Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2965/2023 17.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, XDS-in qərarı ona Şəmkir rayon Çinarlı qəsəbəsində 0,16 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini uzun illərdir ki, istifadə edir. Hazırda adına mülkiyyət sənədi almaq istəyir. Bundan sonra qeyd edilən torpaq sahəsinin müvafiq çıxarışın verilməsi üçün DƏDRX-in 11 saylı Şəmkir Ərazi idarəsinə mürciət etmiş və ona hüquqlarının qeydə alınmasından imtina barədə bildiriş verilmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki, guya torpaq sahəsinin bir hissəsinə elektron baza məlumatları əsasən 0,0301 ha hissəsi vətəndaşlara məxsus pay torpaqlarının üzərinə, 0,0699 ha hissəsi isə bələdiyyə mülkiyyətində ümumi istifadə olan örüş sahəsinin üzərinə düşür.Təqdim edilan torpaq sahəsinin alqı-satğı müqaviləsi isə 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqı qaydasına uyğun gəlmir. Hesab edir ki, cavabdeh inzibati orqan torpaq sahəsi üzərində hüquqlarını qeydə alınmasında imtina edərkən tam əsassız imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin koordinatı yoxdur, ayrılıqda 8 sot olmaqla 2 torpaq sahəsi var və iddiaçının istifadəsindədir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayarq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iş materiallarına iddiaçıya torpaq sahəsinin ayrılması, verilməsi ilə bağlı heç bir sənəd əlavə edilməmişdir, halbuki iddiaçı XDS-in qərarı ona Şəmkir rayon Çinarlı qəsəbəsində 0,16 ha torpaq sahəsi verdildiyini və faktik istifadəçisi olduğunu bildirmişdir. X1 filialı tərəfindən təqdim edilən Şəmkir rayonu “H.Aslanov” adına sovxozunun xx.xx.1997-ci il tarixli, 05 nömrəli əmri ilə həyətyanı torpaq sahəsi verilmiş şəxslərin adlı siyahısında iddiaçının 0,08 sot torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Başqa sözlə, 0.16 ha torpaq sahəsinin iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2965/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2965/2023
17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver