Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-292/2023 14.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçının cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kirayə haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən başlayaraq mənzillə təmin olunanadək hər ay qanunla müəyyən olunmuş məbləğdə kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan mayor olmaqla 2000-ci ildən 2004-cü ilədək Azərbaycan Ali Hərbi Məktəbində kursant kimi təhsil almış, xx.xx.2004-cü ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvəlrinin tərkibində zabit kimi qulluq etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən silahlı qüvvələrdən ehtiyata buraxılmışam. Hazırda Azərbaycan Respublikası Səfərbərik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır. Bundan sonra qeydiyyatda olan zabit kimi Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 216 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil qeydiyyatına götürülmüşdür. Ailə tərkibi 4 nəfərdən ibarətdir, özündən başqa həyat yoldaşı və yetkinlik yaşına çatmayan 2 uşağı vardır. İddia ərizəsinə əlavə etdiyi kirayə müqaviləsindən də, görünür ki, 13 iyun 2022-ci ildən kirayədə yaşamaqla hər ay kirayədara 250 manat kirayə haqqı verir. Həmin kirayə haqqının dövlət tərəfindən ödənilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin həmin orqandan imtina cavabı verilmişdir. İddiaçı və vəkili X1 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə ŞİH MKTİB-nin 6 nömrəli xidmət sahəsinin xx.xx.2023-cü il tarixli, 47 nömrəli arayışında bildirilir ki, İddiaçı Gəncə şəhəri, 4-cü mkr., bina 4B, mənzil 28-də xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi əsasında həmin tarixdən yaşayır. -xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri, 4-cü mkr., bina 4B, mənzil 28 xx.xx.2025-ci il tarxinədək 250 manat kirayə haqqı ödənilməsi qarşılığında İddiaçı kirayəyə verilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 216 nömrəli sərəncamından görünür ki, ehtiyata buraxılan hərbi qulluqçu İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 81 nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.2000ci il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Ali Hərbi Məktəbidə kursant, xx.xx.2004-cü ildən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində xidmət etmişdir, Azərbaycan Respublikası Müdafiə Nazirinin № 0118 saylı xx.xx.2022-cı il tarixli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuşdur və hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsində qeydiyyatdadır. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli Ə-175- 088 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, xx.xx.2004-cü ildən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0118 saylı xx.xx.2022-cı il tarixli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuşdur. Eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 216 nömrəli sərəncamı ilə ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq mənzillə təmin olunanadək hər ay qanunla müəyyən olunmuş məbləğdə kirayə haqqının ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu iddiaçının öz arzusuna əsasən ehtiyyata buraxılmasını əsas gətirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində qeyd olunmuşdur ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarından görünür ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Beləliklə müəyyən olunur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş şəxslərin dairəsinə daxil deyil. İş materiallarından da görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuşdur. Odur ki, yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı kirayə haqqının verilməsini tələb etməkdə haqlı deyil və cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçının cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-292/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-292/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver