişdir: - xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Giltorpaq İstehsalatı, 2091100a-19213, transportyorçular; - xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Giltorpaq İstehsalatı, 2091100a-10187, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar; - xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Giltorpaq İstehsalatı, 2091100a-15860, toz-qaz tutan qurğuları xidmət üzrə operatorlar; - xx.xx.1998-ci ildən xx.xx.2007-ci ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Giltorpaq İstehsalatı, 2091100a-10187, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nörməli qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir və İddiaçı peşələri 2 saylı pensiya siyahısında mövcuddur. - xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək – bölmə 7, yarımbölmə 29a, Gil-torpaq istehsalatı, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı peşəsi pensiya siyahısında mövcuddur. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2024-cü il tarixli müraciətindən görünür ki, iddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialı tərəfindən təsdiq edilmiş 21 fevral 2024-cü il tarixli akta əsasən, “Gəncə Gil-torpaq” İS-nin və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının əməkdaşlarının iştirakı “Gəncə Gil-torpaq” İS-də sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlaması zamanı müəssisədə saxlanılan şəxsi uçot vərəqəsinə baxış keçirilən zaman aşkar olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixli, 262 №-li əmrlə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli 373 №-li əmrlə xx.xx.2007-ci il tarixdən 74cü maddənin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Müəssisədə saxlanılan əmək haqqı cədvəllərinə əsasən vətəndaşa 1991-ci ildə - 12 ay, 1992-ci ildə - 11 ay, 1993-cü ildə - 11 ay, 1994-cü ildə 10 ay, 1995-ci ildə - 12 ay, 1996-cı ildə 10 ay, 1997-ci ildə - 7 ay, 1998-ci ildə - 6 ay, 1999-cu ildə - 8 ay, 2000-ci ildə - 12 ay, 2001-ci ildə - 12 ay, 2002-ci ildə - 12 ay, 2003-cü ildə - 12 ay, 2004-cü ildə - 10 ay və 2005-ci ildə - 11 ay əmək haqqı hesablanıb və ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 mart 2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, yuxarıda qeyd olunan iddiaya qarşı etirazda göstərilən əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirmişdir. "xxxx" ASC-nin 09 aprel 2024-cü il tarixli, 14 nömrəli arayış, 2 nömrəli əlavəyə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Giltorpaq istehsalatı – transportyorçular, aparatçı hidrometallurqlar peşələrində işləmişdir. İşlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1995-dən xx.xx.1996-cı ilədək, xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək, xx.xx.1999cu ildən xx.xx.2007-ci ilədək. Əmr №262 xx.xx.1985-ci il, əmr № 65 xx.xx.1987-ci il, əmr № 272 xx.xx.1988-ci il, əmr №128 xx.xx.1990-cı il, əmr № 93 xx.xx.1998-ci il, əmr № 222 xx.xx.1999-cu il, əmr № 373 xx.xx.2007-ci il illəri təşkil edir. İşlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması kaustifikatorlarda məşğul olanlar aparatçı hidrometallurq peşəsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının bölmə 9, yarımbölmə 9a bəndinə transportyorçular peşəsi (2091100a-19213) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının bölmə 9, yarımbölmə 9a bəndinə aparatçı hidrometallurqlar peşəsi (2091100a-10187) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının bölmə 7, yarımbölmə 29 a bəndinə aparatçı hidrometallurqlar peşəsi peşə koduna uyğundur. Cavabdehin 24 iyun 2024-cü il tarixli İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında məktubuna əsasən, İddiaçı 55 yaşının tamamlandığı 08 fevral 2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 19,597.82 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyada). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (2017-ci il iyulun 1-dən 2022-ci il iyunun 29-dək qüvvədə olan redaksiyada). 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (2022-ci il iyunun 29-dək qüvvədə olan redaksiyada). Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür)

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona ödənilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinin 2022-ci il iyunun 29-dək qüvvədə olan redaksiyasına görə, bu Qanun qüvvəyə mindiyi günədək, yəni 2006-cı il yanvarın 1-dək, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Belə ki, qeyd olunan Qanunun 13-cü maddəsində nəzərdə tutulan əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olması üçün yaş 2000-ci ilin avqust ayının 1-dən 52 yaş müəyyən olunmuşdur. İstər hazırda qüvvədə olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasının, istərsə də 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin tələblərindən göründüyü kimi, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 52 yaşına çatmalı, 20 il ümumi iş stajına, 10 il güzəştli iş stajına malik olmalıdır. İddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla xx.xx.2018-ci il tarixdə 52 yaşı tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək təhsil almış, xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də işləmiş və iddiaçının 22 il 9 ay 10 gün əmək stajı mövcuddur. Eyni zamanda iddiaçı xx.xx.2006-cı il tarixinədək 20 ildən artıq ümumi iş stajına malik olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ciil tarixli arayışına əsasən, İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısında qeyd olunan 2091100a-19213 (xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək), 2091100a-10187 (xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək), 2091100a-15860 (xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilədək), 2091100a-10187 (xx.xx.1998-ci ildən xx.xx.2007-ci ilədək) kodları üzrə işlərdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında qeyd olunan avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar (xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək) işində çalışmış və iddiaçının 21 il 10 ay 22 gün güzəştli iş stajı mövcuddur. Eyni zamanda iddiaçı xx.xx.2006-cı il tarixinədək 10 ildən artıq güzəştli iş stajına malik olmuşdur. Hazırda cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı və pensiya kapitalı mübahisələndirilir. Məhkəmə cavabdehin etirazda “Gəncə Gil-Torpaq" İstehsalat Sahəsinin 21 fevral 2024-cü il tarixli birgə aktına istinad edərək iddiaçıya 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 2 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 5 ay, 1998-ci il üzrə 6 ay, 1999cu il üzrə 4 ay, 2004-cü il üzrə 2 ay və 2005-ci il üzrə 1 ay (ümumilikdə 24 ay) əmək haqqı ödənilmədiyindən iddiaçının ümumi iş stajının 20 ildən az təşkil etməsi dəlili ilə razılaşmır. Belə ki, Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əmək kitabçası mövcuddur və həmin əmək kitabçasındakı qeydlər əsasında iddiaçının əmək fəaliyyəti təsdiq olunur. Cavabdeh orqan tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi mübahisələndirilməmişdir. Cavabdehin etirazında mübahisələndirdiyi pensiya kapitalına gəldikdə isə məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyin edilməsini müəyyən edən həm Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasında, həm də 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində pensiyanın təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 32-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən-52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar