Məhkəmə qərarları › İş №2-1(114)-2957/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2957/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2957/2024 29.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Nazirlər Kabinetinə göndərilən siyahıya salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əsgər kimi xidmət etmiş və Kəlbəcər rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Məhz bu səbəbdən o, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin iddiaçının X3 dövründə döyüşlərdə iştirak etməsi barədə məlumatlar ərizəsinə əlavə etdiyi arayış və hərbi biletlə öz təsdiqini tapır. Məhz bu səbəbdən iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona “Müharibə vetaranı” adı və vəsiqəsi verilməsi üçün adının Nazirlər Kabinetinə göndərilən siyahıya salınmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan onun ərizəsinə cavab verməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək hesab edir ki, iddiası təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı şöbəsi rəisinin xx.xx.2022-ci il tarixli 5043 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin Tovuz rayonunda yerləşən bölməsində öz xidməti vəzifələrini yerinə yetirmişdir. Tovuz rayonu döyüş əməliyyatları olan ərazilərə daxil olmadığı üçün İddiaçı döyüş iştirakçılarına nəzərdə tutulmuş təltiflərlə təltif olunması məqsədəuyğun hesab edilməmişdir. İddiaçı 27 sentyabr 2020-ci tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı, və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və vəkili məhkəmə iclasında iştirak etmiş, cavabdeh tərəfindən işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı və vəkili Vəkil məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. İşin halları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən verilmiş İddiaçı məxsus olan xx.xx.2016-cı il tarixli, SX ******* nömrəli hərbi biletdə göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə mexanik-radiotelefonçu kimi xx.xx.2020-ci il tarixli, N nömrəli əmrlə hərbi hissənin siyahısına daxil olmuş, xx.xx.2021-ci il tarixli, 10 nömrəli əmrlə siyahıdan çıxarılmış, Kəlbəcər rayon istiqamətində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində mexanik-radiotelefonçu vəzifəsində xidmət etmişdir. İ-3788 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 267 nömrəli Əmrindən çıxarışdan görünür ki, ehtiyatda olan əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 271 nömrəli Əmrindən çıxarışdan görünür ki, ehtiyatda olan əsgər İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətdən qayıtmış hesab edilmiş və 2-ci haubitsalı artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının (divizion qərargahının) mexanik-radiotelefonçusu vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 10 nömrəli Əmrindən çıxarışdan görünür ki, 2-ci haubitsalı artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının (divizion qərargahının) mexanik-radiotelefonçusu əsgər İddiaçı hərbi xidmətdən tərxis edildiyinə görə xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissənin Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə düşmən təxribatının qarşısının alınması zamanı əks-həmlə əməliyyatlarında iştirak etmiş, təltif olunmaları üçün 02-03 dekabr 2020-ci il tarixlərində elekton adlı siyahıları Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmiş şəxsi heyətin adlı siyahıları Baş İdarəyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıda “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması üçün N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı adı da qeyd olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 418 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağrılaraq, xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdə tərxis olunmuşdur. Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 77 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təlim toplanışa cəlb olunmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər rayon istiqamətində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdən SHXÇDX-nin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır. N nömrəli hərbi hissənin İddiaçı ünvanladığı noyabr 2022-ci il tarixli 5043 nömrəli məktubunda qeyd edilmişdir ki, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması sənədləşdirmədə səhvən göstərilmişdir. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibəsi zamanı Tovuz rayonunda yerləşən N nömrəli hərbi hissənin tərkibində öz xidməti vəzifəsini yerinə yetirmişdir. Bilavasitə döyüş əməliyyatları gedən ərazilərdə döyüşlərdə iştirak edən və həmin ərazilərə ezamiyyət vərəqəsi əsasında göndərilmiş hərbi qulluqçuların dövlət təltifi ilə mükafatlandırılması nəzərdə tutulmuşdur. Tovuz rayonu döyüş əməliyyatları olan ərazilərə daxil olmadığı üçün döyüş iştirakçılarına nəzərdə tutulmuş təltiflərlə təltif olunmağınız məqsədəuyğun hesab edilməmişdir. Lakin adının sənədləşdirmədə səhvən təltiflər siyahısına salınması tərəflərindən araşdırılmış və aidiyyəti üzrə vəzifəli şəxslər intizam çərçivəsində cəzalandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 2/2-5531 nömrəli məktubda qeyd edilmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissənin qərargah rəisinin xx.xx.2022-ci il tarixli 5043 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarını əsas tutaraq xidmət etdiyi ərazi Tovuz rayonunda yerləşdiyinə və həmin ərazi döyüş əməliyyatları aparılan ərazi hesab olunmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün onun sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və hərbi bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarına cəlb olunmamışdır. Azərbaycan Ordusunun “Vətən müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqındakı Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq məxfi əmrinə əsasən 2-ci artilleriya divizionunun 4-cü, 5-ci və 6-cı batareyaları istisna olunmaqla göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilsinlər: ... İddiaçı - əsgər ...

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinшт razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsini xahiş edir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Əsasnamədə qeyd olunan ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Cavabdeh orqan imtinasının əsası kimi qeyd etmişdir ki, iddiaçı müharibə dövründə N saylı hərbi hissənin tərkibində Tovuz rayonunda xidmət etmişdir. Həmin ərazi isə döyüş əməliyyatları aparan ərazilərə daxil deyil. Məhkəmə cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Əvvəla qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş və ona qeyd olunan Medalın İ-3788 nömrəli vəsiqəsi verilmişdir. “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə həmin Medal haqqında Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, İddiaçı məxsus olan xx.xx.2016cı il tarixli, SX ******* nömrəli hərbi biletdə, N nömrəli hərbi hissədə mexanik-radiotelefonçu kimi xx.xx.2020-ci il tarixli, N nömrəli əmrlə hərbi hissənin siyahısına daxil olduğu, xx.xx.2021-ci il tarixli, 10 nömrəli əmrlə siyahıdan çıxarıldığı, Kəlbəcər rayon istiqamətində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində mexanikradiotelefonçu vəzifəsində xidmət etdiyi qeyd edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 267 nömrəli Əmri ilə xx.xx.2020-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 271 nömrəli Əmri ilə N nöməli hərbi hissədən ezamiyyətdən qayıtmış hesab edilmiş və 2-ci haubitsalı artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının (divizion qərargahının) mexanik-radiotelefonçusu vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 10 nömrəli Əmri ilə hərbi xidmətdən tərxis edildiyinə görə xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi iddiaçının müharibə dövründə hərbi xidmət keçməsi, bütün növ təminatlara daxil edilməsi, nəticə etibarilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd olunan sənədlər - hərbi bilet, hərbi hissənin müvafiq əmrləri, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar