Məhkəmə qərarları › İş №2-1(114)-298/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-298/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-298/2024 13.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, onun vəkili X8 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi 22 noyabr 1993-cü il tarixli 684 nömrəli talon orderindən məlum olur ki, ünvan 1ən mənzili tutmaq hüququ İddiaçı və ailə üzvlərinə verilmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* arayışına əsasən İddiaçı və ailə üzvləri X6, X11, X2, X13, X3 şəhəri, DOS-7, ev 107, mənzil 29 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı ünvan 1ən mənzilin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fonduna aid olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunamüvafiq hesab edilmir.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4039 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı yaşadığı Gəncə şəhəri, DOS-7, ev 107, mənzil 29 ünvanı Müdafiə Nazirliyinin balansındadır və mənzilin yerləşdiyi hərbi şəhərcik açıq hərbi şəhərcik statusu daşıyır. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, özəlləşdirmənin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, ailəsi ilə birgə 22 noyabr 1993-cü il tarixdən bu günə qədər Gəncə şəhəri, DOS-7, ev 107, mənzil 29 ünvanında yaşayır. Sözügedən mənzil ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən orderlə verilmişdir. Mülki qanunvericilik sisteminə görə 20 ildən artıq bir mənzildə yaşamış şəxsin(lərin) həmin mənzilə dair mülkiyyət hüququnun tanınması barədə müvafiq icra hakimiyyətinə müraciət edə bilər(lər). Bu halda o və ailəsi həmin mənzildə 30 ilə yaxındır yaşayırlar və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş və onlarla qonşuluqda yaşayan əksəriyyət sakinlər artıq yaşadıqları evləri özəlləşdirmişlər. O, sözügedən mənzilin özəlləşdirilməsi ilə əlaqədar olaraq ərizə ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cənab məktubunda bildirilmişdir ki, Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasinin Qanununun 6-cı maddəsinin tələblərinə görə Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İddia ərizəsinə əlavə etdiyi və onun adına yazılmış orderdən də göründüyü kimi o ailəsi ilə birgə həmin mənzildə 30 ildən artıqdır yaşayırlar. Yəni, istər Konstitusiyanın 25-ci maddəsinin, istərsə də mülki qanunvericilik sistemiminin tələblərinə uyğun şəkildə o və ailəsi yaşadıqları mənzili özəlləşdirmək hüququ əldə etmişlər.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

11. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

14. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Mənzil-İstismar Hissəsi zəruri cəlbetmə qaydasında, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Mənzil-İstismar Hissəsinin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı, onun vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. İddiaçı və onun vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.

18. İddiaçı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, hərbi qulluqçu olmuş və sözügedən mənzil ona hərbi qulluqçu kimi verilmişdir. Mənzil onlara verildiyi vaxtdan ora köçərək, 30 ildən artıqdır ki, ailəsi ilə yaşayır. Yaşadığı binada qonşuların əksəriyyəti mənzillərini özəlləşdirsə, cavabdeh orqan onun mənzilini özəlləşdirməkdən imtina etdiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

19. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).

20. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 22 noyabr 1993-cü il tarixli 684 nömrəli talon orderi; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2023-cü il tarixli 4039 nömrəli cavab məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə proses iştirakçılarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

23. Belə ki, iş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən olunur ki, ünvan 1ən mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22 noyabr 1993-cü il tarixli 684 nömrəli orderi əsasında İddiaçı (ailə üzvləri ilə birlikdə) yaşamaq üçün verilmişdir. Həmin tarixdən hal-hazıradək həmin mənzil iddiaçının və ailə üzvlərinin sahibliyində və istifadəsindədir. İddiaçı sözügedən mənzilin adına özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzilin xidməti mənzil kimi Azəbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olduğunu əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir.

24. Məhkəmə cavabdeh orqanın imtinasını qanuni və əsaslı sayaraq, aşağıdakıları qeyd edir.

25. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə görə: Maddə 100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

26. 01.10.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

27. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanuna görə: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

28. Göründüyü kimi, iddiaçının adına özəlləşdirilməsini tələb etdiyi Gəncə şəhəri, DOS-7, ev 107 ünvanında yerləşən 29 nömrəli mənzil ona Müdafiə Nazirliyi tərəfindən xidməti mənzil kimi verilmişdir və hazırda həmin mənzil Müdafiə Nazirliyinin balansındadır.

29. Məhkəmə onu da qeyd edir ki, mənzilin yerləşdiyi hərbi şəhərciyin açıq hərbi şəhərcik olması onun təyinatını dəyişdirmir, yəni xüsusi təyinatlı mənzilin özəlləşdirilməsinə əsas vermir.

30. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na görə: Bənd 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

31. Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhəri, DOS-7, ev 107 ünvanında yerləşən 29 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna aid olduğundan və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən iddia tələbi rədd edilməlidir.

32. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar