Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2960/2023 12.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilməsi edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, hazırda Bərdə rayonu, Əliyanlı kəndində müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli, 0350 nömrəli əmri ilə iddiaçıya leytenant, N nömrəli hərbi hissə komandirnin xx.xx.2018-ci il tarixli, 076R nömrəli əmri ilə baş leytenant, X8 xx.xx.2022-ci il tarixli əmri ilə kapitan rütbəsi verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etmiş, hərbi xidmət keçərkən döyüşün hərtərəfli təminatı ilə bağlı tapşırığı yerinə yetirmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli 2280 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilərkən kapitan İddiaçı N nömrəli hərbi hissə komandirinin göstərişinə əsasən N nömrəli hərbi hissəyə göndərilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış hərbi vəzifəliləri və hərbi texnikaları qəbul etmək tapşırığı verilmişdir. Kapitan İddiaçı həmin dövr ərzində şəxsi heyətin və texnikaların komplektləşdirmə vəzifəsini layiqincə yerinə yetirmişdir. N nömrəli hərbi hissənin hərbi qulluqçuların uçotunun təşkili və aparılmasına cavabdeh şəxs olaraq uçot və hesabat sənədlərində hərbi vəzifəlilərlə bağlı məlumatların doğruluğuna diqqət yetirmək, hesabat və məlumatları aidiyyəti üzrə təqdim etmək, hərbi qulluqçuların uçotunu müntəzam olaraq yoxlamaq, şəxsi heyət üzrə dəyişilmiş uçot məlumatlarına uyğun olaraq hərbi hissənin uçot sənədlərində müvafiq qeydlər aparmaq, hərbi qulluqçuların şəxsi məlumatlarında edilmiş dəyişikliklərlə bağlı məlumatları aidiyyəti üzrə göndərmək, nizami hissə üzrə əmr layihələrini hazırlamaq, səfərbərlik dövrü üçün tələb olunan sənədləri hazırlamaq və aparmaq, hərbi qulluqçuların uçotu üzrə sənədlərin qorunub saxlanılması üçün zəruri tədbirləri həyata keçirmək kimi vəzifə borcları vardır. N nömrəli hərbi hissə komandirinin müvafiq döyüş əmrinə əsasən N nömrəli hərbi hissə komandiri öz döyüş əmrində kapitan İddiaçı Ordu Korpusunun müdafiə zolağında yerləşən döyüş tapşırığlarını yerinə yetirən digər hərbi hissələrin tərkibinə ezam olunmuş şəxsi heyətin qeydiyyatını ciddi nəzarətə götürmək, səfərbərliklə gələn şəxsi heyətin ştat kateqoriyasına göre vəzifələrə təyin olunmasına ciddi diqqət yetirmək, ştat pozuntusuna yol verməmək, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçularının adlı siyahısını tərtib etmək, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçularının şəxsi işlərində, müddətli hərbi xidmət hərbi qulluqçularının hərbi biletlərində ganunla nəzərdə tutulmuş müvafiq qeydlər aparmaq, digər mülki tibb müəssisələrindən gələn heyətin qeydiyyatı aidiyyəti üzrə nizami hissə üzrə əmrlərdə qeyd etmək və ciddi nəzarətə götürmək, nizami hissə üzrə əmrlərin gündəlik yazılması və şəxsi heyətin, silah sursatın, texnikanın və digər maddi texniki vəsaitlərin döyüş say tərkibinin bölmə və xidmət rəisləri ilə gündəlik dəqiqləşdirilməsini ciddi nəzarətə götürmək digər mülki tibb müəssisələri ilə qarşılıqlı əlaqəda olaraq xəstələrin, yaralıların və digər şəxsi heyətin siyahısını aparmaq kimi tapşırıqlar vermişdir. Nəticədə kapitan İddiaçı ona verilmiş tapşırıqları layiqincə yerinə yetirmişdir. Əlavə olaraq ki, iddiaçı Ağdam rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində, həmiçinin Tərtər rayonu Talış və Çaylı kəndlərinin ərazilərində N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarının döyüş təminatı üzrə (döyuş əməliyyatlarında şəxsi heyətin uçotu, bölmələrin komplektləşdirilməsi, yaralıların qeydiyyata alınması onların müvafiq qeyd kitabiarına və nizami hissə üzrə əmr kitabına işlənilməsi, digər hospitaliardan və müalicə müəsisələrindən gəlmiş şəxslərin sənədlərinin qeydiyyata alınması, şəxsi işlərin, nizami hissə üzrə əmr kitablarının və digər sənədlərin qorunub saxlanılması, mülkü xəstəxanalara köçürülmüş xəstələrin sənədlərinin dəqiqləşdirilməsi) tapşırıqlarını yerinə yetirmişdir. Bu barədə iddiaçıya N nömrəli hərbi hissə komandirinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akt verilmişdir. İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək davam edən "Vətən Müharibəsi" zamanı Ağdam rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində, həmçinin Tərtər rayonu Talış və Çaylı kəndlərinin ərazilərində N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli 0251t nömrəli əmri ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks-həmlə əməliyyatlarında vəzifə borcunu layiqincə yerinə yetirərək yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. "Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların Döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumata əsasən iddiaçı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 034 nömrəli əmrinə əsasən döyüş təminatı üzrə tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunmuş, Ağdam rayonu, Tərtər-Talış-Çaylı kəndi ərazilərdə döyüş əməliyyatlarında birbaşa iştirak etmiş, yaralanmamış, travma, kontuziya almamışdır. N nömrəli hərbi hissə vasitəsilə iddiaçı aının “Zəfər alt sistemində” yerləşdirilməsinə köməklik göstərilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 4/3-1022 nömrəli məktubuna əsasən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən arayış-məlumatı Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adılarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. Təqdim edilmiş sənədlərdə iddiaçının qeyd olunan ərazilərdə (Tərtər, Çaylı, Talış və Ağdam kənd) olmasını və döyüş əməliyyatlarına cəlb olunmasını təsdiq edən sənəd olmadığına görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İddiaçı tərəfin dəlilləri: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı ərizə təqdim edərək məhkəmədən müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilməsi edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Vətən müharibəsi zamanı öz vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Müharibə veteranı adı və Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsi verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə arayışa əsasən iddiaçının 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək davam edən Vətən müharibəsi zamanı iştirakım öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. İddiaçıya müharibə veteranı adının verilməsi barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığı məktuba xx.xx.2023-cü il tarixli 4/3-1022 nömrəli cavab məktubunda bildirilir ki, iddiaçının qeyd olunan ərazilərdə - Tərtər rayonunun Talış, Çaylı kəndləri və Ağdam rayonunda olması və döyüş əməliyyatlarına cəlb olunmağısını təsdiq edən sənəd olmadığına görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən "müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Daha sonra iddiaçı N nömrəli hərbi hissə komandirinə xx.xx.2023-cü il tarixdə 774 nömrəli məktubla müraciət edərək müvafiq məhkəmə orqanına müraciət etmək üçün icazə verməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixdə 4186 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməyən hərbi qulluqçuların müvafiq məhkəmələr orqanlarına müraciət etməsi onların konstutison hüququ olduğundan hərbi qulluqçuların hüquqlarının reallaşdırılmasına şərait yaradılması qərarınıza məruzə olunur. İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək davam edən Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış və Çaylı kəndləri ərazisində və Ağdam rayonunda N nömrəli hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, N nömrəli hərbi hissənin hərbi qulluqçuları, halhazırda xidmətdə olan polkovnik-leytenant X2, baş gizir X9, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş X7 ilə Ağdam rayonu istiqamətində, tibb xidməti mayoru X5 və polkovnik-leytenant X6 ilə Tərtər rayonu Çaylı kəndi istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir Əlavə olaraq, adları çəkilən hərbi qulluqçulara "Müharibə veteranı" adı verilmişdir. Göstərilənlərə əsasən cavabdeh orqanın veteran adının verilməsindən imtinası qanunsuz hesab edilməli və iddiaçıya veteran adının verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2023-cü il tarixli, 3-25-11/2-3369/2023 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında imtina əsasları təkrarlamaqla əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənəyə istinad etmişdir. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2-ci bəndinə əsasən. bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş medalla – “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmaq haqqında vəsiqəyə və hərbi xidmətini təsdiq edən sənədlərə malikdir. N və N nömrəli hərbi hissələrin nizami hissə üzrə və digər əmrlərində, habelə arayışlarında iddiaçının hərbi xidməti, Vətən müharibəsi zamanı Ağdam rayonun işğal altında olmuş ərazilərində, həmçinin Tərtər rayonun Talış və Çaylı kəndlərinin ərazilərində döyüş döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi barədə məlumatlar əks olunmuş və məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçıya müharibə veteranı adının verilməsindən imtina olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı adı müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2960/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2960/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver