Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2989/2022 05.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehin avtomobil üzərində qeydiyyat hərəkətlərinin aparılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməklə, DAF FT XF yük markalı, 14L51E tranzit nömrə nişanlı, 2011-ci il buraxılışlı nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Çexiya Respublikasından gətirdiyi DAF FT XF yük markalı, 14L51E tranzit nömrə nişanlı, 2011-ci il buraxılışlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə dair cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən DAF FT XF 105 yük markalı, 2011-ci il buraxılışlı, şassi nömrəsi XLRTE47MS0E906857 olmuşdur. Cavabdeh tərəfindən avtomobilin üzərində hüququnun qeydiyyatının aparılmasında heç bir əsas olmadan imtina edilmişdir. Belə ki, cavabdeh imtina ərizəsində göstərir ki, guya avtomobildə qeyd olunmuş şassi nömrəsi qeyri-zavod üsulu ilə vurulması aşkar olunduğunu göstərmişdir. Halbuki, avtomobilində vurulmuş şassi nömrəsi zavodda vurulmuş şassi nömrəsidir. Buna dair ancaq müvafiq mütəxəssisin rəyi ilə müəyyən edilməsi mümkündür. O cümlədən cavabdeh imtinasında göstərir ki, qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə qərarı ilə nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə müvafiq qərar qəbul edilməsi ilə mümkündür. Lakin cavabdehin avtomobil üzərində mülkiyyət hüququnun tanınmasına dair imtinası əsassızdır. Belə ki, məhkəmə mülkiyyət tanıyan orqan deyil. İşin şifahi məhkəmə baxışı iclası 05 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 63.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin uçot kartasının surəti, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, “Yol nəqliyyat vasitəsinin VİN-ni yenilənməsi barədə” qərarın surəti, fakturanın surəti, xx.xx.2022-ci il tarixli gömrük bəyannməsinin surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2022-ci il tarixli, 3136315-1222 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/1010a nömrəli təhqiqat haqqında arayışının təsdiqlənmiş surəti əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı adına olan DAF FT XF yük markalı, 14L51E tranzit nömrə nişanlı, 2011-ci il buraxılışlı nəqliyyat vasitəsinin üzərində onun mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi ilə əlaqədar iddiaçı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan bundan imtina etmiş, imtinanın səbəbi kimi avtomobildə qeyd olunmuş şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/1010a nömrəli təhqiqat haqqında arayışının təsdiqlənmiş surətindən görünür ki, “DAF FT XF 105” yük markalı, 14L51E tranzit nömrə nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş hərf və rəqəmlər aşkar edilməmişdir. Avtomobilin şassi nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsindən təxminən 188 sm arxaya doğru məsafədə, ramanın bel hissəsində həkk edilmiş “XLRTE47MS0E906857” hərf və rəqəmləri kustar üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş “A-062693” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsinin üzərində avtomobilin şassi nömrəsini-“XLRTE47MS0E906857”, mühərrik nömrəsini “A-062693” göstərən hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının təsdiqlənmiş surəti toplanmış materiallarda cinayət tərkibi olmadığından fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək mülkiyyətçinin konstitusion hüququdur və iddiaçı bu hüququndan istifadə edərək qanuni yolla əldə etdiyi avtomobilin öz adına qeydiyyata alınmasını tələb edir. Məlumdur ki, nəqliyyat vasitələrinin qeydiyyatı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin qanunun icrasını təmin etmək məqsədilə qəbul edilmiş digər normativ aktlarla tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin 1ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin:- -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. -2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud haqların və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Qeyd olunan normalardan görünür ki, bu qəbildən olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, eləcə də qeydiyyatla bağlı digər hərəkətlərin aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (onun müvafiq qurumları) tərəfindən həyata keçirilir. İşin faktiki hallarına əsaslanaraq məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan “DAF FT XF 105” yük markalı, 14L51E tranzit nömrə nişanlı avtomobilin üzərində hər-hansı məhdudiyyət, qadağa və s. hüquqların məhdudlaşdırılması ilə əlaqədar vəziyyət mövcud olmadığından iddia tələbinin təmin edilməsindən imtina ilə bağlı heç bir hüquqi əsas mövcud deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. “DAF FT XF 105” yük markalı, 14L51E tranzit nömrə nişanlı avtomobilin İddiaçı adına qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2989/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2989/2022
05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver