Məhkəmə qərarları › İş №2-1(114)-294/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-294/2021

01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-294/2021 01.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdehə) qarşı müharibə veteranı vəsiqəsinin dəyişdirilərək 2018-ci il tarixdən (arxiv arayışına əsasən vəsiqənin dəyişdirilməsi) verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Bərdə RHK-ı tərəfindən Səfərbərlik yolu ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verilmiş, həmin tarixdən xx xxx 1994-cü ilədək Ağdam uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müəyyən səbəblərdən vaxtında ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə görə müraciət edə bilməmiş, cavabdehin mərkəzi arxivinin arxiv arayışının doğru tərtib edilməməsi səbəbindən komissiya tərəfindən ona gec, yəni xx.xx.2020-ci il tarixdə veteran vəsiqəsi verilmişdir. O, cavabdehə müraciət edərək adına hazırlanmış vəsiqənin 2018-ci il tarixə dəyişdirilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1/İ-13228 nömrəli məktubla onun vəsiqəsinin köhnə tarixə dəyişdirilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. O, həmin statusu 1993-1994-cü il tarixdən qazandığı halda Müdafiə Nazirliyi Mərkəzi Arxivinin və nazirliyin aparatı nəzdində fəaliyyət göstərən veteran adının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiyyanın əməkdaşlarının səhlənkarlığı nəticəsində onun vəsiqəsi xx.xx.2020-ci il tarixdə hazırlanmışdır. Ona görədə göstərdikləri nəzərə alınaraq onun məhkəmə qaydasında müharibə veteranı vəsiqəsinin dəyişdirilərək 2018-ci il tarixdən verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya» tərəfindən veteran vəsiqəsinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş sənədlər, Arxiv Arayışı əsasında araşdırılaraq iddiaçıya xx.xx.2020-ci il tarixdə Veteran statusu verilməsi qərara alınmışdır. Ona görədə iddiaçının müharibə veteranı vəsiqəsinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). İddiaçının müharibə veteranı vəsiqəsi alması üçün 2018-2019-cu illərdə Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi arxivinə müraciət etməsi arxivin xx.xx.2020-ci il tarixli 9/2- 6329 nömrəli arayışı (Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2018-ci il tarixli 9/2-20980 nömrəli, xx.xx.2019-cu il tarixli 9/2-1924 nömrəli, xx.xx.2019-cu il tarixli 9/2-5511 nömrəli, xx.xx.2020-ci il tarixli 9/2-721 nömrəli, xx.xx.2020-ci il tarixli 9/2-3339 nömrəli və xx.xx.2020-ci il tarixli 9/2-6329 nömrəli məktublarla iddiaçının ünvanına cavab göndərilmişdir) ilə təsdiqini tapsada, lakin onun həmin vaxt, yəni 2018-2019-illərdə müharibə veteranı vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı özüdə iddia ərizəsində, həmçinin məhkəmə iclasında Müdafiə Nazirliyi mərkəzi arxivinin arayışının doğru tərtib edilməməsi səbəbindən müvafiq komissiyaya vaxtında müraciət edə bilməməsini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin dəyişdirilərək 2018-ci il tarixdən (arxiv arayışına əsasən vəsiqənin dəyişdirilməsi) verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar