Məhkəmə qərarları › İş №2-1(114)-2953/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2953/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2953/2024 12.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və qanuni nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehə ona məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxx 2007-ci il tarixdə Füzuli rayonunun Balabəhmənli kəndində dünyaya gəlmiş, 24 sentyabr 2009-cu il tarixdə Kəlbəcər rayon Qeydiyyat Şöbəsindən 255 № ilə qeyd edilmiş, AZ-İİ № 254050 doğum haqqqında şəhadətnamə verilmişdir. Bundan sonra 24 aprel 2007-ci il tarixdə Kəlbəcər rayon Qeydiyyat Şöbəsindən AZ-1 № 052797 X13 haqqqında şəhadətnamə verilmişdir. İddiaçı qeyd edir ki, atası X8 1-ci Qarabağ Müharibəsi iştirakçısı olmuş, döyüşlərdə aldığı xəsarətlər nəticəsində İİ qrup əlil olmuş və 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan Respublikası silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi köçkün düşmüşdür. İddiaçı Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində qeydiyyatdadır, bununla bağlı Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının X15 inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən onun qeydiyyatını təsdiq edən arayış da verilmişdir. Cavabdehə məcburi köçkün statusu almağı barədə müraciət etsə də, ina imtina verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etdi. İşin halları Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən X6 xx.xx.2009-cu il tarixdə AA 207149 №-li məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2024-cü il tarixli FƏ-3/147 nömrəli arayışına əsasən, X8 həqiqətən 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi köçkün düşmüşdür. Vahid aylıq müavinət alır. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, X2 rayonundan məcburi köçkündür. xx.xx.2009-cu il tarixli AZ-İİ 254050 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2007-ci il tarixdə Füzuli rayonu, Balabəhmənli kəndində doğulmuşdur. “Atası” qrafasında X8, “anası” qrafasında X7 göstərilmişdir. xx.xx.2009-cu il tarixli AZ-İ 052797 №-li X13 haqqında Şəhadətnaməyə əsasən, X8 xx.xx.2007-ci il tarixdə vətəndaş X3 doğulmuş İddiaçı atası hesab edilmişdir. Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının X15 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 38 nömrəli arayışa əsasən, Yuxarı Ayrım kənd sakini İddiaçı nümayəndəliyin daimi qeydiyyatındadır. Hal-hazırda Gəncə şəhəri, 1500 ailəlik qəsəbə, bina 5, mənzil 2-də məcburi köçkün kimi məskunlaşıb yaşayır. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı anası X1 rayonu, Orta Əlinəzərli Ə/D, Orta Əlinəzərli kəndində qeydiyyatdadır. X8 Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə müraciət edərək, qızı İddiaçı məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2024cü il tarixli 3-36-3/2-A-56xx-xx/2024/5427 nömrəli məktubundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı anası X4 qeydiyyatı Beyləqan rayonu, Orta Əlinəzərli Ə/D, Orta Əlinəzərli kəndində olduğundan İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu M a d d ə 1 . Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, həmçinin vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, İddiaçı atası X2 rayonu Yuxarı Ayrım kəndində qeydiyyatdadır. Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən X6 məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı hazırkı iddia tələbi ilə, atasının məcburi köçkün olmasını, özünün Kəlbəcər rayonu, Yuxarı Ayrım kəndi üzrə qeydiyyatda olmasını, hazırda atası ilə yaşamasını nəzərə alaraq ona məcburi köçkün vəsiqəsinin verilməsini xahiş edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi İddiaçı anası X4 Beyləqan rayonu, Orta Əlinəzərli Ə/D, Orta Əlinəzərli kəndində qeydiyyatda olması ilə əlaqədar olaraq İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. İş materialları ilə müəyyən olunur ki, həqiqətən İddiaçı anası Beyləqan rayonu, Orta Əlinəzərli Ə/D, Orta Əlinəzərli kəndində qeydiyyatdadır. Lakin məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbinə görə Qaydalar Qanuna uyğun olmalı, Qanunun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Digər tərəfdən Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi hüquq və azadlıqların məhdudlaşdırılmasına gətirib çıxarır. Bu məhdudiyyət isə hüquqa müdaxilə ilə bağlı qanunilik prinsipinə uyğun deyil. Həmçinin iddiaçının və onun atasının qeydiyyatda olduğu yer Kəlbəcər rayonu, Yuxarı Ayrım kəndi 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı rayon və kəndlərin siyahısında olmadığından, hazırda iddiaçıya məcburi köçkün statusunun verilməsi mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar