Məhkəmə qərarları › İş №2-1(114)-290/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-290/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-290/2023 12.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, onun doğum haqqında şəhadətnaməsinin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1415/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Kəlbəcər rayonu, Zülfüqarlı kəndində anadan olmuş, atası X2 1926-cı ildə Kəlbəcər rayonunda anadan olmuş və 2016-cı ildə vəfat etmiş, anası- X3 1934-cü ildə Kələbəcər rayonunda anadan olmuş, hazırda Mingəçevir şəhərində məskunlaşıb yaşayır. İddiaçı sonuncu dəfə xx.xx.2010-cu ildə Mingəçevir ŞPŞ-i tərəfindən AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi almışdır. İddiaçı doğum haqqında şəhadətnaməsini itirdiyinə görə təkrar doğum haqqında şəhadətnamə almaq istəyir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Seriya AZE 0******* nömrəli, xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Kəlbəcər rayonu, Zülfüqarlı kəndində anadan olmuşdur. -işə əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli, 147 nömrəli məktubundan görünür ki, xx.xx.1956-cı ildə Kəlbəcər rayonu, Zülfüqarlı kəndində anadan olmuş Əlişova (Hüseynova) Sevil Mahmud qızının doğumu haqqında akt qeydi Cavabdehndə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X1 Reyestr Xidməti”nin avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirdiyinə görə doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, X1 dövlət qeydiyyatı qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı” Qaydası ilə müəyyən edilmişdir. “X1 dövlət qeydiyyatı” Qaydasının:- -9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə X1 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.2-ci bəndinə əsasən təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, X1 reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. -9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.3-1-ci bəndinə əsasən təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir. -9.5.-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbəsində və konsulluq idarəsində olmadıqda təkrar şəhadətnamənin verilməsi haqqında müraciəti qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi müvafiq akt qeydinin əldə edilməsi üçün X1 reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası X1 arxivinə elektron sorğu göndərir. -9.6-cı bəndinə əsasən sorğu edilən akt qeydi X1 reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası X1 arxivində olduqda akt qeydi skan edilərək sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə elektron qaydada göndərilir. Sorğu edən qeydiyyat şöbəsi və konsulluq idarəsi elektron formada daxil olmuş akt qeydi əsasında təkrar şəhadətnamə verir. Sorğu edilən akt qeydi X1 reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası X1 arxivində saxlanılmadıqda sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə akt qeydinin aşkar edilməməsi barədə məlumat göndərilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsi həmin məlumat əsasında müraciət etmiş şəxsə bu barədə arayış verir. Vətəndaşlıq vəziyyəti akt qeydi qeydiyyat şöbəsində və konsulluq idarəsində aşkar edilmədiyi halda şəxs bu barədə arayışı təqdim etməklə təkrar şəhadətnamənin əldə edilməsi üçün bilavasitə X1 reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası X1 arxivinə müraciət edə bilər. X1 reyestr xidmətinin, Naxçıvan Muxtar Respublikası X1 arxivində vətəndaşlıq vəziyyəti haqqında akt qeydi barədə məlumatlar olmadıqda, ərizəçiyə vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin olmaması barədə arayış verilir və ya göndərilir. Yuxarıda istinad olunan normaların tələbindən göründüyü kimi doğum akt qeydi qeydiyyat şöbəsində və ya X1 arxivində olduqda həmin akt qeydi əsasında təkrar şəhadətnamə verilir, həmin sənəd qeydiyyat şöbəsində və arxivdə aşkar olunmadıqda isə Qeydiyyat şöbəsi müraciət etmiş şəxsə bu barədə arayış verir. Beləliklə müəyyən olunur ki, iddiaçının doğumu haqqında akt qeydi aşkar edilmədiyindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi də mümkün deyil. Bundan əlavə, iddiaçıya izah edilir ki, doğum haqqında akt qeydinin bərpası barədə cavabdehə müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəmədə iddia qaldıra bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. -16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. -21-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçıya izah edilir ki, doğum haqqında akt qeydinin bərpası barədə cavabdehə müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəmədə həmin tələblə iddia qaldıra bilər. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar