Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2900/2024 31.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli orqanizmin funksiyalarının 40% faiz pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərarın dəyişdirilərək, ona orqanizmin funksiyalarının 65-80 % pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdə iki il müddətinə İİİ qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilərək xəstəliyi ilə bağlı əvvəllər təyin edilmiş İİ qrup əlillik dərəcəsinin yenidən ömürlük təyin edilməsi və xx.xx.2021-ci il tarixdən almadığı ayların pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun bugünə kimi xəstəliyi ilə əlaqədar əmək stajı yoxdur, həqiqi hərbi xidmətə də xəstəliyi ilə bağlı aparmayıblar. İddiaçının 10 yaşı olardı ki, yaşadığı kənddə yıxılaraq başından travma almışdır. Xəstəliyi ilə bağlı o, Qazax rayonunda Ruhi-Əsəb dispanserində, Gəncə şəhər Ruhi-Əsəb dispanserində və Bakı şəhərində 2 saylı psixiatriya xəstəxanasında stasionar müalicə götürmüşdür. Dövlət iddiaçıya xəstəliyi ilə bağlı dərmanlarını da verir. 2010-cu ildə TSEK ona ruhi-əsəb xəstəliyi ilə bağlı müalicələrini, tibbi sənədlərini nəzərə alıb İİ qrup əlillik dərəcəsi təyin etmişdir. Hər il yenidən TSEK-dən həkim komissiayından keçirilərək ona bir illik əlillik dərəcəsi təyin edilirdi. İddiaçı 2015-ci ilin iyul ayının 1-də 29 saylı Tibbi-Sosial Ekspertiza Komissiyasından növbəti həkim müayinəsindən keçirilərkən ona "Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin üzvü xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozğunluğu ilə" diaqnozu qoyulub, növbəti bir il müddətinə İİİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. İddiaçını müayinə edən həkim X2 deyib ki, “Artıq 18 yaşın tamam olub, buna görə sənə İİ qrup əlillik təyin etmək olmur”. 2016-cı ilin iyul ayının 1-də iddiaçıya növbəti beş il müddətinə İİİ qrup əlillik təyin edilmiş, o, növbəti 5 il ərzində stasionar müalicələr götürmüşdür. 2021-ci ilin iyul ayının 1-də iddiaçının 5 illik əlillik müddəti tamam olduğu vaxt ona heç bir məlumat verilmədən, müayinə keçirilmədən əlilliyi qanunsuz olaraq dayandırılmışdır. İddiaçı bununla bağlı Prezident Adminstrasiyasına şikayət etmiş, onu Prezidentin köməkçilərindən Fərəh xanım video görüntü ilə canlı qəbul etmiş və bildirmişdir ki, “Narahat olmayın, sizin əlilliyinizə baxılıb qiymətləndiriləcəkdir”. Lakin iddiaçının müraciətinə baxılmadığına görə, o, xx.xx.2022-ci il tarixdə yenidən cənab X6 yenidən məktub yazıb şikayətinə baxılmadığını bildirmişdir. İddiaçının şikayətindən sonra 3-cü dəfə Forma 88 toplanmış və sistemə vurulmuş, bir müddət keçsə də nə imtina, nə də rəsmi cavab verilməmişdir. İddiaçı bundan sonra telefonla canlı müayinəyə dəvət edilmiş və o, X4 getmişdir. İddiaçı qeyd edir ki, lakin orada yenə də ona ümidverici cavab verilməmiş, süründürməcilik edilmiş, bu səbəbdən də Bakı şəhərindəki 1 saylı “DOST” mərkəzinə şikayət etmişdir. “DOST” mərkəzi Reablitasiya Mərkəzinə sorğu göndərmişdir ki, vətəndaş sizdən şikayət edir, müraciətinə cavab verilmir. İddiaçı həmin müraciəti götürüb X4 yaxınlaşmış, onu həkim komissiyasının üzvü Günel Soylu qəbul edərək bildirmişdir ki, ona əlilliyi təyin etmək mümkün olmur. İddiaçı qeyd edir ki, o, şikayətini davam etdirəcəyini deyib narazılıq etmiş, cavab olaraq bildirmişlər ki, hara istəyirsən şikayət et. İddiaçı yenidən “DOST” mərkəzinə olmuş, müraciətinin nəticəsini öyrənmək istəmiş, onu Realibitasiya Agentliyinə göndərmişlər. İddiaçı əlavə edir ki, o, oraya yaxınlaşmış, onu Anar Bayramovun işçisi Mahmud müəllim qəbul etmiş və dinləyib sənədlərinə baxıb haqsızlıq edildiyi bildirmişdir. İddiaçı bundan sonra yenə də X4 göndərilmişdir. O, həmin yerə çatanda Mahmud müəllim zəng vurub demişdir ki, “Sənə İİ qrup əlillik təyin olundu, evinə gedə bilərsən”. Bir neçə gün sonra yenə də iddiaçı müraciət edəndə ona bildirmişlər ki, əlilliyin bərpa edilməyib. O, yenə də Prezident Administrasiyasına getmiş, Natiq Əmirovun qəbuluna yazılmışdır. Qəbulda iddiaçıya bildirmişlər ki, işinizə baxılıb qanunvericiliyin tələbinə uyğun əlilliyiniz qiymətləndirilməkdədir. xx.xx.2023-cü il tarixdə iddiaçıya cavab gəlmişdir ki, xx.xx.2022-ci il tarixdən ona orqanizm funksiyasının 40 faizi pozulması ilə əlaqədar İİİ qrup əlillik təyin edilmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixdən iddiaçıya təyin etdiyi İİİ qrup əlillik dərəcəsini o, qanunsuz və əsassız hesab edir. Çünki, iddiaçının xəstəliyi ilə bağlı qiymətləndirmə aparılarkən ona İİ qrup əlillik təyin edilməli olduğu halda, heç bir əsas və səbəb olmadan İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı ümid edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəbləri nəzərə alıb cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcək, İİİ qrup əlilliyi dəyişdirilərək İİ qrup əlillik təyin ediləcəkdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-202/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə İnzibati Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-359/2024 nömrəli qərardadı ilə qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 202/2024 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2900/2024 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixli orqanizmin funksiyalarının 40% pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərarın dəyişdirilərək, ona orqanizmin funksiyalarının 65-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçıya F07 diaqnozu əsasında 2 il müddətinə 35-60% əlillik dərəcəsi təyin edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2009-cu il tarixdən “baş beyinin üzvü xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozulması” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqlar səbəbi ilə 2 il müddətinə ilkin əlillik təyin edilmişdir. xx.xx.2011-ci il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə təkrar əlillik təyin edilmişdir. xx.xx.2012-ci il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə təkrar əlillik təyin edilmişdir. xx.xx.2013-cü il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə təkrar əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə təkrar əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdən “üzvü mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvü xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozulması” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİİ dərəcə təkrar əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən eyni diaqnoz ilə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİİ dərəcə təkrar əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixli müayinə əsasında İddiaçı diaqnoz “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” olmaqla, “Göndərişin natamam doldurulması – Əlillik altsistemində xəstənin xəstəliyin başlanma tarixi və stasionar müalicələri arasında uyğunsuzluq var” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli müayinə əsasında diaqnoz “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli davranış pozğunluğu yaddaşın enməsi. Emosional davranış pozğunluğu, özünə sui qəsd cəhdləri. Enurez” olmaqla, “Göndərişin natamam doldurulması – Səhiyyə Nazirliyinin reyestrində pulsuz dərman haqında heç bir məlumat yoxdur” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı orqanizmin funksiylarının 40% pozulması; əlilliyin səbəbi ümumi xəstəlik; əlillik meyarı “7.6.2.1 Psixi və davranış pozuntuları => Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular => Üzvi mənşəli şəxsiyyət pozuntusu => Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətinə ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); orqanizm funksiyalarının pozulması müddəti 2 il, əlilliyin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək; əmək zəmanəti “Kənar şəxsin nəzarəti altında xüsusi məsuliyyət tələbi olmayan peşələr üzrə işləyə bilər”; sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş ixtisaslaşmış müalicə olmaqla əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T 692/2023 nömrəli canlı şəxsin ekspertizası haqqında ekspert rəyində görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən, iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallar, yaddaş və davranış pozuntusu, dekompensasiyalarla. F06.6 - Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil pozuntu. Yanaşı xəstəliklər: F06.5 - Üzvi dissosiativ pozuntu" xəstəliklərdən hazırda əziyyət çəkir. "Əsas diaqnoz: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallar, yaddaş və davranış pozuntusu, dekompensasiyalarla. Ağırlaşma: F06.6 - Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil pozuntu. Yanaşı xəstəliklər: F06.5 - Üzvi dissosiativ pozuntu" diaqnozdakı xəstəliklərdən hazırda əziyyət çəkir. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Həmin diaqnozla ona xx.xx.2022-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən orqanizm funksiyasının 40% pozulması ilə iki il müddətinə əlillik təyinatı verilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olduğundan İİİ dərəcə əlillik təyinatı düzgün qoyulmuşdur. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Həmçinin iddiaçının iddia müddətinə riayət etməməsi məhkəmə tərəfindən aşkar edilməmişdir. Belə ki, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarın iddiaçı tərəfindən alınmasını təsdiq edən sənəd yoxdur. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş orqanizmin funksiyalarının 40% faiz pozulmasına görə əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilərək ona orqanizmin funksiyalarının 65-80 % pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsidir. Məhkəmə əvvəla iddiaçının orqanizminin funksiyalarının pozulması faizinə münasibətdə qeyd edir ki, iş üzrə əvvəlki icraat zamanı məhkəmənin qərardadına ilə keçirilmiş məhkəmə-tibbi ekspertizasına əsasən, Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin ekspert rəyi ilə müəyyən edilmişdir ki, Forma 088-də qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər üzrə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq təyin edilmiş İİİ dərəcə əlillik təyinatı düzgün olmuşdur. Məhkəmə qeyd olunan ekspert rəyini qəbul etməklə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya düzgün olaraq orqanizminin funksiyalarının 31-60 faizədək, yəni 40% pozulması ilə əlillik təyin edilmişdir. Məhkəmə iddia tələbinin müddətsiz əlilliyin təyin edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2 və 4.3-cü bəndlərinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81- 100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı müddət göstərilməklə xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək İİ dərəcə əlilliyi olmuşdur. xx.xx.2015-ci il tarixdən isə ona İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçının İİİ dərəcə əlilliyi müddət göstərilməklə xx.xx.2021-ci il tarixədək davam etmişdir. Həmin tarixdən sonra yenidən qiymətləndirmə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmiş, sonda xx.xx.2022-ci tarixdən orqanizmin funksiyalarının 40% pozulmasına görə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının ardıcıl olaraq 6 il müddətində İİ dərəcə əlilliyi, 6 il müddətində isə İİİ dərəcə əlilliyi olmuşdur. Yuxarıda qeyd olunan normalara görə, fərqli dərəcələrlə əlilliyi olduğuna görə iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi üçün onun ardıcıl olaraq 15 il əlilliyi olmalıdır. Lakin iddiaçının fərqli dərəcələrlə ardıcıl olaraq ümumi 12 il əlilliyi olmuşdur. Orqanizmin funksiyalarının 40% pozulmasına görə əlillik isə 1 il 4 aydan sonra (xx.xx.2021-ci il tarixdən sonra xx.xx.2022-ci il tarixdə) təyin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva