Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2934/2023 04.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı X7 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olduğu, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Kirovabad Rabitə və Siqnalizasiya Distansiyasında, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək "Azərrabitətikinti" trestinin Kirovabad şəhərindəki PMK-4 müəssisəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək X3, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Gəncə şəhəri "Çinar-2" Kooperativində, 22.03..2005-ci il tarixdən hal-hazıradək X6 işlədiyi müddəti nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdeh Filial tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 1775 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması. Bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); yeraltı işlərdə, inəcəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış; pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanda yaşayır. O, xx.xx.1978-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, xx.xx.1980-ci il tarixdə (iki il 26 gün) ordudan tərxis olunmuşdur. xx.xx.1982-ci il tarixdə Kirovabad Rabitə və Siqnalizasiya Distansiyasına fəhlə işinə qəbul olunub, xx.xx.1982-ci il tarixdə (üç ay 19 gün) elektrik montyoru işinə dəyişdirilərək xx.xx.1982-ci il tarixdə (üç ay 19 gün) ərizəsi ilə işdən çıxmışdır. xx.xx.1983cii il tarixdə “Azərrabitətikinti” Trestinin Kirovabad şəhərindəki PMK-4 müəssisəsində 3-cü dərəcə elektrik montyoru işinə qəbul olunub, xx.xx.1985-ci il tarixdə (bir il on bir ay) işdən azad olunmuşdur. xx.xx.1985-ci il tarixdə X5 2-ci dərəcə çilingər işinə qəbul olunub, xx.xx.1986-cı il tarixdə (beş ay iyirmi dörd gün) teplovoz maşinist köməkçisi işinə dəyişdirilərək, xx.xx.1990-cı il tarixdə (dörd il altı ay on bir gün) işdən azad olunmuşdur. xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində “Çinar-2” Kooperativinə cildçi işinə qəbul olunub, xx.xx.1992-ci il tarixdə operator işinə dəyşirilib, xx.xx.1995-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.2005-ci il tarixdə X9 elektrovoz maşinist köməkçisi işinə qəbul olunub, 2008-ci il tarixdə maşinist vəzifəsinə dəyşirilib, hal-hazıra kimi həmin vəzifədə işləyir. Onun hesablamalarına görə “Çinar-2" kooperativində işlədiyini nəzərə almadan onun cəmi 28 ildən artıq ümumi əmək stajı vardır. Həmin stajın 19 ildən çoxunu güzəştli şərtlər qrupuna aid olan işdə işləmişdir. Onun 60 yaşı tamam olan vaxtı qüvvədə olan Qanunlara, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu barədə müvafiq Qərarına görə 60 yaşı tamam olmuş, ümumi iş stajı 25 il həmin iş stajının 12 il 06 ayını güzəştli şərtlərlə olan peşələrdə işləyən kişilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxırlar. O isə hazırda 64 yaşına keçmişdir. xx.xx.2019-cu il tarixdə 60 yaşı tam olan vaxta kimi onun ümumi 25 il 2 ay 9 gün əmək stajı, bunun da 14 ildən artığı zərərli işdə, güzəştli şərtlərlə işdə işləmişdir. Onun qüvvədə olan Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4 bölməsinin, 19-cu bəndinə əsasən 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, onun ümumi əmək stajını özündə əks etdirən əmək kitabçasını, hərbi biletini və digər sənədlərini nəzərə alıb onun 60 yaşı tam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü axırıncı dəfə 2023-cü ilin aprel ayının 06-da Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etsə də, əmək kitabçasını sənədlərinə əlavə etmədiyini bəhahə gətirərək pensiya təyin etməyib sənədlərini özünə qaytarmışdır. Hansı ki, o bazada da maşinist vəzifəsində işləyir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edib 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi xahiş etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Fillialı ona 01 may 2023-cü il tarixli imtina məktubu göndərmişdir. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər
6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.
7. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
8. cavabdeh orqanın xx.xx.2023-cü il tarixdə iddianın mümkün sayılmaması barədə ərizəsi məhkəməyə daxil olmuşdur.
9. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bndinə əsasən iddiaçı tərəfindən cavabdehə aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); yeraltı işlərdə, inəcəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürəniin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış; pensiya təyin edilməsi ilə bağlı ərizə. Lakin İddiaçı inzibati orqana müraciət edərkən əmək kitabçasının əslini təqdim etməmişdir. İddiaçının Mərkəzi Filiala müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli 3- 17-1/2-İ-94942/2023 nömrəli məktubda qeyd edildiyi kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli yuxarıda göstərilən müvafiq sənədlər ilə birlikdə iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Məktubun məzmunundan aydın olur ki, iddiaçı tərəfindən əlavə sənəd (sənədlər) təqdim ediləcəyi halda inzibati orqanınn müraciətə yenidən baxaraq araşdırılacağı qeyd olunur. Lakin iddiaçı müvafiq sənədi təqdim etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-94942/2023 nömrəli məktubla iddiaçının hüquqları pozulmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır.
10. İddiaçı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, hazırda X6 işləsə də, pensiya təyinatı ilə əlaqədar əmək kitabçasının əslini kadrlar şöbəsindən müvəqqəti olaraq götürmüşdür. Əmək kitabçasının əslini pensiya təyin edən orqana təqdim etməməsinin xüsusi səbəbi yoxdur. Sadəcə o, əmək kitabçasının surətini təqdim etmişdir və hesab edir ki, surət əsasında da ona pensiya təyin edilə bilərdi, cavabdeh isə süründürməçilik edərək əsassız olaraq bundan imtina etmişdir. Ona görə də, əmək kitabçasının əslini cavabdehə təqdim etmədən birbaşa məhkəməyə müraciət etmişdir.
11. Cavabdehin nümayəndəsi X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, yaşa görə əmək pensiyası təyinatı üçün müraciət edən bütün şəxslərdən əmək kitabçasının əsli tələb edilir və inzibati icraat kitabçanın əslinə baxış keçirməklə həyata keçirilir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində işlədiyi müəssisələrin möhürləri oxunmadığına görə bu sənəd əsasında inzibati icraatı düzgün şəkildə həyata keçirmək mümkün olmayacaqdır. Əsaslandırma hissəsi:
12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
14. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt. Maddə 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.
15. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-i- 94942/2023 nömrəli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, cavabdeh orqan iddiaçının müraciəti üzrə inzibati icraat apara bilməsi üçün öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada əmək kitabçasının əslinin təqdim edilməli olduğunu bildirmiş və bu, cavabdeh orqanın iddiaçının müraciəti üzrə inzibati icraatı həyata keçirməsi üçün zəruri olmuşdur.
16. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən ;...
17. Hazırkı işdə əmək kitabçasının əsli özündə olmasına baxmayaraq, İddiaçı inzibati orqana müraciət edərkən əmək kitabçasının əslini təqdim etməmiş, cavabdeh orqan tərəfindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-94942/2023 nömrəli məktubda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli yuxarıda göstərilən müvafiq sənədlər ilə birlikdə iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla biləcəyi qeyd edilsə də, iddiaçı əmək kitabçasının əslini təqdim etməklə təkrar müraciət etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir.
18. Məhkəmə iclası zamanı İddiaçı bildirmişdir ki, o, hazırda X6 işləsə də, pensiya təyinatı ilə əlaqədar əmək kitabçasının əslini kadrlar şöbəsindən müvəqqəti olaraq götürmüşdür. Əmək kitabçasının əslini pensiya təyin edən orqana təqdim etməməsinin xüsusi səbəbi yoxdur. Sadəcə o, əmək kitabçasının surətini təqdim etmişdir və hesab edir ki, surət əsasında da ona pensiya təyin edilə bilərdi, cavabdeh isə süründürməçilik edərək əsassız olaraq bundan imtina etmişdir. Ona görə də, əmək kitabçasının əslini cavabdehə təqdim etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi X4 isə yaşa görə əmək pensiyası təyinatı üçün müraciət edən bütün şəxslərdən əmək kitabçasının əslinin tələb edildiyini və inzibati icraatın kitabçanın əslinə baxış keçirməklə həyata keçirildiyi, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində işlədiyi müəssisələrin möhürləri oxunmadığına görə bu sənəd əsasında inzibati icraatı düzgün şəkildə həyata keçirməyin mümkünsüz olacağını göstərmişdir.
19. Məhkəmə bununla bağlı qeyd edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacağı bildirildiyi üçün həmin məktub onun müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh orqan iddiaçının müraciətinə baxmamış, araşdırma (inzibati icraat) aparmamış və müraciəti ilə bağlı inzibati akt qəbul etməmişdir. Belə olan halda isə cavabdehin sözügedən məktubu ilə iddiaçının hüquqlarının pozulması halı mövcud olmamışdır.
20. O da qeyd edilməlidir ki, şəxsin müraciəti əsasında inzibati aktın qəbul edilməsi (icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması) üzrə fəaliyyət (inzibati icraat) inzibati orqanlar tərəfindən həyata keçirilməlidir və məhkəmə bu vəzifəni öz üzərinə götürə bilməz.
21. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
22. İPM-in: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva