Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2899/2023 25.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1979-cu ildə Amasiya rayonun İbiş kəndində anadan olmuş, xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. xx.xx.2021-ci il tarixdə iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi tərəfindən şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 106 nömrəli sərəncamı ilə şəhid ailəsi iddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş uçotuna alınmışdır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 125 nömrəli sərəncamı ilə iddiaçı uçotdan çıxarılmış və onun uçot sənədləri baxılması üçün hazırkı yaşayış yeri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı “şəhid ailəsi olduğu üçün mənzil uçotuna alınmasına köməklik göstərilməsi barədə” Gəncə Şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/1-M-192-068/2023 nömrəli məktubla bildirmişdir ki, yaşayış yeri üzrə Gəncə şəhərində qanunla müəyyən olunmuş müddətdə qeydiyyatda olmadığı üçün mənzil uçotuna alınmasında imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid ailəsi üzvü olduğu üçün yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəhid ailəsidir. Onun oğlu X8 2021-ci ildə şəhid olmuş və X2 dəfn olunmuşdur. İddiaçı oğlu şəhid olduqdan sonra “Şəhid” ailələri üçün verilmiş imtiyazlardan istifadə edir, belə ki, o, 2021-ci ilin avqust ayından Göygöl Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmışdır. Gəncə şəhərində yaşadığı üçün Gəncə şəhəri üzrə mənzil uçotuna alınması üçün iddiaçı cavabdehə müraciət etmiş, lakin inzibati orqan xx.xx.2023-cü il tarixdə onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh ona istinad etmişdir ki, iddiaçı Gəncə şəhərində qanunla müəyyən olunmuş müddətdə qeydiyyatda olmamışdır. İddiaçı qeyd edir ki, o, əvvəllər Göygöl şəhərində qeydiyyatda olsa da, 2015-ci ildən bəri faktiki Gəncə şəhərində yaşamış və işləmişdir. 2015-ci ilin aprel ayından 2018-ci ilədək rəhmətlik Aqilə xanıma məxsus ünvan 2 ünvanda, daha sonra Vüsalə xanıma məxsus ünvan 3 ünvanda yaşamışdır. 2022-ci ilin iyun ayından isə ünvan 4 ünvanda yaşayır. Bunu təsdiq edən şahidləri də var. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 5-1/2-03/1257/2023 nömrəli məktubla münasibət bildirmişdir. Məktubda qeyd olunur ki, aparılan araşdırma zamanı iddiaçının əvvəllər Göygöl rayonunda qeydiyyatda olduğu, 2022-ci ilin dekabr ayından Gəncə şəhərinə qeydiyyata düşdüyü məlum olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin" Nümunəvi Qaydalarına əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti yerli icra hakimiyyəti tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Gəncə şəhərində daimi yaşama müddəti 5 il müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsi barədə qərar verilməsi xahiş olunur. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 izahatında bildirmişdir ki, o, 2010-cu ildən 10 ilə yaxın Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşamış, 2020-ci ildə müharibədən sonra həyət evinə köçmüşdür. İddiaçı 2015-ci ildən Gülüstan qəsəbəsində yaşayırdı, lakin həmin zaman onunla yaxın münasibəti yox idi. Sonralar iddiaçı Gəncə şəhərində şirniyyat dükanında işləyərkən yaxından tanış olmuş və 2017-ci ildən daimi əlaqələri yaranmışdır. İddiaçı sonralar Yeni Gəncə qəsəbəsinə köçmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 izahatında bildirmişdir ki, iddiaçını 2018-ci ildən tanıyır, onlara məxsus ünvan 3 ünvanın kirayəşini olmuşdur. Sonralar həmin evi satdıqları üçün iddiaçı 2022-ci ildə evdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X1 izahatında bildirmişdir ki, iddiaçını 5-6 ildir tanıyır. ünvan 5 ünvanın sahibi Bakı şəhərində yaşayır. Həmin evin kirayə verilməsinə o vasitəçilik etmişdir. İddiaçını hələ Gülüstanda yaşayan zaman şirniyyat dükanında işləyərkən tanıyırdı, kirayə evə ehtiyacı olduğunu biləndə, göstərilən ünvanı iddiaçıya kirayəyə vermişdir. Məhkəmə iclasında iştirak etmiş X6 izahatında bildirmişdir ki, sürücüdür, iddiaçını da sürücü kimi 2018-ci ildən Gülüstan qəsəbəsində, sonra Yeni Gəncə qəsəbəsində, daha sonra isə 4-cü mikrorayonda yaşayan zaman işə aparıb-gətirmişdir. Ailəvi tanışlıqları 2020-ci ildən yaranmışdır. Əsaslandırıcı hissə: İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, iddiaçının, şəhid ailəsi üzvü kimi Gəncə şəhərində mənzil uçotuna alınması ilə bağlı olmuşdur. İddiaçının şəhid ailəsi üzvü olması tərəflər arasında mübahisə olunmur. İşin mübahisəli halı - iddiaçının və onun ailə üzvlərini Gəncə şəhərində mənzil uçotuna alınmamasının əsası - onun 5 il müddətdə Gəncə şəhərində qeydiyyatda olmamasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 51.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli,14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalar”ının İİ hissəsinin 4-cü bəndinin 1-ci yarımbəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Kirovabad Şəhər Xalq Deputatları Sovetinin XX Çağırış İV Sessiyasının xx.xx.1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Kirovabad şəhəri ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin” qaydalarının İİ hissəsinin 4-cü bəndinin 1-ci yarımbəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna Kirovabad şəhərində 5 ildən az olmayaraq yaşayış və pasport qeydiyyatında olan və bir idarədə, təşkilatda azı 3 il fasiləsiz işləyən şəxslər götürülürlər. Beləliklə, Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli,14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalarda mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotu ilə bağlı onların həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşaması tələbi müəyyən edilsə də, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin XX Çağırış İV Sessiyasının xx.xx.1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalarda 5 ildən az olmayaraq yaşaması və qeydiyyatda olması tələbi təsbit olunmuşdur. Bundan başqa, Mənzil Məcəlləsində də yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların onların yaşayış yeri üzrə uçota alınması nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, normativ xarakterli akt olan Kirovabad Şəhər Xalq Deputatları Sovetinin qərarı ilə təsdiq edilmiş Qaydalar normativ hüquqi akt olan Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalar və Mənzil Məcəlləsi ziddiyyət təşkil edir. “Normativ hüquqi aktlar haqqında” Qanunun 4.3 və 4.4-cı maddələrinə əsasən normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. X7 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Cavabdeh tərəfindən də Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalar və Mənzil Məcəlləsi tətbiq olunmalı olduğu halda, bu sənədlərə zidd olan normativ xarakterli akt rəhbər tutulmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə baxışı zamanı da müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Gəncə şəhərində qeydiyyatda olsa da, 2015-ci ildən xx.xx.2022-ci ilə kimi kirayəçi qismində faktiki olaraq Gəncə şəhərində yaşamışdır. Hazırda da iddiaçı Gəncə şəhərində yaşayır. Bu səbəbdən məhkəmə hesab edir ki, 2015-ci ildən xx.xx.2022-ci ilə kimi iddiaçının Göygöl rayonu üzrə qeydiyyatı formal xarakter daşımış və hər hansı bir hüquqi nəticəyə səbəb ola bilməzdi. Digər tərəfdən, məhkəmə onu qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, iddiaçının ərizəsinin ərizəsinin təmin edilməsindən imtina etməklə, bu barədə məlumat vermişdir. Beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin normaların məzmunundan göründüyü kimi, cavabdeh orqan uçota alınmaqdan imtina haqqında qərar qəbul etməli, qərardan məhkəməyə şikayət etmək hüququnu izah etməli və həmin qərarı 3 gün ərzində maraqlı şəxsə təqdim etməli idi. Lakin iş materiallarından görünür ki, cavabdeh inzibati orqan olaraq yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərini yerini yetirməmiş, bununla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırkı tələblə müraciət etmişdir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçının və ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyi cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2899/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2899/2023
25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver