Məhkəmə qərarları › İş №2-1(114)-291/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-291/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-291/2022 06.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə 23.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur. O, 1971- 1973-cü illərdə Goranboy rayonun Faxralı kəndində kolxozçu vəzifəsində işləmişdir, hansı ki, sözügedən 1971-1972-ci illərə aid arxiv sənədləri kolxozda yandığından arxivə verilməmiş, lakin bu dövr Goranboy rayon Dövlət Arxivinin arayışı ilə təsdiq olunmuşdur. Bundan əlavə iddiaçı 12.05.1974-cü il tarixdən 19.05.1976-cı il tarixədək sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmiş, hərbi xidmətdən qayıtdıqdan sonra 1976-1983-cü illərdə Goranboy rayonun Faxralı kəndində kolxozçu işləmiş, həmçinin həbsdə olduğu 1983-1988-ci illərdə koloniyada olduğu dövr X6 Ust-Vımskı rayon xalq məhkəməsinin 02.12.1988-ci il tarixli qərardadı ilə əmək stajı dövrünə daxil edilmişdir. Hal-hazırda iddiaçının 15 il sığorta stajı vardır və 18.03.2017-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı yaşa görə əmək pensiyası almaq məqsədilə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin 16.03.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 5 il 5 ay kolxoz, 2 il 7 gün hərbi xidmət, 10 gün cəzaçəkmə müddəti olmaqla cəmi 7 il 5 ay 17 gün sosial sığorta stajı var, bu isə pensiya təyinatı üçün kifayət etmir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddiaçının cəzaçəkmə müddəti tam nəzərə alındığı təqdirdə pensiya təyinatı üçün sosial sığorta stajı yaranır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin 07.05.2018-ci il tarixli 217 nömrəli arayışdan görünür ki, iddiaçı 12.05.1974-cü il tarixdən 19.05.1976-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. -surəti işə əlavə edilmiş Goranboy Rayon Dövlət Arxivinin 24.09.2018-ci il tarixli 168 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1973, 1976-1980, 1982-1983, 1988-1991-ci illərdə Fəxralı kolxozunda işləmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 06.07.2021-ci il tarixli **********4 nömrəli imtina məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş X6 Ust-Vımskı rayon xalq məhkəməsinin 02.12.1988-ci il tarixli qərardadından görünür ki, İddiaçı məskunlaşma koloniyasında 15.08.-25.08.1988-ci il tarixədək işləmə müddəti əmək stajına daxil edilmişdir. -surəti işə əlavə edilmiş Goranboy Rayon Dövlət Arxivinin 07.12.2021-ci il tarixli 95/1 nömrəli arxiv arayışından görünür ki, Goranboy rayon Fəxralı adına kolxozda 1973-1983cü illərdə kişilər üçün adam günü norması 220, Xanlar adına kolxozda 1984-1985-ci illərdə kişilər üçün adam günü norması 200, 1986-1995-ci illərdə kişilər üçün adam günü norması 180 gün olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı ümumilikdə 15 il sığorta stajı olduğunu iddia edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən onun sosial sığorta stajının ümumilikdə 7 il 5 ay olduğuna və tələb olunan 12 illik sığorta stajı tələbini ödəmədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş materiallarına əlavə edilmiş arxiv arayışına əsasən, iddiaçının faktiki əmək günü 1973-cü ildə 298 gün, 1976-cı ildə 31 gün, 1977-ci ildə 152 gün, 1978-ci ildə 41 gün, 1979cu ildə 72 gün, 1980-ci ildə 91 gün, 1982-ci ildə 129 gün, 1983-cü ildə 197 gün, 1988-ci ildə 76 gün, 1989-cu ildə 175 gün, 1990-cı ildə 54 gün və 1991-ci ildə 84 gün olmuşdur. Həmçinin Goranboy rayon Dövlət arxivi tərəfindən məhkəməyə göndərilmiş 07.12.2021-ci il tarixli 95/1 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Goranboy rayon Fəxralı adına kolxozda 1973-1983-cü illərdə kişilər üçün adam günü norması 220, 1986- 1995-ci illərdə kişilər üçün adam günü norması 180 gün müəyyən edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının qeyd olunan illər üzrə iş stajı yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir: 1973-1983-cü illər üzrə:- 298+31+152+41+72+91+129+197=1011; 1011x12=12132; 12132/220≈55 ay (4 il 7 ay) 1988-1991-ci illər üzrə:- 76+175+54+84=389; 389x12=4668; 4668/180≈25 ay (2 il 1 ay) Beləliklə, iddiaçının qeyd olunan illər üzrə kolxozda faktiki müddət üzrə iş stajı ümumilikdə 6 il 8 ay hesablanmalıdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, 12.05.1974-cü il tarixdən 19.05.1976cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur və həmin dövrlər üzrə onun 2 il 7 gün sığorta stajı var. Bundan əlavə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin “g” bəndinə əsasən şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət iş stajına daxil edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının məskunlaşma koloniyasında 15.08.- 25.08.1988-ci il tarixədək işləmə müddəti əmək stajına daxil edilmişdir. Həmin qərardadın məzmunu ilə müəyyən olunur ki, iddiaçının cəzaçəkmə müəssisəsində məskunlaşması 01.11.1983-cü ildən sayılmışdır. Bu səbəbdən də onun 01.11.1983-cü il tarixdən 25.08.1988-ci il tarixədək müddət üzrə ümumilikdə 4 il 9 ay 24 gün sığorta stajı olması müəyyən edilir. Beləliklə iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən 6 il 8 ay kolxozdakı iş stajı, 2 il 7 gün hərbi xidmət müddəti və 4 il 9 ay 24 gün cəza çəkdiyi müddət olmaqla ümumilikdə 13 il 6 ay sığorta stajı müəyyən olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla qanunvericiliyin tələbinə əsasən 2017-ci il üçün yaş tələbi olan 63 yaşa 18.03.2017-ci il tarixdə çatdığı üçün yaş tələbini də ödəmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunun 1.12-ci bəndi ilə müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7ci maddənin birinci hissəsində “ 62” rəqəmləri “ 63” rəqəmləri ilə, “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasında tələb olunan sığorta stajı 12 il olmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçı tələb olunan pensiya yaşına çatmaqla yanaşı, həm də tələb olunan sığorta stajına malikdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar