Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-299/2021 01.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı daşınmaz əmlakın dövlət qeydiyyatında düzəlişin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 adına aparılmış 17.06.2017-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestri qeydiyyatında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Bərdə rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilən 24 yanvar 2007-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən əvvəlki mülkiyyətçisindən satın alınmış və sözügedən torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən 09.02.2007-ci il tarixində **********95 reyestr nömrəli çıxarış verilmişdir. 2021-ci ilin iyul ayının sonlarında ona məlum olmuşdur ki, sözügedən reyestrdən çıxarışa əsasən xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi X12 adlı şəxsin adına rəsmiləşdirilmişdir. Cavabdehin 17.08.2020-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha hissəsi həyətyanı torpaq sahəsi kimi Bərdə rayonu Dövlət arxivindən verilmiş 05 iyun 2017-ei il tarixli, 335 saylı arxiv arayışına əsasən X5 adına rəsmiləşdirilmiş və onun adına daşınmaz əmlakın dövlət reyestrindən 17.06.2017-ci il tarixində **********501 reyestr nömrəli çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,11 ha və 0,04 ha hissələri müvafiq olaraq X13 və X2 adlı şəxslər tərəfindən qanunsuz zəbt edildiyindən tərəfindən onlara qarşı qeyd olunan torpaq sahələrindən çıxarılmaqla, istifadə hüququnun pozulmasına dair hərəkətlərə son qoyulması barədə müvafiq iddia ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş və sözügedən iddiası təmin edilməklə həmin iş üzrə qəbul olunmuş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra 03.08.2017-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bərdə rayon icra və Probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədinə borclular A.Ə.Şadmanovun və M.M.Qarayevin ölmələri səbəbindən Bərdə rayon icra və Probasiya şöbəsinin böyük icra məmuru S.R.İsgəndərovun 01.06.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Cavabdeh tərəfindən hansısa bir arxiv arayışına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha hissəsinin üçüncü şəxsin adına həyətyanı torpaq sahəsi kimi reyestrdən çıxarışla sənədləşdirilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən hər hansı bir arxiv arayışı digər şəxsin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsinin digər şəxsin adına həyətyanı torpaq sahəsi kimi rəsmiləşdirilməsi üçün əsas ola bilməz. Üçüncü şəxsin adına verilmiş 17.06.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli reyestr qeydiyyatının aparılması qanunla müəyyən edilən tələblərə ziddir. Üçüncü şəxsin adına aparılmış daşınmaz əmlakın reyestr qeydiyyatının etibarsız sayılmasına dair Bərdə Rayon Məhkəməsinə müraciət olunaraq cavabdeh tərəfindən üçüncü şəxsin adına aparılmış 17.06.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestri qeydiyyatının etibarsız sayılmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuş, lakin Bərdə Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli qərardadı ilə iddianın inzibati məhkəməyə aid olması əsası ilə iddia ərizəsi və ona aid olan sənədlərin geri qaytarılması qərara alınmış, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Gəncə Apelyasiya Məhkəməsinin 04.11.2020-ci il tarixli qərardadı ilə təmin olunmamışdır. Cavabdeh tərəfindən verilən 19.10.2020-ci il tarixli **********97 nömrəli məktubla xahişinin icrasından formal mülahizələrlə faktiki olaraq imtina olunmuşdur. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi X6 31.03.2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbinə yazılı etiraz verərək bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, dövlət reyestrindən X5 adına verilmiş 0.10 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin tərkib hissəsi deyildir. Eyni zamanda mübahisəli torpaq sahəsi ilə bağlı aparılan kadastr araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin bir hissəsi X12 tərəfindən zəbt edilməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxs X12 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi mübahisəli torpaq sahəsinə dair Bərdə Rayon Məhkəməsində işə baxılarkən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın rəyində həmin torpaq sahəsinə onun girmədiyi müəyyən olunmuşdur. Hazırda həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini 24.01.2007-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, MH seriyalı ******* nömrəli, 09.02.2007-ci il qeydiyyat tarixli, **********95 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, 20.05.2017-ci il tarixli AN 152805 nömrəli torpaq sahəsinin plan və ölçüsü, RX seriyalı ******* nömrəli, 17.06.2017-ci il qeydiyyat tarixli **********01 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, 16.06.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü, 31.05.2019-cu il qeydiyyat tarixli, **********01 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, 25.06.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü, 30.05.2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 19.10.2020-ci il tarixli **********97, 21.10.2020-ci il tarixli **********42 nömrəli məktubları, NECAS WEB X9 torpaq sahəsinə dair kadastrdan çıxarış və 31.03.2021-ci il tarixli **********69 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. 24.01.2007-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X10 DƏDRX Bərdə rayon Ərazi İdarəsinin 15.01.2007-ci il tarixli, 39 saylı arayışına və DT və XK Bərdə rayon şöbəsinin 09.09.2005-ci il tarixli, JN:0313 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 1.00 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir. MH seriyalı ******* nömrəli, 09.02.2007-ci il qeydiyyat tarixli, **********95 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində 1.0 ha torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı əkin torpağı), mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyat aparılmışdır. RX seriyalı ******* nömrəli, 17.06.2017-ci il qeydiyyat tarixli **********01 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində 0.10 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları), mülkiyyət hüququ əsasında X5 mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində **********01 nömrə ilə qeydiyyat aparılmışdır. Bərdə rayon dövlət arxivinin 05.06.2017-ci il tarixli 335 nömrəli arxiv arayışı əsasında tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində 0.1 ha yaşayış məntəqələrinin torpaqğı (həyətyanı) torpaq sahəsi X5 adına verilmişdir. Həmçinin iş materiallarında olan 25.06.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü, 30.05.2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 rayonu Mirzalıbəyli kəndi ərazisində yerləşən mülkiyyət üzrə ona məxsus olan ümumi sahəsi 0.1 ha torpaq sahəsini X1. 31.05.2019-cu il qeydiyyat tarixli, **********01 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasında X4 mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində **********01 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan NECAS WEB X11 kadastr çıxarışından çəkilmiş yerquruluşu xəritəsində göstərilən bölgüdə İddiaçı mülkiyyətində olan 1.0 ha torpaq sahəsi ilə üçüncü şəxs X5 mülkiyyətində olan 0.1 ha torpaq sahələrinin sərhədlərinin kəsişmədiyi görünür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı daşınmaz əmlakın dövlət qeydiyyatında düzəlişin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilsin Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-299/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-299/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver