Məhkəmə qərarları › İş №2-1(114)-2978/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2978/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2978/2023 24.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4802/2022 saylı qərardadı əsasında inzibati iş aidiyyəti üzrə baxılması üşüm Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1043/2022 saylı qərarına əsasən İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-290/2023 saylı qərardad əsasında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1043/2022 saylı qərarı ləğv edilmiş və iş materialları yenidən ataşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İddiaçı cavabdehin əvəz edilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(114)-2978/2023 saylı qərardadi ilə iddiaçının ərizəsi təmin edilmiş cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əvəz edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən könüllü olaraq hərbi xidmətə başlamış və erməni qəsbkarlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Xidməti dövründə Tovuz rayonu Hacalı və Əlibəyli kəndlərində döyüşlərdə iştirak etmişdir. Sonradan 1991-ci ildə ali təhsil aldığına görə xidmətdən tərxis edilmişdir. İddiaçı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 27 may 2022-ci il tarixli 79 nömrəli məhkəməyə ünvanlanmış məktubundan müəyyən olunur ki, Tovuz rayon İcra Hakimiyyəti yanında müharibə veteranı adının verilməsi məsələləri komissiyasının sənədləri Tovuz rayon Dövlət arxivinə təhvil verilmədiyindən qeyd edilən komissiyanın xx.xx.2001-ci il tarixli qərarının və həmin yarixli 5 saylı iclas protokolunun təsdiq edilmiş surətini təqdim etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 27 may 2022-ci il tarixli 78 nömrəli məhkəməyə ünvanlanmış məktubundan müəyyən olunur ki, Tovuz rayonu Hacalı və Əlibəyli kəndləri üzrə özünümüdafiə dəstəsinin post kitabı Tovuz rayon Dövlət arxivinə təhvil verilmədiyindən Hacalı və Əlibəyli kəndləri üzrə özünümüdafiə dəstəsində döyüşdə iştirak etmiş şəxslərin siyahısı baxış keçirilmək üçün təqdim etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti başçısının aparatının 17 oktyabr 2022-ci il tarixli 2-5/910 nömrəli məhkəməyə ünvanlanmış məktubundan müəyyən olunur ki, müharibə veteran adının verilməsi komissiyasının 14 iyun 2001-ci il tarixli 5 nömrəli iclas protokolu icra hakimiyyətində mövcud olmadığından həmin protokolun təsdiq edilmiş surətini təqdim etmək mümkün olmamışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, Q/4201 saylı məktubundan görünür ki, iddiaçının “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsi ilə bağlı müvafiq tələbinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından da əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunur ki, 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək özünümüdafiə dəstələrində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim etmiş olsunlar. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Belə ki, qanunvericiliyin tələbindən müəyyən olunur ki, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkbində iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiklər siyahıkar əsasında, həm də döyüşlərdə iştirakı edən sənədlərlə birgə təqdim edildiyi halda verilir, lakin iş üprə bu hal baş verməmişdir. Beləliklə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar