Məhkəmə qərarları › İş №2-1(114)-2905/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2905/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2905/2023 13.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1970-ci ilin əvvəllərindən xx.xx.1978-ci ilə kimi Qərbi Azərbaycanın Basarkeçər rayonunun Əzizli adına kolxozunda, xx.xx.1978-ci ildən xx.xx.1982-ci ilə kimi Basarkeçər (Vardenis) rayonunda yerləşən "Selxotexnika İdarəsində", xx.xx.1982-ci ildən xx.xx.1992-ci ilə kimi Bərdə rayon "Yenihəyat kolxozunda", xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi Tərtər rayonunda yerləşən "Zülfi Hacıyev" adına kolxozda, xx.xx.1995-ci ildən 1997-ci ilə kimi Bərdə rayon "Yenihəyat Kolxozunda" işlədiyi illərin sosial sığorta stajina hesablanaraq ona pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, ilk əmək faəliyyətinə 1970-ci ilin əvvəllərindən xx.xx.1978-ci ilə kimi Qərbi Azərbaycanın Basarkeçər rayonunun Əzizli kolxozunda traktorçu kimi başlamışdır. xx.xx-1978-ci ildən xx.xx.1982-ci ilə kimi Vardenis rayonu, Selxotexnika İdarəsinədə, xx.xx.1982-ci ildən xx.xx.1992-ci ilə kimi Bərdə rayon Yenihəyat kolxozunda, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi Tərtər rayon Zülfi Hacıyev adına kolxozda, xx.xx.1995-ci ildən 1997-ci ilə kimi Bərdə rayon Yenihəyat kolxozunda fasiləsiz olaraq traktorçu işləmiş, həmin dövrlərdə traktorçu kimi işlədiyi illər ona məxsus əmək kitabçasında və Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli, 240 saylı arayışda öz əksini tapmışdır. Hazırda 65 yaşı tamam olmuş, pensiyaya çıxmağı ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qarabağ Regional filialına müraciət etmiş, iş baxılması üçün aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına göndərilmişdir. Həmin mərkəz tərəfindən verilmiş imtinada işlədiyi dövrlərin 21 il 24 gün təşkil etdiyi və xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilə kimi fərdi hesabının sığorta hissəsində kapital olmadığı qeyd edilmişdir. Bundan başqa mərkəz tərəfindən məhkəməyə müraciət etmək hüququ izah olunmuş, bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1992- 1995-ci illərdə də işləmiş, qeyd olunan illər ona məxsus əmək kitabçasında qeyd edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçalarına və Bərdə rayon Dövlət Arxivinin 240 nömrəli arayışına əsasən 21 il 24 gün sığorta stajı mövcuddur. Belə ki, İddiaçı təqdim etdiyi əmək kitabçalarına əsasən 1970-1978-ci illər (4 il 8 gün); xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövr (1 il 6 ay), xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövr (2 il 2 ay 16 gün), Bərdə rayon Dövlət Arxivinin 240 nömrəli arayışına əsasən 1982-1997-ci illər (13 il 4 ay) əmək fəaliyyət dövrü nəzərə alınmaqla ümumi 21 il 24 gün mübahisələndirilməyən sığorta stajı mövcuddur. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının qanunvericiliklə tələb olunan sığorta stajına malik olmaması səbəbindən onun yaşa görə əmək pensiyası hüququ mövcud deyildir. Bu səbəbdən də iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının qeyd olunan iş illərinin sosial sığorta stajına daxil edilməsindəki məqsədi ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İstinad olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçının yaşa görə pensiya hüququ 65 yaşla xx.xx.2022-ci il tarixdə yaranmışdır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən iddiaçının 1970- 1978-ci illər (4 il 8 gün); xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövr (1 il 6 ay), xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövr (2 il 2 ay 16 gün), Bərdə rayon Dövlət Arxivinin 240 nömrəli arayışına əsasən 1982-1997-ci illər (13 il 4 ay) də nəzərə alınmaqla ona ümumilikdə 21 il 24 gün mübahisələndirilməyən sığorta stajı hesablamışdır. Qeyd edilməlidir ki, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 240 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı Dövlət Arxivində mühafizə olunan Yeni Həyat kolxozunun şəxsi heyətə dair sənədlərinə əsasən, 1982-1992 və 1995-1997-ci illərdə işləyərək əmək haqqı almış, qeyd olunan müddətlər üzrə minimum əmək günü norması 220 olmuş, iddiaçı 1988 və 1992-ci illər istisna olmaqla digər illərdə minimum əmək günü normasını ödəmişdir. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qeyd edilməlidir ki, iddiaçının 1988 və 1992-ci illər üzrə iş stajı yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Müvafiq arxiv arayışından görünür ki, iddiaçı müəyyən edilmiş 220 günlük əmək günü norması üzrə 1988-ci il üzrə 169, 1992-ci il üzrə 133 gün işləmişdir. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir: 1988 və 1992-ci illər üzrə: (169+133)x12/220=16.5≈1 il 4 ay 15 gün Beləliklə müəyyən olunur ki, iddiaçı 1982-1992 və 1995-1997-ci illər üzrə ümumilikdə 13 il 4 ay 15 gün işləmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1970-xx.xx.1978-ci illər üzrə işləyərək əmək haqqı almış, qeyd olunan müddətlər üzrə minimum əmək günü norması 250 olmuş, iddiaçı 1970-1973, 1975 və 1978-ci illər istisna olmaqla digər illərdə minimum əmək günü normasını ödəmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, müəyyən edilmiş 250 günlük əmək günü norması üzrə 1970-ci il üzrə 23, 1971-ci il üzrə 73, 1972-ci il üzrə 67, 1973-cü il üzrə 19, 1975-ci il üzrə 183 və 1978-ci il üzrə 40 gün işləmişdir. Yuxarıda qeyd olunan qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir: 1970-1973, 1975 və 1978-ci illər üzrə: (23+73+67+19+183+40)x12/220=19.4≈1 il 7 ay 12 gün Beləliklə müəyyən olunur ki, iddiaçı xx.xx.1970-xx.xx.1978-ci illər üzrə ümumilikdə 4 il 7 ay 12 gün işləmişdir. Bundan əlavə iddiaçıya məxsus xx.xx.2022-ci il tarixli əmək kitabçası ilə müəyyən edilmişdir ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (1 il 6 ay 1 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 2 ay 16 gün) və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (2 il 5 ay 2 gün) olan müddətlər üzrə ümumilikdə 5 il 8 ay 19 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.1970-xx.xx.1978-ci illər üzrə - 4 il 7 ay 12 gün, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək - 1 il 6 ay 1 gün, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək - 2 il 2 ay 16 gün, 1982-1992 və 1995-1997-ci illər üzrə - 13 il 4 ay 15 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək - 2 il 5 ay 2 gün olmaqla ümumilikdə 23 il 8 ay 16 gün işlədiyi müəyyən edilmişdir. Beləliklə iddiaçının iş stajını təsdiq edən sənədlərə əsasən müəyyən olunur ki, onun ümumilikdə sosial sığorta stajı 25 ildən azdır (cəmi 23 il 8 ay 16 gün). Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı tamamlanmır. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar