Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2955/2023 24.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi və ekspertiza xərcinin yenidən hesablanaraq ödənilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdehnə qarşı inkasso sərəncamının ləğv edilməsi və ekspertiza xərcinin yenidən hesablanaraq dövlət hesabına ödənilməsi barədə tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdehlər X6 və X1 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər tərəfindən ailəsinə məxsus 9 metr yol boyunca zəbt edilmiş torpaq sahəsinin boşaldılması və ərazinin ilkin vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-164/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iddia rədd edldiyindən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın dəyəri olaraq 100 manat xərcin İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-173/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-164/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərclərin əvəzi kimi 802.96 manat pulun İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi, iş üzrə ekspert rəyinin verilməsi üçün çəkilmiş xərclərin əvəzi kimi 100 manat pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixdə 2(104)-173/2020 nömrəli icra sənədi ilə bağlı İddiaçı hesabına 134.31 manat məbləğində inkasso sərəncamı qoymuşdur.
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan Cavabdeh 05 dekabr 2022-ci il tarixli 227756/2021-42-8/1 nömrəli inkasso sərəncamının ləğv edilməsi və Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMCnin hesabına keçirilməli olan ekspertiza xərcinin yenidən hesablanaraq dövlət hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 06 iyun 2018ci il tarixli 2(042)-164/2018 saylı qətnaməsi ilə onun cavabdehlər X5 və X2 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının aparılmasının dəyəri olaraq 100 manat xərcin iddia tələbi rədd edildiyindən ondan alınması qət edilmişdir. Onun həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərclərin əvəzi kimi 802,96 (səkkiz yüz iki) manat 96 qəpik məbləğində pulun iddiaçıdan alınaraq Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin hesabəna keçirilməsi, iş üzrə ekspert rəyinin verilməsi üçün çəkilmiş xərclərin əvəzi kimi 100 manat pulun iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi qətnamədən verdiyi kassasiya şikayətinə baxaraq Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışır. O, məhkəmədə bu qədər xərc tutan ekspertiza keçirilməsini nə tələb etməmiş, nə də razılıq verməmişdir. O, maddi cəhətdən ağır vəziyyətdə olan adamdır, 6 nəfərdən ibarət olan ailəsi onun aldığı 268 manat pensiya ilə dolanır. Bu qədər pulu ödəməyə onun imkanı yoxdur. Məhkəmənin əsas götürdüyü ekspert rəyi başdan-başa saxtakarlıqdan ibarətdir. Məhkəmədə dəfələrlə bildirmişdir ki, rəylə razılaşmır. Lakin məhkəmə onun dediklərinə əhəmiyyət verməmiş, nəticədə qanunsuz qətnamə çıxarmağı azmış kimi, onun dəvət etmədiyi ekspertin xərcinin ondan tutulmasını qət etmişdir. Bundan başqa ekspertin xərcinin 802 manat 96 qəpik məbləğində qiymətləndirilməsini düzgün hesab etmir. O, bu qismdə olan digər şəxslərin ödədiyi exspert xərcləri ilə də maraqlanmışdır. Onlar cəmi 200 manat ekspertiza xərci ödəmişlər. Hazırda cavabdeh orqan Cavabdeh inkasso sərəncamı ilə 134 manat 31 qəpik pulun ondan tutulmasını aldığı 268 manat pensiyasına yönəltmişdir. Cavabdehin hərəkətini qeyri-qanuni hesab edir. Saxta ekspert rəyi əsasında düzgün olmayaraq şişirdilmiş ekspertiza xərcinin tutulmasının onun pensiyasına yönəldilməsi qanunsuzdur.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır.
8. Belə ki, İddiaçı məhkəmə qətnaməsində nəzərdə tutulmuş xərclərin icrası ilə bağlı onun pensiyasına qoyulmuş inkasso sərəncamının ləğv edilməsini və iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərcinin yenidən hesablanmasını xahiş edir.
9. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən(hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra, edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.
12. Həmin Qərarın yekununda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair bir çox qərarlarında ifadə etdiyi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir.
14. Həm icra haqqında qanunvericilikdən, həm Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
15. Qanunvericilikdə icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edilsə də, burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur və pozulması ehtimal olunan hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılması istisna edilir. Belə ki, icra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və xx.xx.2019-cu il tarixli (İş № 2-1(102)- 2242/2019) nömrəli qərarlarında da qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər.
17. Hazırkı iş üzrə İddiaçı tələbi də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-173/2020 nömrəli qətnaməsinin xərclərlə bağlı hissəsi ilə əlaqədar verilən icra sənədinin icrası ilə bağlıdır. Hansı ki, İddiaçı cavabdehlər X6 və X1 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə baxılan zaman mütəxəssis və ekspert rəyləri əldə edilmiş və həmin rəylərin verilməsinə görə müəyyən edilmiş xərclərin ödənilməsi iddiaçıya aid edilməklə, ondan tuutlması qət edilmişdir. Belə olan halda iddiaçı həmin xərclərlə bağlı hissəni yalnız qətnamədən kassasiya qaydasında şikayət verməklə mübahisələndirə bilərdi.
18. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli inkasso sərəncamı da məhz 2(104)-173/2020 nömrəli icra sənədinin (Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-173/2020 nömrəli qətnaməsi üzrə verilmiş) icrası ilə bağlı olmuş və Cavabdeh tərəfindən İddiaçı pensiya hesabına 134.31 manat məbləğində sərəncam qoyulmuşdur.
19. Məhkəmə qeyd edir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.
20. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. "İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
21. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir.
22. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.
24. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
26. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva