Məhkəmə qərarları › İş №2-1(114)-2951/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2951/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2951/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayonu üzrə Aqrar İslahat Komissiyası aparılan zamanı 1979-cu ildə tikilmiş və əmlak payı əvəzinə ona verilmiş ******* (iki milyon) AZN dəyərində olan Hüsənli kəndində yerləşən sabiq M.Ə.Sabir adına narçılıq sovxozunun balansında olan hamam binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayonu, Hüsənli kəndində yerləşən sabiq M.Ə.Sabir adına narçılıq sovxozunun balansında olan hamam binası və 0.20 ha torpaq sahəsinə dair onun mülkiyyət hüququnun tanınması, bu barədə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1864/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

2. İddiaçı qarşı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-Q-0034-8/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, tərəfinizdən əmlak payının verilməsi barədə X3 komissiyasının protokolundan çıxarış, əmlakın təhvil- təslim aktı, əmlakın qiymətləndirmə cədvəli, əmlakın pay haqqının verilməsi barədə akt təqdim olunsa da, Rayon Aqrar İslahat komissiyasının qərarından çıxarış, binanın təsdiq olunmuş eskizi təqdim olunmamışdır. Həmçinin bildiririk ki, qeyriyaşayış binasının yerləşdəyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.3.-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən ərizənin icrasından imtina olunur.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı verdiyi qərar əsasında JN 052-A kod 61003038 olan şəhadətnaməyə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.28 ha qeyd edilməsi və həmin torpaq sahəsinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(104)-164/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(104)-394/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1819/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(104)-394/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayonu üzrə Aqrar İslahat Komissiyası aparılan zamanı 1979-cu ildə tikilmiş və əmlak payı əvəzinə ona verilmiş ******* (iki milyon) AZN dəyərində olan Hüsənli kəndində yerləşən sabiq M.Ə.Sabir adına narçılıq sovxozunun balansında olan hamam binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayonu üzrə Aqrar-İslahat Komissiyası aparılan zamanı ******* (iki milyon) AZN dəyərində olan M.Ə.Sabir adına narçılıq sovxozun hamam binası əmlak payı əvəzinə ona verilmişdir. Bu hal müvafiq sənədlərlə (Əmlakdan pay haqqının verilməsi (təhvil-təslim) barədə 105№-li Akt, Əmlakın qiymətləndirilməsinə dair 20 avqust 2001-ci il tarixdə tərtib edilmiş Akt, əmlakın ona satılmasına dair 19 oktyabr 2001-ci il tarixli, 55.№-li Protokol, Mədaxil qəbzi, Arxiv arayışı, Hamam binasının qiymətinə dair cədvəl ilə) təsdiq edilir. Lakin qeyd olunan əmlaklar daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması səbəbindən o, həmin əmlaklar üzərindəki gözlənilən mülkiyyət hüquqlarından səmərəli istifadə edə bilməmişdir. Ona görə də hesab edir ki, Tərtər rayonu üzrə Aqrar-İslahat Komissiyası aparılan zamanı əmlak payı əvəzinə ona verilmiş ******* (iki milyon) AZN dəyərində olan M.Ə.Sabir adına narçılıq sovxozun hamam binası üzərində mülkiyyət hüququ tanınmalı və buna dair müvafiq sənədlər (dövlət reyestrindən çıxarış və texniki Pasport) verilməlidir. Məhz buna görə də o, Tərtər rayonu üzrə Aqrar-İslahat Komissiyası aparılan zamanı əmlak payı əvəzinə mənə verilmiş ******* (iki milyon) AZN dəyərində olan M.Ə.Sabir adına narçılıq sovxozun hamam binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (dövlət reyestrindən çıxarış və texniki Pasportun) verilməsinə dair göstəriş verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə cavabdeh inzibati orqana-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən ərizəsinə cavab kimi verilmiş xx.xx.2024-cü il tarixli ca3-21-3-46/2-Q-0034-8/2024 saylı məktubda «qeyriyaşayış binasının inşa edildiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır.» əsası ilə imtina cavabı verilmişdir ki, o da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

9. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz göstərilən dəlillərlə əsaslandırılmışdır (qərardadın 2-ci bəndi).

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, onun rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

11. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

13. İddiaçı öz tələbində Tərtər rayonu üzrə Aqrar İslahat Komissiyası aparılan zamanı 1979-cu ildə tikilmiş və əmlak payı əvəzinə ona verilmiş ******* (iki milyon) AZN dəyərində olan Hüsənli kəndində yerləşən sabiq M.Ə.Sabir adına narçılıq sovxozunun balansında olan hamam binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

14. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayonu, Hüsənli kəndində yerləşən sabiq M.Ə.Sabir adına narçılıq sovxozunun balansında olan hamam binası və 0.20 ha torpaq sahəsinə dair onun mülkiyyət hüququnun tanınması, bu barədə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1864/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.

15. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.

16. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

17. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.

18. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.

19. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.

20. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar