Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2925/2023 19.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı veteranlığın təsdiq olunması barədə ərizəsi üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı veteranlığın təsdiq olunması barədə ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, onun veteranlığının təsdiq olunması üçün qərardad çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, ikinci qrup hərbi əlilldir, əlillik dərəcəsi ona ordu sıralarında aldığı xəsarətə görə ömürlük olaraq təyin olunmuşdur. O, Birinci Qarabağ müharibəsi zamanı 1991-1992-ci illərdə yaşadığı kəndin özünmüdafiə dəstəsində ermənilərə qarşı döyüşmüşdür. Buna baxmayaraq, bugünə kimi veteranlığını təsdiq etdirə bilməmişdir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
4. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
6. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 46-cı maddəsinin (iddia ərizəsinin məzmunu) tələblərinə uyğun tərtib edilməmiş, məhkəməyə iddia ərizəsi təqdim edilməli olduğu halda, ərizə ilə müraciət edilmiş, habelə ərizədə cavabdeh inzibati orqanın adı, ünvanı göstərilməmişdir.
7. Eyni zamanda, ərizədə tələb qeyri-müəyyən olmaqla, iddiaçı cavabdehə qarşı yönəlmiş konkret tələbi qeyd edilməmişdir.
8. Halbuki, İnzibati Prosessual Məcəlləsinin 46.1.2 və 46.1.3-cü maddələrinin tələblərinə əsasən iddiaçının tələbi, inzibati orqanın adı və hüquqi ünvanı iddia ərizəsində göstərilməlidir.
9. İddiaçı İnqlab oğlunun ərizəsinin məzmunundan başa düşüldüyü qədər, onun hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, bu halda onun tələbi müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması olacaqdır və bu zaman onun tələbi öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Bu baxımdan, həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Məhkəməyə təqdim olunmuş materiallarda isə iddiaçının cavabdeh inzibati orqana müraciəti və bundan imtina edilməsi (və ya hərəkətsizlik göstərməsi) barədə yazılı sənəd mövcud olmamışdır.
10. Məhkəmə qeyd edir ki, hazırkı materiallarda İddiaçı İnqlab oğlunun cavabdeh orqana müraciəti və imtina məktubu olmadığına görə, iddia ərizəsində yol verilən xətaların aradan qaldırılmasından, eyni zamanda iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin ediləcəyi və həmin xətaların aradan qaldırılacağı halda belə, bu iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq bundan imtina edilmişdir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçı nəzərinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva