Məhkəmə qərarları › İş №2-1(114)-2949/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2949/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2949/2024 27.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı imtinanın əsassız hesab edilməsi və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdehin xx.xx.2021-ci il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək ona xəstəlikləri ilə bağlı təyin edilmiş İİ qrup əlillik dərəcəsinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5 (beş) ildə stasionar müalicə yetərli deyil. E.T. Kardiologiya İnstitutundan ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbindən əlilliyin təyin olunmasından imtina edilmişdir. II. Məhkəmədə icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək ona xəstəlikləri ilə bağlı təyin edilmiş İİ qrup əlillik dərəcəsinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Gəncə şəhərində anadar olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayır. O, Ali hərbi məktəbi bitirmiş, leytenant, Beyləqan korpusunda N nömrəli hərbi hissədə qulluq edərək vətən uğrunda şəhid olmuş X1 anasıdır. Oğlunun atası X2 da Birinci Vətən müharibəsi iştirakçısı olmaqla, müharibə veteranı idi. Atası 1997-ci ildə vəfat edib. O, 1997-ci il tarixdən ürək xəstəsi, eləcə də beyin qan dövranının davamlı olaraq pozulması, habelə şəkər xəstəliyindən əziyyət çəkir. Şəkər xəstəsi kimi qeydiyyatda olmasa da, şəkər həkimi Şəhla Verdiyava onu müayinə və müalicə edir. Şəkər dərmanlarını şəhid anası kimi "Yaşad" fondu hər ay ona pulsuz verir. O, 1998-ci il tarixdə xəstəliyi lə bağlı Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Forma-88 əsasında TSEK-sı onu müayinə edib, 1998-ci il tarixdən "ürək qapaqlarının qüsurları və ya miokartda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci və üçüncü dərəcəli çatışmazlığı" diaqnozu ilə ona İİİ qrup əlillik dərəcəsi təyin etmişdir. 2008ci ilə kimi hər il TSEK-dan keçmişdir. 2008-ci ildə 10 ildən sonra xəstəliyinin ağırlaşması ilə bağlı TSEK mənə İİ qrup əlilklik təyin etmişdir. 2008-ci ildən 2016-ci il tarixə kimi hər il Forma-88 əsasında TSEK-dən keçərək hər dəfə 1 il əlillik müddəti uzadılmışdır. Axırıncı dəfə TSEK məni xx.xx.2016-ci il tarixdə müayinə edib 5 il müddətinə həmin xəstəliklərlə bağlı İl qrup əlillik təyin etmişdir. Qeyd etdiyi xəstəliklərlə bağlı tibbi sənədlərinin bir nüsxəsi cavabdeh orqandadır. Həmin sənədlərdən də təsdiq olunur ki, o, xəstə olmaqla, 2016-cı ilə kimi 18 il hər il Forma-88 əsasında TSEK-dan keçərək əlillik müddəti artırılmışdır. Ümumiyyətlə 23 il əlilliklə bağlı pensiya almışdır. Cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasında axırıncı dəfə o, 2021-ci ilin əvvəllərində Gəncə şəhəri, A.Səhhət adına xəstəxananın poliklinikasında onu müayinə edib, Forma 88-i cavabdeh orqana göndərsələr də xx.xx.2021-ci il tarixdə ona imtina cavabı verilmişdir. İmtinada diaqnoz: Mitral qapağın revmatik xəstəliyi, revmatizma q/fəal dövr.Miakarditik kardioskleroz. QUQ: Mitral çatışmazlıq ll dərəcə.Hipertaniya xəstəliyi İİ mərhələ.Revmatik paliartrit. Qan dövranı çatışmazlığı İİ dərəcə Xəstə İİ qrup əlildi, əlilliyin müddəti bitdiyi üçün təkrar TSEK-ə göndərilir" qeyd edilmişdir. İmtinaya səbəb "Əlavə müalicəyə ehtiyacın olması, sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son beş ildə stasionar müalicə yetərli deyil. E.T. Kardiologiya institunun ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür göstərilmişdir. Xəstəxanada bir dəfə stasionar müalicə almaq ona 200-250 manata başa gəldiyindən o, müalicə həkiminin müayinəsi, müalicəsi əsasında mütəmadi olaraq müalicə olunmuşdur. Cavabdeh orqanın imtinasını o, qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə onun konstitusiyamızla nəzərdə tutulmuş xəstəliyə görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Ümid edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəbləri nəzərə alıb cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcəkdir.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək hüquqi marağına uyğun iddia tələbini dəqiqləşdirməsi təklif olunmuşdur.

6. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

8. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

11. İddia tələbində təyin edilmiş ll qrup əlillik dərəcəsinin dayandırıldığı xx.xx.2021ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

12. Halbuki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, sonuncu dəfə əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək, Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Yəni əlilliyi ləğv edilməmiş, etibarsız hesab edilməmişdir.

13. Ona görə də, qanunun tələblərinə və hüquqi marağına uyğun olaraq iddia tələbi “xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qeyd edilməlidir.

14. Bundan başqa, əlilliyi sonuncu dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək, Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmiş, iddiaçı isə xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

15. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia tələbi məcburetmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin də aydınlaşdırılması zəruridir.

16. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, hüquqi marağına uyğun iddia tələbini dəqiqləşdirməsi təklif olunmuş, bununla əlaqədar qeyd edilən xətanın aradan qaldırılması üçün vaxt verilmişdir.

17. Lakin iddiaçı tərəfindən sərəncamda göstərilən nöqsanlar aradan qaldırılmamışdır.

18. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

19. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar