Məhkəmə qərarları › İş №2-1(114)-2903/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2903/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2903/2024 06.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması və hesablama nəticəsində yaranmış fərq üzrə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müvafiq qanunlara uyğun olaraq dövlət qulluqçusunun dövlət məvacibinin 2 mükafata qədər artırılmış hissəsinin (cəmi 3 mükafat və 1 müavinət) və dövlət qulluqçusu kimi ona təyin olunmuş pensiyaya əlavələrin: qulluq stajına görə 30 faizlik əlavənin, 15 faizlik əlavə pul ödənişi barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq pensiya məbləğinin hesablanaraq ödənilməsi və yanlış hesablama nəticəsində yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona noyabr 2014-cü il tarixdən dövlət qulluçusu kimi pensiya təyin olunmuşdur. Həmin tarixdə iddiaçının 25 ildən artıq dövlət qulluğu stajı mövcud idi. Qanunvericilik aktlarında tam aydın şəkildə qeyd edilmişdir ki, pensiyanın məbləği pensiyaya çıxanın dövlət qulluğu stajından və həmin vaxt həmin vəzifədə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibindən asılı olaraq müəyyən edilir. Eyni zamanda, dövlət məvacibinin tərkibi və hesablanması da aydın birmənalı göstərilmişdir. Qanuna əsasən pensiya hesablanarkən, son 24 ayın və ya ardıcıl istənilən 60 ayın dövlət məvacibi əsas götürülür. Bu səbəbdən də iddiaçı İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işlədiyi illərin əsas götürülməsini xahiş etmişdir. O dövrdə dövlət məvacibinin tərkibində 1 mükafat artımı olsa da, iddiaçı pensiyaya çıxan vaxt dövlət qulluqçusunun dövlət məvacibi 3 mükafata qədər artırılmış və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifə maaşının 15 faizi miqdarında pul əlavəsinin verilməsi müəyyən olunmuşdur. Mükafat və müavinətlərin pul əlavəsinin sayı və məbləği 2003-cü ildən qüvvəyə minmiş və iddiaçı pensiyaya çıxarkən, yəni noyabr 2014-cü ildə qüvvədə olmuşdur. Pensiya təyin olunarkən dövlət məvacibinin məbləği o zaman fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşının, dövlət qulluğu stajına görə vəzifə maaşının 30 faizi həcmində əlavənin, dövlət məvacibindəki 3 (üç) mükafat və 1 (bir) müavinətin, birinci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi üçün əlavənin, Prezident tərəfindən müəyyən edilən vəzifə maaşının 15 faizi miqdarında pul ödənişinin cəmindən ibarət olmalı idi. İddiaçı dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna etdiyi şifahi və yazılı müraciətlərinə mətləbə aidiyyəti olmayan qeyri-dəqiq cavablarla süründürməçiliyə yol verildiyini qeyd etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Mərkəzi Filialı son xx.xx.2023-cü il tarixli cavab məktubunda isə mükafat və müavinətin dövlət büdcəsindən və ya büdcədənkənar pul vəsaiti hesabına ödənilməsini göstərməklə yenidən təqdim olunmasını tələb etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı məhkəməyə iddianın mümkün sayılmamasına dair ərizə daxil olmuş və İddiaçı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-99401/2023 nömrəli məktubunda Filiala təqdim edilmiş sənədlər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”sının 2.2.1-ci, 2.2.5-ci, yarımbəndlərinə və 4.1 ci bəndi nəzərə alınmaqla 3 nömrəli Əlavəsinə uyğun yenidən arayış (ödənilmiş mükafatlar və müavinətlərin dövlət büdcəsindən, yaxud büdcədənkənar pul vəsaitləri hesabına ödənilməsi göstərilməklə) tərtib edilərək X5 edildikdən sonra pensiyanın yenidən hesablanması məsələsinə baxılmasının mümkün olduğu qeyd edilmişdir. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün zəruri hesab edilən sənədləri inzibati orqana təqdim etmədiyi üçün pensiyanın yenidən hesablanması hüququna baxılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair 2-1(112)-10722/2023 nömrəli iş aidiyyatı üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-391/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-332/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-391/2024 nömrəli qərardadı ləğv edilmiş, iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2903/2024 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianın mümkün sayılmamasını xahiş etdi. İşin halları Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-16527/2023 nömrəli “əmək pensiyasının hesablanması haqqında” məktubda qeyd edilmişdir ki, pensiya işinə aid sənədlərdə İddiaçı Fondun Tərtər rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Müraciətə əsasən, aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2014-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 712,08 manat, qulluq stajına görə əlavə 55,58 manat, ixtisas dərəcəsinə görə əlavə 38,00 manat olmaqla orta aylıq əmək haqqı 805,66 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 22 il 5 ay 1gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (805,66 manat) 80 faizi-644,53 manat məbləğində hesablanmalı olduğu halda, 763,23 manat məbləğində müəyyən edilməklə xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq hesaba köçürülüb. Buna görə də həmin dövr üzrə İddiaçı 4716,35 manat artıq pul vəsaiti ödənilib. İddiaçı 22 il 5 ay 1 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xx.xx.2018-ci tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 783,33 manat, qulluq stajına görə əlavə 61,15 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat olmaqla orta aylıq əmək haqqı 924,48 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (805,66 manat) ilə xx.xx.2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (924,48 manat) arasındakı fərq məbləğinin (118,82 manat) 72,25 faizi- 85,85 manat xx.xx.2018-ci il tarixinədək hesablanmış pensiyanın (644,53 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 730,38 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13146,84 manat ödənilməli olduğu halda həmin müddət ərzində 14984,26 manat ödənilib. Buna görə də həmin dövr üzrə 1837,42 manat artıq pul ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən İddiaçı xx.xx.2019cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1177,50 manat, qulluq stajına görə əlavə 91,92 manat ixtisas dərəcəsinə görə əlavə 80,00 manat olmaqla orta aylıq əmək əmək haqqı 1349,42 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2019-cu il tarixinədək qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (1349,42 manat) arasındakı fərq məbləğinin (424,94 manat) 72,25 faizi- 307,01 manat xx.xx.2019-cu il tarixinədək hesablanmış pensiya (730,38 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1037,39 manat, xx.xx.2023-cü il tarixindən isə 1141,13 (1037,39+10 faiz) məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2019xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 42636,73 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 49329,04 manat ödənilib. Buna görə də həmin dövr üzrə 6692,31 manat artıq pul vəsaiti ödənilib. Yuxarıdakılara istinadən xx.xx.2014-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13246,08 manat artıq pul vəsaiti ödənilib. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-55121/2023 nömrəli “əmək pensiyasının hesablanması haqqında məktubda” göstərilmişdir ki, aparılan araşdırma nəticəsində İddiaçı hesablanmış pensiya məbləği cari ilin fevral ayından qanunvericiliyə uyğunlaşdırılaraq 1320,24 manatdan 1141,13 manata azaldılıb, həmçinin ona xx.xx.2014-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13246,08 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında İddiaçı xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-16527/2023 nömrəli məktubla ətraflı məlumat verilib. “Əmək pensiyaları haqqında” qanunun 39.1 maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də yuxarıda qeyd edilən xx.xx.2014-xx.xx.2023-cü il tarixləri arasındakı dövr son üç il üzrə azaldılaraq xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5878,17 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 5878,17 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə İddiaçı pensiyasından tutulmanın aparılması üçün onun yazılı razılığının qısa müddətdə X5 olunması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” qanunun xx.xx.2023-cü tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixindən İddiaçı pensiyası 1308,87 manat məbləğində müəyyən edilib. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. İddiaçı əmək pensiyasının hesablanması üçün orta aylıq onun orta aylıq əmək haqqı müəyyənləşdirilərkən əsas götürülən 60 aydakı dövlət qulluğu stajına uyğun olaraq 35 ay üzrə 10 faiz, 25 ay üzrə isə 5 faiz miqdarında qulluq stajına görə əlavə tətbiq edilib. Eyni zamanda İddiaçı əmək pensiyasının müəyyənləşdirilməsi zamanı orta aylıq əmək haqqı hesablanarkən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Tərtər rayon Dövlət arxivinin xx.xx.2015-ci il tarixli 03 nömrəli arayışında 1990-cı ilin sentyabr və dekabr aylarında, 1991-ci ilin noyabr ayında ona ödənildiyi göstərilmiş mükafatların nəzərə alınması məsələsinə qeyd edilən aylar ərzində ödənilmiş vəzifə maaşına dair məlumatlar X5 edildikdən sonra baxıla bilər. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-99401/2023 nömrəli “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün sənədlərin təqdim olunması haqqında” məktubda 14 aprel 2023-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci, 2.2.5-ci yarımbəndlərinə və 4.1-ci bəndi nəzərə alınmaqla həmin Qaydanın 3 nömrəli əlavəsinə uyğun tərtib edilərək təqdim olunmalıdır (ödənilmiş mükafatlat və müavinətlərin dövlət büdcəsindən, yaxud büdcədənkənar pul vəsaitləri hesabına ödənilməsi göstərilməklə). Qeyd olunanları nəzərə alaraq, ödənilmiş dövlət məvacibinə dair arayışlarda mükafatlar və müavinətlərin dövlət büdcəsindən yaxud büdcədən kənar pul vəsaitləri hesabına ödənildiyi göstərilməklə yuxarıda sözügedən 3 nömrəli Əlavəyə uyğun yenidən tərtib edilərək X5 edildikdən sonra pensiyasının yenidən hesablanması məsələsinə baxıla bilər. Pensiya məbləğinin hesablanması barədə məlumat vərəqində pensiya məbləğinin hesablanması dövrü kimi xx.xx.1989-xx.xx.1994, xx.xx.1999-xx.xx.1999 tarixləri qeyd edilmişdir. Tərtər Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının 2, 11 və 12-ci bəndlərinə müvafiq olaraq bildirilir ki, rayon İcra Hakimiyyəti başçısı Aparatı əməkdaşlarının (dövlət qulluqçularının) dövlət məvacibinin tərkibi aşağıdakılardan ibarətdir: aylıq vəzifə maaşından, il ərzində aylıq vəzifə maaşının 3 misli məbləğində mükafatdan, ixtisas dərəcəsinə görə əlavədən, qulluq stajına görə əlavədən, hakimiyyət səlahiyyətlərinin icrasına görə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanına uyğun olaraq başçının müavinləri, şöbə müdirinin müavinlərinə vəzifə maaşının 15 faizi miqdarında aylıq ödəmədən. Bu ödəmələr dövlət büdcəsindən ödənilir və dövlət sosial sığortasına cəlb edilir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məlumat məktubuna əsasən, İddiaçı 9 noyabr 2014-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyasından hazırda hər hansı tutulma həyata keçirilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 22. Dövlət məvacibi 22.1. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.4. Dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydası

2. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq əlavə haqq verilir.

3. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir.

4. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir.

Aylıq vəzifə maaşına əlavə Qulluq stajı (il) haqq (faizlə) 1 ildən – 5 ilədək 5 5 ildən – 10 ilədək 10 10 ildən – 15 ilədək 20 15 ildən yuxarı 30

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamə

12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı

2. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilsin. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı

4. 3-cü - 5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri;

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları

2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.

3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.

11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası

6. Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli Qərardadı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə” müddəası pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş hər ilə görə aylıq vəzifə maaşının 3 misli həcmində mükafatın, dövlət qulluqçusu kimi 15 ildən çox qulluq stajına uyğun olaraq aylıq vəzifə maaşının 30 faizi məbləğində, həmçinin hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçuları üçün təyin edilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yenidən hesablama nəticəsində yaranmış fərqin birdəfəyə ödənilməsidir. Məhkəmə əvvəla iddia tələbinin dövlət qulluqçusu kimi təyin olunmuş pensiyaya qulluq stajına görə 30 faizlik əlavənin hesablanması hissəsi ilə bağlı qeyd edir ki, qanunvericiliyə uyğun olaraq, dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq hər ay əlavə haqq ödənilir. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı 15 ildən yuxarı olduqda aylıq vəzifə maaşının 30 faizi miqdarında hər ay əlavə haqq ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı 2014-cü ilin noyabr ayından yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmin vaxtda iddiaçının 25 ildən artıq dövlət qulluğu stajı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, iddiaçının dövlət qulluğunda qulluq stajı 15 ildən yuxarı olduğuna görə onun pensiyasına aylıq vəzifə maaşının 30 faizi miqdarında əlavə haqq hesablanmalıdır. İddia tələbinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş hər ilə görə aylıq vəzifə maaşının 3 misli həcmində mükafatın və hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçuları üçün təyin edilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavənin pensiyaya hesablanması hissəsində məhkəmə qeyd edir ki, iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. İşin halları ilə müəyyən olunur ki, İddiaçı pensiyanın təyin edilməsi üçün xx.xx.1989xx.xx.1994, xx.xx.1999-xx.xx.1999 tarixləri arasındakı dövrləri seçmişdir. İddiaçı həmin dövlərdə hər il üçün aylıq vəzifə maaşına 1 mükafat almışdır. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il üçün aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitin verilməsini nəzərdə tutan “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamə isə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təyin edilən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqı iddiaçı yuxarıda göstərilən dövrlərdə dövlət qulluğunda çalışarkən ümumiyyətlə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə iddianın yenidən hesablama nəticəsində yaranmış fərqin birdəfəyə ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, qanunun 32.1-1-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli Qərardadında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə” müddəası pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 2014-cü ilin noyabr ayından yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı cavabdeh orqana pensiyasının yenidən hesablanması üçün 14 aprel 2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmənin qənətinə görə bu hissədə iddia qismən təmin edilməli və xx.xx.2020-ci il tarixdən yenidən hesablama nəticəsində yaranmış fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, dövlət qulluqçusu kimi 15 ildən çox qulluq stajına uyğun olaraq aylıq vəzifə maaşının 30 faizi məbləğində əlavə nəzərə alınmaqla İddiaçı pensiyasının yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən yenidən hesablama nəticəsində yaranmış fərq üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia qismən təmin edilsin. Dövlət qulluqçusu kimi 15 ildən çox qulluq stajına uyğun olaraq aylıq vəzifə maaşının 30 faizi məbləğində əlavə nəzərə alınmaqla İddiaçı pensiyasının yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən yenidən hesablama nəticəsində yaranmış fərq üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar