Məhkəmə qərarları › İş №2-1(114)-2979/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2979/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2979/2023 04.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X9 ASC-nin nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci il üzrə hesablanmış 30208,32 manat mənfəət vergisinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış, 23 avqust 2022-ci il tarixli, "kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" olan məktubda, xx.xx.2022-ci il tarixdə **********727700 bəyamnamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsindən daxil olmuş xidməti məktubun icrası ilə əlaqədar (məlum olduğu kimi "xxxx" ASC-nin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630,38 manat dəyərində ümudsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömərli sərəncamına əsasən silinmişdir.) vergi ödəyicisinin kreditorları tərəfindən silinən borcların onun sahibkarlıqdan əldə etdiyi gəlirə aid edildiyi üçün 2021-ci il üzrə 151041,32*20%=30208,32 manat 2021-ci il üzrə mənfəət vergisinin hesablanmasının məqsədə müvafiq olduğu bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə müraciət olunmuş və qeyd olunan borc məbləğinə aid olan ilkin sənədlərin, üzləşmə aktlarının, işgüzar yazışmaların və sair sənədlərin təqdim olunması xahiş olunmuşdur. Lakin "xxxx" ASC həmin məktuba verdiyi 12.110.2022-ci il tarixli cavabında, qeyd olunan borcun "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömərli sərəncamına əsasən silinməsini bildirərək, ünvanlanmış müraciətdən bir növ yayınmışdır. Həmin cavab bizi qane etmədiyi üçün, vəkil vasitəsi ilə, "xxxx" ASC-nə sorğu ünvanlanmışdır. Həmin sorğuda, "X9" ASC ilə "xxxx" QSC arasında hər hansı bir alqı-satqı, xidmət və yaxud da qanunvericilikdə nəzərdə tutulmuş digər mülki hüquqi münasibətlərini tənzimləyən müqavilənin olması və yaxud da həmin müqavilənin icra edilməsinə dair hər hanısı aktların olması barədə geniş məlumatın verilməsi, əgər qeyd olunan sənədlər varsa, onların təsiq olunmuş sürətinin rəsmi qaydada verilməsi "xxxx" ASC-dən xahiş olunmuşdur. Həmin sorğuya cavabında "xxxx" ASC, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, qeyd olunan borclar öz aktuallığını itirdiyindən və borclarla bağlı sənədlərin saxlama müddəti bitdiyindən, qeyd olunan sənəndələrin təqdim olunması imkan xaricindədir. Həmçinin qeyd olunan borcun araşdırılması üçün "X9" ASC-nin özəlləşdirmə planına (emissiya prospekti) nəzər saldıqda, "X9" ASC-nin kreditor borcları siyahısında qeyd olunan borc məbləğinə rast gəlinmir. Araşdırma nəticəsində məlum oldu ki, ümumiyyətlə "X9" ASC-nin, "xxxx" ASC ilə heç bir əməkdaşlığı və işgüzar münasibətləri olmamışdır. Qeyd olunanları və "xxxx" ASCnin bizə verdiyi cavab məktublarını da əsas götürərək, cavabdeh orqana, 02 fevral 2023cü il tarixdə müraciət ünvanlayaraq, bizə 2021-ci il üzrə hesablanmış borc üzrə olan, 151041,32*20%=30208,32 manat mənfəət vergisinin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı qərar qəbul edilməsi xahiş etmişdik. Lakin cavabdeh orqan hər dəfə bizə verdiyi cavabı təzələyərək, xx.xx.2023-cü il tarixli cavab məktubunda, "xxxx" ASC ilə aramızda olan müvafiq təsdiqedici sənədləri, bağlanmış müqavilələri, təhvil təslim aktlarını, xüsusən gəlirlərin, yeni zamanda xərclərin mənbəyi, məbləği və formalaşması ilə bağlı sənədlərin vergi orqanına təqdim edilməsini bildirmişdir. İddiaçı hesab edir ki, ona 2021-ci il üzrə hesablanmış, 30208,32 manat mənfəət vergisinin, şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. İddiaçının vəkili X3 müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 08 avqust 2023-cü il tarixli, **********222900 nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Həmçinin, iddiaçının vəkili X3 müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, rəhbəri olduğu Cəmiyyətin heç vaxt "xxxx" ASC ilə arasında mal-material alqı-satqısı olmamışdır və həmin quruma Cəmiyyətin borcu olmamışdır. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli ""xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə" sərəncamı əsasında tərəfimizdən iddiaçı cəmiyyət barəsində qanunamüvafiq tədbir görülmüşdür. Belə ki, sözügedən sərəncamla "xxxx" Qapalı Səhmdar Cəmiyyətində aparılmış maliyyə təsərrüfat fəaliyyətinin təhlilinə uyğun olaraq 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və indiyədək ödənilməmiş ümidsiz debitor borclarının olduğu nəzərə alınaraq həmin cəmiyyətin 1989-2014-cü maliyyə illəri üzrə 57 630 486,38 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli sərəncamın 2-ci bəndinə əsasən isə sərəncamın icrasından irəli gələn məsələlərin həlli İqtisadiyyat Nazirliyinə də tapşırılmışdır. Sərəncamın əlavəsində əks olunmuş siyahıda "X9" ASC də qeyd olunmuşdur. Siyahı-məlumatda "X9" ASC-nin 151041,64 manat məbləğində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcunun ümidsiz borc kimi silinməsi göstərilmişdir. Yuxarıda qeyd olunan normaların hüquqi təhlili onu deməyə əsas verir ki, vergi orqanının hərəkətləri qanuni və əsaslı olmuşdur. İddiaçı cəmiyyətin müvafiq öhdəlik üzrə kreditoruna olan borclarının silinməsi halı onun üçün vergi öhdəliyini yaranması kimi xarakterzə edilməlidir. Çünki qanunvericiliyin tələbinə əsasən silinmiş kreditor borcların məbləği vergi ödəyicisinin gəliridir. NK-nın sərəncamının 2021-ci ildə qəbul edildiyini nəzərə alaraq qeyd olunur ki, həmin il üçün cəmiyyətin əlavə 151041,64 manat məbləğində dövriyyəsi formalaşmış, lakin "X9" ASC tərəfindən həmin dövriyyə məlumatları əsasında vergilər hesablanaraq dövlət büdcəsinə ödənilməsi təmin olunmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə sərəncamından görünür ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan ümidsiz debitor borclarının silinməsi qərara alınmış və debitor borcların siyahısında İddiaçı ASC də qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarının məzmunundan görünür ki, kameral yoxlama nəticəsində İddiaçı ASC-yə 32.669,02 manat vergi borcu hesablanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli ""xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə" sərəncamı əsasında "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə 57 630 486,38 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli sərəncamın 2-ci bəndinə əsasən isə sərəncamın icrasından irəli gələn məsələlərin həlli İqtisadiyyat Nazirliyinə də tapşırılmış və sərəncamın əlavəsində əks olunmuş siyahıda "X9" ASC-də qeyd olunmuşdur. Siyahı-məlumatda "X9" ASC-nin 151041,64 manat məbləğində "xxxx" QSCyə olan borcunun ümidsiz borc kimi silinməsi göstərilmişdir. Cavabdeh iddiaçı cəmiyyətin müvafiq öhdəlik üzrə kreditoruna olan borclarının silinməsi halını onun üçün vergi öhdəliyini yaranması kimi xarakterizə edərək xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarla müvafiq vergi borcu hesablamışdır. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarlarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, vergi ödəyicisinin adının hərhansı siyahıda borclu kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin müvafiq məktubları ilə müəyyən olunur ki, borc məbləği "xxxx" QSC-nin uçot məlumatlarından çıxarılmışdır və sözügedən borclarla bağlı sənədlərin saxlama müddəti bitdiyindən sənədlərin təqqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi, faktiki olaraq sərəncamda qeyd olunmuş debitor borc məbləğini təsdiq edən sənədlər mövcud deyil. Vergi orqanı isə iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arasında hər-hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan vergi ödəyicisinə borc hesablamış, həmçinin bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan da iddiaçı barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarlar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar