Məhkəmə qərarları › İş №2-1(114)-2905/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2905/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2905/2024 17.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, X14 və İddiaçı iştirakı ilə, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X14 hazırda ünvan 1i ünvanında yaşayır. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2016-ci il tarixli qərarına əsasən iddiaçının atası X4 AA seriyalı 375784 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X8 (ailə tərkibi X15, X14, X17) Laçın rayonundan məcburi köçkün düşməklə, Bərdə rayonu, Qaradağlı kəndində müvəqqəti məskunlaşmışdır. İddiaçı X8 ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək, ona məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-36-3/2-H-1xx-xx/2024/175 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə “məcburi köçkün” statusunu təsdiq edən vəsiqə verilir. X5 anası X9 qeydiyyatı Bərdə rayonu, Güloğlular ə/d, Güloğlular kəndində olduğundan, müraciətin müsbət həlli imkan xaricindədir. İmtina ilə razılaşmayan iddiaçı X8 cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, erməni təcavüzü ilə əlaqədar Laçın rayonu Nişni kəndindən may 1992-ci ildə ailəsilə məcburi köçkün düşmüş və Bərdə rayonu Qaradağlı kəndində məskunlaşmışdır. O, xx.xx.2006-ci ii tarixdə X11 ilə ailə həyatı qurmuş və birgə nigahdan xx.xx.2007-ci il təvəllüdlü oğlu X16, xx.xx.2010-cu il təvəllüdlü X17 anadan olmuşdur. Ona məcburi köçkün statusunun təsdiq edən vəsiqə verilmiş və aylıq çörək pulu müavinəti ilə hər iki övladı ilə birlikdə hazır ki vaxtda qədər təmin olunur. X2 məcburi köçkün statusunun təsdiq edən vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Hansı ki, o, məcburi köçkün statusu daşıyır və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş köçkün vəsiqəsi var və iki övladıyla birlikdə aylıq yemək xərci müvinəti alırlar. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bərdə rayon üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-ci il tarixli 374 nömrəli arayışdanda göründüyü kimi hazırda Bərdə rayon Qaradağlı kəndində ailəsi X15 və uşaqları xx.xx.2007-ci il təvəllüdlü oğlu X16 və xx.xx.2010-cu il təvəllüdlü X17 ilə birlikdə Bərdə rayonu Qaradağlı kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh orqan etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. X12 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X5 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; İddiaçı ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; X5 anası X15 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X3 rayonu, Güloğlular ərazi dairəsi, Güloğlular kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X5 anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, “Bərdə rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün’’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı və X14 məhkəmə iclasına gəlmiş, cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. X14 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək atasının təqdim etdiyi iddia ərizəsində İddiaçı əsl iddiaçı X14 ilə əvəz olunmasını xahiş etmiş, eyni zamanda X8 ərizə təqdim edərək onun əsl iddiaçı olan oğlu X14 ilə əvəz olunmasına etiraz etmədiyini bildirmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət edilmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinad edilməklə, anasının yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AA seriyalı 375784 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, iddiaçının atası X1 rayonundan məcburi köçkündür. Cavabdehin hazırkı imtinasının əsası iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, iddiaçının atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, anası işğal olunmuş rayonda qeydiyyatda deyildir. Məhkəmə qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçıya məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X12 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar