Məhkəmə qərarları › İş №2-1(114)-298/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-298/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-298/2021 01.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 18 saylı Regional Ərazi filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 18 saylı Regional Ərazi filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.1972-ci ildən xx.xx.1999-cu ilə kimi, yəni 26 il 11 ay 14 gün əmək stajının olması nəzərə alınaraq həmin stajın sosial sığorta stajına daxil edilməsini və 65 yaşı tamam olduğu xx xxxxxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(83)-1821/2018 nömrəli qərarı ilə onun 1972, 1976-1988-ci illərdə Ermənistan Respublikası Ararat rayonunun Şirazlı kəndində yerləşən «Şirazlı» adına kolxozda çoban, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Xanlar rayon 162 nömrəli TMSD-də dülgər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməklə pensiya təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(104)-260/2019 nömrəli qərarı ilə Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(83)-1821/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(83)-1821/2018 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar çıxarılmış, iddia qismən təmin edilərək onun 1972, 1976-1977, 1980, 1985-1988-ci illərdə Ermənistan SSR-in Ararat rayonunun Şirazlı kəndində yerləşən «Şirazlı» adına kolxozda və xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Xanlar rayon 162 nömrəli TMSD-də işlədiyi illərin sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-22/2020 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-260/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(104)-525/2020 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(83)-1821/2018 nömrəli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. O, xx.xx.1954-cü ildə doğulmuş və xx.xx.2019-cu ildə 65 yaşı tamam olduğu üçün 65 yaşı tamam olan vaxt cavabdehlə aralarında olan mübahisəyə məhkəmə instansiyalarında baxıldığından cavabdehə ərizə ilə müraciət edərək, 65 yaşı tamam olan zaman məhkəmə instansiyalarında işin baxılmasını nəzərə alıb 26 il 11 ay 14 gün əmək stajının sığorta stajına daxil edilməsini və xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubu ilə ona təqdim etdiyi əmək kitabçasında hərbi xidməti nəzərə alınmaqla 26 il 10 ay 13 gün sosial sığorta stajının olmasını, lakin xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək Xanlar rayon 162 nömrəli TMSD-a işlədiyi dövrün əmr kitablarının və əmək haqqı cədvəllərinin Göygöl rayon Dövlət Arxivində saxlanılmadığı və müəssisənin hüquqi ünvanının məlum olmadığı üçün yoxlanılmasının mümkün olmadığını, xx.xx.1996-cı ildən xx.xx.1999-cu il tarixədək işlədiyi Cücələrim uşaq baxcasında yoxlama aparılarkən xx.xx.1996-cı il tarixli 33 saylı əmrdə başqa bir vətəndaşın işdən çıxması ilə yanaşı onun işə qəbul olunmasınında qeyd olunduğunu, xx.xx.1999-cu il tarixli işdən çıxma əmrinin, əmr kitabında aşkar edilmədiyini, xx.xx.1999-cu il tarixdə 64 saylı əmrdə qaralama aparılaraq sonradan əlavə edildiyini, bunları nəzərə alaraq şübhə doğuran sosial sığorta stajının pensiya hesablanmasında mümkün olmadığı üçün onun yaşa görə tələb olunan 25 il sosial sığorta stajını ödəmədiyini və yaşa görə əmək pensiyası təyin edilməsinin imkan xaricində olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin tələbinə əsasən iddiaçıya yaşa görə pensiya 64 yaş 6 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid işi stajı Dövlət Arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş materiallarına əlavə edilən iddiaçının əmək kitabçasına müvafiq olaraq onun ümumilikdə 26 il 10 ay 13 gün sosial sığorta mövcuddur. DSMF X4in 18 saylı regional ərazi filialı (Göygöl şöbəsi) tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktla müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1996-cı il tarixli 33 nömrəli əmrlə Rəhimov Rəhim işdən azad edildikdən sonra işə qəbul olunmuş, xx.xx.1999-cu il tarixli 39 nömrəli əmrlə öz hesabına məzuniyyətdə olduğundan onu Rəhimov Rəhimin əvəz etdiyi qeyd edilmişdir. İddiaçının xx.xx.1999-cu il tarixli 64 nömrəli işdən çıxma əmri üzərində düzəliş olunmaqla əmr kitabına əlavə edilmişdir. Bununla əlaqədar olaraq işdən çıxma əmri şübhə doğurur. Mübahisələndirilən dövr 2 il 6 ay təşkil edir (xx.xx.1996-xx.xx.1999). İddiaçının ümumilikdə qeyd edilən 26 il 10 ay 13 gün sosial sığorta stajından həmin illəri çıxdıqda onun 24 il 4 ay 13 gün sosial sığorta stajı mövcud olur. İş materiallarına əlavə edilən Göygöl rayon Dövlət Arxivinin Göygöl rayon Hüquqi Xidmət Mərkəzinə ünvanladığı xx.xx.2020-ci il tarixli 25 nömrəli məktubunda xx.xx.2020-ci il tarixli 16 saylı sorğuya cavab olaraq keçmiş Xanlar rayon 162 saylı X1 arxiv sənədləri, o cümlədən əmr kitabları, əmək haqqı cədvəlləri və iş stajı ilə bağlı digər sənədlər rayon Dövlət Arxivinin mühafizəsinə verilmədiyi və iddiaçının 1989-1991-ci illərdə həmin təşkilatda işləməsi barədə arayış verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd edilən mübahisələndirilən dövr 2 il 8 ay 20 gün təşkil edir (xx.xx.1989-xx.xx.1991-). İddiaçının ümumilikdə qeyd edilən 26 il 10 ay 13 gün sosial sığorta stajından həmin illəri çıxdıqda onun 24 il 1 ay 23 gün sosial sığorta stajı mövcud olur. İş materiallarına əlavə edilən müvafiq filial tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya verilmiş imtinadan görünür ki, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək Xanlar rayon 162 nömrəli TMSD-a işlədiyi dövrün əmr kitabları və əmək haqqı cədvəlləri Göygöl rayon Dövlət Arxivində saxlanılmadığı və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün yoxlamaq mümkün olmamışdır. xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək işlədiyi "Cücələrim uşaq baxçası"nda yoxlama aparılarkən müəyyən olunmuşdur ki, xx.xx.1996-cı il tarixli 33 nömrəli əmrdə digər bir vətəndaşın işdən çıxması ilə yanaşı iddiaçının işə qəbul olunması da qeyd edilmişdir. xx.xx.1999-cu il tarixli işdən çıxma əmri əmr kitabında aşkar edilməmiş, xx.xx.1999-cu il tarixdə 64 nömrəli əmrdə qaralama aparılaraq sonradan əlavə edilmişdir. Bunları nəzərə alaraq şübhə doğuran sosial sığorta stajının pensiya hesablanması zamanı mümkün olmadığı və qanunun tələbləri ödənilmədiyi üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməmişdir. Bundan əlavə iddiaçı 2018-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə eyni tələb ilə müraciət etmiş, birinci instansiya məhkəməsinin 2-1(83)-1821/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-260/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-22/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, sözügedən qərar ləğv edilməklə, iş təkrar baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-525/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının qanunla müəyyən edilmiş sığorta stajı və fərdi hesabında pensiya kapitalı olmadığından və iddianın uğurlu olacağı təqdirdə iddiaçının hüquqi marağı təmin edilməyəcəyindən (mümkünlük şərtlərinə cavab vermədiyindən) iddia mümkünsüz hesab edilmişdir. İddiaçının mübahisələndirdiyi iş illərinə dair faktlar digər qüvvəyə minmiş məhkəmə qərarlarında öz təsdiqini tapmışdır. İddiaçının qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-525/2020 nömrəli xx.xx.2020ci il tarixli qərardadı ilə təsdiq olunduğundan və həmin qərardad qanuni qüvvəyə mindiyindən iddiaçının yenidən eyni tələbi məhkəmədə mübahisələndirməsi əsassız olmaqla həm də qanunsuzdur. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının qeyd etdiyi müddətin sosial sığorta stajına daxil edilməsində əsas məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. İddiaçı eyni iddia tələbi ilə xx.xx.2018-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(104)-260/2019 nömrəli qərarı ilə qismən təmin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-22/2020 nömrəli qərarı ilə qismən təmin edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(104)-525/2020 nömrəli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir və Gəncə Apelyasiya Məhkəməsinin həmin qərardadı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 18 saylı Regional Ərazi filialına qarşı xx.xx.1972-ci ildən xx.xx.1999-cu ilə kimi, yəni 26 il 11 ay 14 gün əmək stajının olması nəzərə alınaraq həmin stajın sosial sığorta stajına daxil edilməsini və 65 yaşı tamam olduğu xx xxxxxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyevpr. 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar