Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2943/2022 13.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların ləğv edilməsi və uşaqların vətəndaşlığa mənsubiyyətinin tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 17 avqust 2022-ci il tarixli, ******* və ******* nömrəli qərarlarının ləğv olunması Ömər və Həsən adlı uşaqlarının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X3 ilə onun birgə nikahlarından xx.xx.2017-ci ildə Ömər, xx.xx.2018-ci ildə Həsən adlı uşaqları olub. O, xx.xx.1991-ci ildə Tovuz rayonu, Xatınlı kəndində anadan olmuş və hal-hazırda orada qeydiyyatdadır. Atası, anası və o, Azərbaycan Respublikasının vətəndaşlarıdır. İlqar Mehmanovla evləndikdən sonra onlar müvəqqəti işləmək məqsədi ilə Rusiya Federasiyasına getmişlər. Hər iki uşaqları Rusiyada anadan olub. Oğlu Ömər barəsində X4 VVAQ işləri üzrə Komitəsi Frunze rayon VVAQ şöbəsində, oğlu Həsən barəsində isə Nevski rayonu VVAQ şöbəsində doğumu barədə qeydiyyat aparılmış və uşaqlarına doğum haqqında şəhadətnamə verilmişdir. O, halhazırda uşaqları ilə birgə Tovuz rayonu, Xatınlı kəndində yaşayır. Uşaqlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə Tovuz Regional “Asan Xidmət” Mərkəzinin Miqrasiya Xidmətinə müraciət etmişdir. Miqrasiya xidməti tərəfindən 17 avqust 2022-ci il tarixli qərarla Ömər və Həsən adlı uşaqlarının Azərbaycan Respublikası vətəndaşlığına mənsuliyyəti tanınmamışdır. Cavabdeh təşkilatın çıxardığı qərarı rəsmi qaydada xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Qərardan rəsmi qaydada aldıqdan sonra bir ay müddətinə şikayət etmə hüququ var. Hesab edir ki, həmin qərarlar ləğv edilməlidir. İşin şifahi məhkəmə baxışı iclası 13 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, « Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında » ******* və ******* nömrəli qərarların təsdiqlənmiş surətləri, « Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətə dair » ******* və ******* nömrəli bildirişlərin təsdiqlənmiş surətləri, « Yaşayış yeri üzrə qeydiyyat haqqında » xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışın surəti, xx.xx.2022-ci il tarixli ərizə-anketlərin və tərcümeyi halların təsdiqlənmiş surətləri, xx.xx.2017-ci il tarixli, İV-AK 659587 və xx.xx.2018-ci il tarixli, İV-AK 805734 nömrəli « Doğum haqqında » şəhadətnamələrin təsdiqlənmiş surətləri, Dövlət Miqrasiya Xidməti-Sərhədkeçmə barədə məlumatların təsdiqlənmiş surətləri əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, həmçinin iddia müddəti buraxılmamışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Belə ki, iş materiallarında olan: xx.xx.2017-ci il tarixli, İV-AK 659587 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Rusifya Federasiyası, Sankt- Peterburq şəhərində anadan olmuş və bu barədə Sankt-Peterburq Hökuməti VVAQ işləri üzrə Komitənin Frunzenski rayon VVAQ şöbəsində “Doğum haqqında” akt qeydləri kitabında 2017-ci ilin mart ayının 23-ü günündə 1158 nömrə ilə qeydiyyat aparılmışdır. xx.xx.2018-ci il tarixli, İV-AK 805734 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Rusifya Federasiyası, Sankt- Peterburq şəhərində anadan olmuş və bu barədə Sankt-Peterburq Hökuməti VVAQ işləri üzrə Komitənin Nevski rayon VVAQ şöbəsində “Doğum haqqında” akt qeydləri kitabında 2018-ci ilin oktyabr ayının 25-i günündə **********01206110001 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti-Sərhədkeçmə barədə məlumatın təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Ömər Mehmanovun ********* nömrəli pasport ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gürcüstan və Rusiya Federasiyasına giriş-çıxışı qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti-Sərhədkeçmə barədə məlumatın təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Həsən Mehmanovun ********* nömrəli pasport ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Rusiya Federasiyasına giriş-çıxışı qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin « Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında » xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edildiyi üçün xx.xx.2017-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin « Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında » xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edildiyi üçün xx.xx.2018-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilmsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir («Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası (bundan sonra mətndə Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə təsdiq edilmişdir. «Qayda»nın:- - 1.1-ci bəndinə görə bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti «Vətəndaşsızlığın ixtisar edilməsi haqqında» 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir (Qaydanın 1.2-ci bəndi). Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir (Qaydanın 1.3-cü bəndi). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır (Qaydanın 2.1-ci bəndi). Şəxsin «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biridir (Qaydanın 2.2 və 2.2.1-ci bəndləri). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün «Qayda»nın: 3.4-cü bəndində tələb olunan sənədlər siyahısında bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) göstərilmişdir. 4.1-ci bəndinə görə aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1-ci bəndinə görə bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.3-cü bəndinə görə bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4-cü bəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, (hazırkı işdə şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi əsası) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İddiaçının övladlarına məxsus xx.xx.2017-ci il tarixli P RUS 65 ******* nömrəli və xx.xx.2019-cu il tarixli P RUS 65 ******* nömrəli Rusiya Federasiyası vətəndaşının pasportlarının təsdiqlənmiş surətlərindən görünür ki, X6 və X5 Rusiya Federasiyasının vətəndaşıdırlar. «Qayda»nın: - 3.11-ci bəndinə görə Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (Qaydanın 3.13-cü bəndi). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər (Qaydanın 5.1-ci bəndi). Yuxarıda şərh olunanlara, yəni iddiaçının övladlarının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə sübutun olmaması, digər dövlətin vətəndaşlığını əldə etməsi və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olmaması əsaslarına görə məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdehin xx.xx.2022-ci il tarixli ******* və ******* nömrəli qərarları əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların ləğv edilməsi və uşaqların vətəndaşlığa mənsubiyyətinin tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların ləğv edilməsi və uşaqların vətəndaşlığa mənsubiyyətinin tanınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2943/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2943/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver