Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-290/2020 14.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Bərdə şəhər Avtobaza ərazisində yerləşən yeməkxanada aşbaz işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Bərdə şəhər Avtobaza ərazisində yerləşən yeməkxanada aşbaz işləmişdir. Pensiyaya çıxmağı ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh həmin illərin sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. xx.xx.1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Bərdə şəhər Avtobaza ərazisində yerləşən yeməkxanada aşbaz işləməsi əmək kitabçasında öz əksini tapsa da, cavabdeh bunu nəzərə almamışdır. Odur ki, məhkəmədən xx.xx.1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Bərdə şəhər Avtobaza ərazisində yerləşən yeməkxanada aşbaz işlədiyi illərin sosial sığorta stajına daxil edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubda bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Bərdə şəhər Avtobazasının ərazisində yerləşən yeməkxanada aşbaz işlədiyi qeyd edilmişdir. Həmin müəssisədə xx.xx.1976-cı il tarixdə iddiaçının işə qəbul edilməsi əmr kitabı əsasında təsdiqini tapsa da, vətəndaşın xx.xx.1999-cu il tarixə kimi işlədiyini təsdiq edəcək əmr kitabları və əmək haqqı cədvəlləri saxlanılmadığı və rayon Dövlət Arxivinə təhvil verilmədiyindən 1976-cı il tarixdən sonrakı iş davamiyyətinin yoxlanılması mümkün olmamışdır. Tələb olunan sosial sığorta stajı olmadığından iddiaçıya şöbədə pensiya təyin edən komissiya tərəfindən pensiya təyin edilməsindən imtina edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: - İddiaçıya məxsus ******* nömrəli, xx.xx.2018-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Bərdə şəhər Avtobaza ərazisində yerləşən yeməkxanada işləmişdir. - Bərdə rayon Dövlət Arxivi cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli 183 nömrəli məktubunda bildirmişdir ki, rayon Dövlət Arxivində 51 saylı fondda mühafizə edilən Bərdə rayon X2 şəxsi heyət üzrə sənəd materialları rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. -DSMF Bərdə rayon şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktda iddiaçının xx.xx.1976-cı il tarixdə 46 nömrəli əmrə əsasən aşbaz təyin edilməsi, xx.xx.2018-ci il tarixdə 34 nömrəli əmrə əsasən Avtobazanın ərazisində yerləşən yeməkxana fəaliyyətini dayandırdığı üçün xx.xx.1999-cu ildən işdən azad edildiyi, iddiaçının xx.xx.1999-cu ildə işdən azad edilməsi xx.xx.2018-ci il tarixdə qeyd edilməsi göstərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 2.1. maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. 3.1. maddəsinə əsasən sğortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin, Bərdə şəhəri Avtobaza nəzdindəki yeməkxananın arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmiş, Bərdə şəhər X1 Birliyində isə əmək haqqı cədvəlləri, işdən çıxma barədə əmr kitabları aşkar olunmamışdır, bu səbəbdən də iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Bərdə şəhər Avtobaza ərazisində yerləşən yeməkxanada işləməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, əmək kitabçası sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd hesab olunsa da, hazırkı mübahisə üzrə iddiaçı işdən çıxma əmrləri, eləcə də əmək haqqı alması barədə sənədlər təqdim etmədiyindən, onun təqdim etdiyi əmək kitabçasının mötəbərliyi şübhə altındadır və iddiaçıya pensiya təyin edilməsi zamanı mötəbər sənəd hesab edilə bilməz. Beləliklə, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Bərdə şəhər Avtobaza ərazisində yerləşən yeməkxanada işləməsi öz təsdiqini tapmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, cavabdeh tərəfindən iş stajının ona əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı xx.xx.1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Bərdə şəhər Avtobaza ərazisində yerləşən yeməkxanada işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-290/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-290/2020
14.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver