Məhkəmə qərarları › İş №2-1(114)-2976/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2976/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2976/2023 08.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Goranboy rayonu Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 600 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Goranboy rayonu, C.Cabbarlı küçəsində yerləşən Tik. “A” (üç yaayış otağı – 46 kv.m) olan fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır.

2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1960-cı il təvəllüdlü X1 şəhəri, C.Cabbarlı küçəsi, ev 4, mənzil 15 ünvanında qeydiyyatdadır.

3. İddiaçı X2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. X5 xx.xx.2010-cu il tarixdə Goranboy RPŞ tərəfindən verilmiş AZE seriyalı 08549351 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1960-cı il təvəllüdlü X1 şəhəri, C.Cabbarlı küçəsi, ev 4, mənzil 15 ünvanında qeydiyyatdadır.

5. Elektron Məhkəmə informasiya sistemindən çıxarışa əsasən X1 şəhəri, C.Cabbarlı küçəsi, ev 4, mənzil 45 ünvanında qeydiyyatdadır və ona Goranboy RPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir.

6. Məhkəmənin sorğularına cavab olaraq verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin: - xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-2575/2023 nömrəli məktubuna əsasən ünvan 5 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-3179/2023 nömrəli məktubuna əsasən ünvan 6 ünvanında yerləşən mənzil X3 adına Goranboy rayonu Texniki İnventarlaşdırma bürosu tərəfindən 600 saylı qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır. - Sonuncu məktuba əlavə edilmiş xx.xx.1998-ci il tarixli orderin surətindən müəyyən edilir ki, Goranboy Rayon İcra Hakimiyyətinin 21 iyul 1998-ci il tarixli 251 nömrəli sərəncamına əsasən ünvan 8 ünvanında yerləşən mənzil X6 verilmişdir. II. Məhkəmədə icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci il tarixli 14 nömrəli qərara əsasən Goranboy şəhəri, C.Cabbarlı küçəsi, 4 saylı evin 46,2 kv.m sahəsi olan 15 saylı mənzili onun mülkiyyətinə verilmişdir. Asan xidmət tərəfindən arayış əldə ediləndə ona məlum olmuşdur ki, üçüncü şəxs X7 onun mülkiyyətində olan evdə pasport qeydiyyatındadır. O, həmin şəxsi tanımır və heç bir qohumluq münasibəti yoxdur. Həmin şəxsin ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, bundan imtina edilmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

10. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

11. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər

12. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

13. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında üçüncü şəxs X7 iddiaya etiraz edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, iddiaçı ilə qonşudur. İddiaçıya məxsus mənzilin nömrəsi 15, onun mənzilinin nömrəsi isə 45-dir. O, indiyənədək Zeynabın evində qeydiyyatda olduğunu bilməmişdir. İddiaçının hazırkı iddianı qaldırması ilə bağlı ona sms gəldikdən sonra qeydiyyat ünvanını dəqiqləşdirmək məqsədilə Cavabdehnə müraciət etmiş və orada ona bildirmişlər ki, ona şəxsiyyət vəsiqəsi verilən zaman texniki səhv olmuş və evin nömrəsi 45 əvəzinə, 15 kimi qeyd edilərək, iddiaçının evinə qeydiyyata alınmışdır. Bundan sonra o, iddiaçının evindən qeydiyyatdan çıxaraq, öz evinə qeydiyyata düşmüş və ona yeni şəxsiyyət vəsiqəsi verilmişdir. Hazırda o, öz evində qeydiyyatdadır. Hesab edir ki, artıq iddiaçı ilə mübahisəyə əsas qalmamışdır. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir.

14. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, göstərmişdir ki, o, hesab edir ki, X7 qəsdən onun evinə qeydiyyata düşmüşdür. Belə ki, o, həmin şəxsin onun evinə qeydiyyata düşməsinə razılıq verməmiş və yaxın zamanlaradək bundan məlumatlı olmamışdır. ASAN xidmətdən arayış alanda ona məlum olmuşdur ki, Leyla adlı şəxs onun evində qeydiyyatdadır. O, düşünür ki, üçüncü şəxs onun evi ilə bağlı (məsələn, evini əlindən almaq) hansısa planlar qurmuş və bu niyyətlə onun evinə qeydiyyata düşmüşdür və hazırda onun qeydiyyatdan çıxmasına da inanmır. Ona görə də, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

15. O, əlavə olaraq göstərdi ki, o, 7 saylı Bərdə Ərazi İdarəsinin məkubları ilə razılaşmır, o, C.Cabbarlı küçəsi, 4 saylı binada yerləşən 15 saylı mənzil ona məxsusdur. Bu barədə qeydiyyat vəsiqəsi vardır.

16. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

19. Məhkəmə qeyd edir ki, hazırkı işdə İddiaçı X2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı sözügedən mənzilin onun mülkiyyətində olmasını iddia ərizəsinə əlavə etdiyi Goranboy rayonu Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 600 nömrəli qeydiyyat vəsiqəsinə əsasən qeyd etmişdir. Həmin qeydiyyat vəsiqəsində isə Goranboy rayonu, C.Cabbarlı küçəsində yerləşən Tik. “A” (üç yaayış otağı – 46 kv.m) olan fərdi yaşayış evinin İddiaçı adına qeydə alındığı göstərilmiş, evin və mənzilin nömrəsi isə qeyd edilməmişdir.

21. Bu səbəbdən məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli sərəncamla ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın əvvəlki və hazırkı hüquq sahibləri barəsində məlumatın, eləcə də mülkiyyətçinin dəyişməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi barədə sorğu verilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21- 3-46/2-2575/2023 nömrəli cavab məktubunda ünvan 5 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı bildirilmişdir.

22. Bundan sonra məhkəmə tərəfindən inventar nömrəsi 311, reyestr kitabı 600 olan qeydiyyat vəsiqəsi də sorğuya əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə təkrar eyni məzmunlu sorğu göndərilmiş və xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-3179/2023 nömrəli cavab məktubund ünvan 6 ünvanında yerləşən mənzil X3 adına Goranboy rayonu Texniki İnventarlaşdırma bürosu tərəfindən 600 saylı qeydiyyat vəsiqəsi ilə qeydə alındığı bildirilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.1998-ci il tarixli orderin surəti ilə də müəyyən edilmişdir ki, Goranboy Rayon İcra Hakimiyyətinin 21 iyul 1998-ci il tarixli 251 nömrəli sərəncamına əsasən ünvan 8 ünvanında yerləşən mənzil X6 verilmişdir.

23. Qeyd edilən cavab məktubları məhkəmə iclasında elan edilməklə, hüquqmüəyyənedici sənədlərə əsasən ona məxsus mənzilin ünvan 8 ünvanında yerləşən mənzil olması iddiaçının nəzərinə çatdırılsa da, lakin o, 4 saylı binada yerləşən 15 saylı mənzilin ona məxsus olduğunu iddia etmişdir.

24. Bundan başqa, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında üçüncü şəxs X7 məhkəməyə verdiyi izahatında iddiaçı ilə qonşu olduğunu, iddiaçıya məxsus mənzilin nömrəsinin 15, onun mənzilinin nömrəsinin isə 45 olduğunu, indiyənədək Zeynabın evində qeydiyyatda olduğunu bilmədiyini, iddiaçının hazırkı iddianı qaldırması ilə bağlı ona sms gəldikdən sonra qeydiyyat ünvanını dəqiqləşdirmək məqsədilə Cavabdehnə müraciət etdiyini və orada ona şəxsiyyət vəsiqəsi verilən zaman texniki səhv olduğunu və evin nömrəsinin 45 əvəzinə, 15 kimi qeyd edilərək, iddiaçının evinə qeydiyyata alındığının bildirildiyini, bundan sonra iddiaçının evindən qeydiyyatdan çıxaraq, öz evinə qeydiyyata düşdüyünü və ona yeni şəxsiyyət vəsiqəsi verildiyini, hazırda öz evində qeydiyyatda olduğunu bildirmişdir.

25. İddiaçı isə məhkəmə iclasında iddianı müdafiə edərək, X2 qəsdən onun evinə qeydiyyata düşdüyünü, onun həmin şəxsin ona məxsus evə qeydiyyata düşməsinə razılıq vermədiyini və yaxın zamanlaradək bundan məlumatlı olmadığını, ASAN xidmətdən arayış alanda Leyla adlı şəxsin onun evində qeydiyyatda olmasının ona məlum olduğunu, üçüncü şəxsin onun evi ilə bağlı (məsələn, evini əlindən almaq) hansısa planlar qurduğunu düşündüyünü və bu niyyətlə onun evinə qeydiyyata düşdüyünü, hazırda da onun qeydiyyatdan çıxmasına inanmadığını bildirmişdir.

26. Lakin Elektron Məhkəmə informasiya sistemindən çıxarışla müəyyən edilir ki, X1 şəhəri, Cəfər Cabbarlı küçəsi, bina 4, mənzil 45 ünvanında qeydiyyatdadır və ona Goranboy RPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir.

27. Yəni, X7 artıq iddiaçının ona məxsus olduğunu qeyd etdiyi mənzildən - ünvan 12 ünvanından qeydiyyatdan çıxmışdır.

28. Buna görə də, məhkəmə hesab edir ki, əvvəla, yuxarıda qeyd edilənlərə əsasən ünvan 12 ünvanında yerləşən mənzilin mülkiyyət hüququ ilə İddiaçı məxsusluğu müəyyən edilmir, ikinci tərəfdən isə X1 şəhəri, Cəfər Cabbarlı küçəsi, bina 4, mənzil 15 ünvanından qeydiyyatdan çıxmaqla, hazırda ünvan 11 ünvanında qeydiyyatdadır.

29. Birinci halda, iddiaçıın hazırkı iddianı qaldırması üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilmir, ikinci halda isə hüququnun pozulması halı müəyyən edilmir.

30. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

31. Ona görə də, hazırkı iddia mümkün sayılmamalıdır.

32. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar