Məhkəmə qərarları › İş №2-1(114)-291/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-291/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-291/2023 16.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) fərdi yaşayış evinə dövlət reyestrindən verilmiş çıxarışda düzəliş edilərək yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarışda düzəliş edilərək Ağdam rayonu, Evoğlu kəndində yerləşən fərdi yaşayış evinin çıxarışında daşınmaz əmlakın ümumi sahəsi “134 kv.m” qeyd olunmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə etdiyi əmlakların bölgüsünü tələb etmiş, Ağdam rayonu, Evoğlu kəndində yerləşən ümumi sahəsi 24.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Ağdam Rayon Məhkəməsinin 2(13)-1635/2016 saylı qətnaməsi ilə aralarında bölünmüşdür. Hazırda həmin mənzilin ½ pay hüququ ona məxsusdur. Ağdam Rayon Məhkəməsinin 2(13)-1635/2016 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-681/2017 saylı qətnaməsi ilə evə münasibətdə dəyişdirilməmişdir. ½ pay hüququ iddiaçıya məxsus Ağdam rayonu, Evoğlu kəndində yerləşən ümumi sahəsi 24.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evi faktiki olaraq çıxarışda göstərilən evlə eynilik təşkil etmir. Belə ki, ev birgə nikah dövründə inşa edilmişdir və heç vaxt 24 kv.m olmamışdır. Həmin evin naturada bölgüsü ilə bağlı mülki işə baxılarkən ona məlum olmuşdur ki, ev texniki posportda və çıxarışda düzgün qeyd edilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə çıxarışındakı yanlışlıqların düzəldilməsini xahiş etsə də ona yalnız evin real vəziyyəti barədə cavab verilmiş, yanlışlıqlar aradan qaldırılmamışdır. AR ƏMDK DƏDKRX 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 9530 inventar nömrəli sübutdan da göründüyü kimi sənəd üzrə torpaq sahəsi 0.24 ha, açıq eyvan 8.2 kv.m, giriş otağı 24, yaşayış otağı 29.6, yaşayış otağı 30.3, hamam 5.8, mətbəx 14.5, giriş otağı 21.6 kv.metrdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş imtinadan da göründüyü kimi paylı mülkiyyətdə olan ev faktiki olaraq 134 kv.m-dir. Bundan əlavə evi əldə etməmişdən qabaqkı mülkiyyətçinin sənədlərindən də göründüyü kimi heç vaxt 24 kv.m olmamışdır. Lakin cavabdeh heç bir əsas olmadan çıxarışda bunları düzgün qeydiyyata alınmamış, həmin çıxarışda daşınmaz əmlakın ümumi sahəsi “24 kv.m”, torpaq sahəsinin mülkiyyət növü- “bələdiyyə”, torpaq sahəsi üzərində hüququn növü "istifadə", torpaq sahəsinin ölçüsü (hektarla) isə 0.24 göstərilmişdir. Bütün bu uyğunsuzluqların aradan qaldırılması üçün DƏDRX-in Yevlax şəhər Ərazi İdarəsinə müraciət etsə də, uyğunsuzluğu aradan qaldırmaqdan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, evin 2010-cu ildə həcmi 134 kv.m olmuşdur, bu barədə texniki pasport mövcuddur. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Ağdam rayonu, Evoğlu kəndində yerləşən ümumi sahəsi 24 kv.m olan, yaşayış sahəsi 24 kv.m olan fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüquqları tam olaraq xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Ağdam Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2-660/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında qeydiyyata alınmışdır. Sözügedən qətnamədə fərdi yaşayış evinin ümumi sahəsi 24 kv.m olan, yaşayış sahəsi 24 kv.m kimi qeyd olunmuşdur. Hüquqların dövlət qeydiyyatı zamanı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyi üçün torpaq sahəsi faktiki olaraq 0.24 ha göstərilməklə bələdiyyə-istifadə kimi qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi üzərində iddiaçının və X3 mülkiyyət hüquqları Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-681/2017 nömrəli, 30 mart 2017-ci il tarixli qətnaməsi əsasında ½ hissə ilə xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Evin əlavə tikililəri barədə müvafiq icazə və layihə sənədləri təqdim edilməmişdir. Üçüncü şəxs X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə yaşadıqları evi 2001-ci ildə almışlar, alan zaman evin həcmi 24 kv.m olmuşdur, iddiaçı ilə boşandıqdan sonra evi böyüdüb, otaqların sayını artırmışdır. Ona görə də artırılmış sahənin iddiaçının adına qeydə alınması qanunsuzdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş X8 filialının xx.xx.2022-ci il tarixli, 85 nömrəli arxiv arayışından görünür ki, filialda saxlanılan Ağdam rayon Qaradağlı kənd ərazi nümayəndəliyinin 1996-2000-ci illərə dair 13 nömrəli təsərrüfatbaşına uçot kitabının 881-ci səhifəsinə əsasən X1 adına 10 sot həyətyanı torpaq sahəsi və ümumi sahəsi 72 kv.m olan ev qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 2-660/2010 saylı, xx.xx.2010cu il tarixli qətnaməsindən görünür ki, mərhum X4 miras qalmış Ağdam rayon Evoğlu kəndində yerləşən 0.20 ha torpaq sahəsi və 1985-ci ildə tikilmiş ümumi sahəsi 24 kv.m, yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə X3 mülkiyyət hüququ tanınmışdır. -surəti işə əlavə edilmiş 9530 inventar nömrəli, xx.xx.2010-cu il tarixli Texniki pasportdan görünür ki, Ağdam rayon Evoğlu kəndində yerləşən X5 məxsus fərdi yaşayış evinin ümumi sahəsi 134.0 kv.m qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 2(13)-1635/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Ağdam rayonu, Evoğlu kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 1 mətbəx və hamam-taletdən ibarət olan kürsülü yaşayış evi X6 və İddiaçı arasında bərabər şəkildə bölünmüşdür. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağdam rayonu, Evoğlu kəndində 0.24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evi X6 və İddiaçı hər birinin ½ -hissə payı müəyyən edilməklə xüsusi mülkiyyətlərindədir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********91 nömərli məktubundan görünür ki, Ağdam rayonu Evoğlu kəndində yerləşən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış paylı mülkiyətdə olan fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınmış sənəd üzrə olan hissəsi 24.0 kvm, faktiki olaraq ümumi sahəsi isə 134.0 kvm-dir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********34 nömərli məktubundan görünür ki, Ağdam rayonu Evoğlu kəndində yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən verilmiş çıxarışda düzəliş edilərək yeni çıxarışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Ağdam rayonu, Evoğlu kəndində ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evi X6 və İddiaçı hər birinin ½ -hissə payı müəyyən edilməklə xüsusi mülkiyyətlərindədir. Sözügedən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınmış sənəd üzrə olan hissəsi 24.0 kvm, faktiki olaraq ümumi sahəsi isə 134.0 kvm-dir. İddiaçı Fərdi yaşayış evinə dövlət reyestrindən verilmiş çıxarışda evin ümumi sahəsinin “134 kv.m” qeyd olunmaqla düzəliş edilərək yeni çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə Ağdam Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2-660/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsində fərdi yaşayış evinin ümumi sahəsinin 24 kv.m qeyd olunması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-7891/2017 nömrəli qərarın məzmunundan görünür ki, iddiaçı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Ağdam rayonu Evoğlu kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə pay hüququ qazanmışdır və buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. İddiaçı məhz həmin həcmdə əmlak payı hüququ qazandığından çıxarışda əmlakın həcmi ilə bağlı düzəliş edilməsi onun marağını təmin etməyəcəkdir. Bundan əlavə, həmin ev ilkin qeydiyyat olaraq üçüncü şəxsin mülkiyyətinə Ağdam Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2010-cu il tarixdə verilmiş və qətnamədə həcmi 24 kv.m göstərilmişdir. Çıxarış verilərkən tərtib edilmiş xx.xx.2010-cu il tarixli Texniki pasportda evin ümumi sahəsi 134 kv.m göstərilsə də, evin həcmi qətnaməyə uyğun olaraq 24 kv.m qeydə alınmışdır. Odur ki, hazırda əlavə tikililər barədə müvafiq icazə və layihə sənədləri mövcud olmadığı halda evin sahəsinin daşınmaz əmlakın dövlət reyestrində 134 kv.m göstərilməsi ilə bağlı iddiaçının tələbi hüquqi nəticə etibarilə qanunsuz tikilinin rəsmiləşdirilməsinə xidmət edir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışlarda fərdi yaşayış evinin həcmi ilə bağlı düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar