Məhkəmə qərarları › İş №2-1(114)-2938/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2938/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2938/2025 19.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, İddiaçı Cavabdeh qarşı “işdən çıxması ilə bağlı əmrin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilmə” barədə tələb üzrə işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1974-cü il tarixdə Göyçüy rayonun Çərəkə kəndində anadan olmuş, hazırda Ağdam rayonu, Başgüney kəndində qeydiyyatda olmaqla yaşayır. Cavabdeh komandirinin nizami hissə üzrə xx.xx.2023-cü il tarixli, 254 nömrəli əmri ilə iddiaçı 3-cü əməliyyat taborunun döyüş dəstək taqımının 1-ci pulemyot manqasının tuşlayıcısı vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün xx.xx.2023-cü il tarixdən N nömrəli hərbi hissədən (Yevlax rayonu) gəlmiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuş, vəzifəsinin icrasına başlamışdır. Cavabdeh komandirinin nizami hissə üzrə xx.xx.2024-cü il tarixli, 223 nömrəli əmri ilə iddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:00 xidməti yerini özbaşına tərk etdiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. Cavabdeh komandirinin nizami hissə üzrə xx.xx.2024-cü il tarixli, 226 nömrəli əmri ilə iddiaçı xx.xx.2024-cü il tarixdə saat 07:00 radələrində xidmət yerinə gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. 1-ci Ordu Korpusu (N nömrəli hərbi hissə) komandirinin şəxsi heyət üzrə xx.xx.2024cü il tarixli, 056əç nömrəli əmri ilə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq iddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular bağlaşmaları ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh komandirinin nizami hissə üzrə xx.xx.2024-cü il tarixli, 255 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.2024-cü il tarixdən şəxsi heyətindən siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-23/2-2275/2025 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçının qeydiyyat kartasının Vİİİ bölməsindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə hərbi qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən çıxması ilə bağlı əmrin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilmə barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə poçta təqdim edilmiş, xx.xx.2025-ci il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddiaçıya zəruri hüquqi yardım edilərək iddia tələbini dəqiqləşdirərək cavabdeh N nömrəli hərbi hissəyə qarşı N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 056əç nömrəli əmrinin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa olunma vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair yeni iddia ərizəsi və ya tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilməsi təklif olunmuş, həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmənin sərəncamı iddiaçıya xx.xx.2025-ci il tarixdə müvafiq poçt xidməti orqanı tərəfindən çatdırılmışdır (anası Əfəndiyeva Lətafət poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza atmaqla qəbul etmişdir). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. İddiaçının hüquqi marağı, məqsədi əvvəlki hərbi vəzifəsinə bərpa olunmaqdır. Bunun üçün isə onun hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr ləğv olunmalıdır. İşin faktiki hallarına görə, iddiaçı 1-ci Ordu Korpusu (N nömrəli hərbi hissə) komandirinin xx.xx.2024-cü il tarixli, 056əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, daha sonra sözügedən əmr əsasında Cavabdeh komandirinin nizami hissə üzrə xx.xx.2024-cü il tarixli, 255 nömrəli əmri ilə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, şəxsi heyətindən siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Başqa sözlə, iddiaçının birbaşa hüquqlarına toxunan N nömrəli hərbi hissə komandirinin əmri olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Göründüyü kimi, iddiaçı tələbini düzgün cavabdehə qarşı qaldırmamışdır. Halbuki iddianın mümkünlük şərtlərindən biri də tələbin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsidir. Digər tərəfdən, iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, inzibati orqanın əmrinin ləğvi məqsədini güdür. Qanunvericliyin mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər Hazırkı iş üzrə mübahisələndirilən əmr iddiaçıya rəsmi qaydada təqdim olunmasa belə iddiaçı barəsində qəbul edilmiş əmrin mövcudluğundan xx.xx.2024-cü il tarixdə, yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsində qeydiyyata alındığı tarixdə zaman xəbərdar olduğu qənaətinə gəlmək mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin • 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. • 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdən uzun müddət keçəndən sonra məhkəməyə müraciət (iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir) etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə də bu tələblərə əməl etməklə iddiaçıya düzgün cavabdehə qarşı dəqiqləşdirilmiş iddia tələbi ilə müraciət etməli olduğu, həmçinin müddətin buraxıldığını, müddətin bərpası ilə bağlı ərizənin verilməli olduğunu bildirərək, iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticəni onun diqqətinə çatdırmış, eləcə də 03 iyul 2025-ci il tarixli hüquqi yardım məktubu iddiaçının ünvanına göndərmiş, lakin həmin məktub alınsa da, qeyd olunan çatışmamazlıqlar aradan qaldırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “işdən çıxması ilə bağlı əmrin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilmə” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar