Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2993/2025 10.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsinin etibarnamə ilə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Doğum haqqında xx.xx.2010-cu il tarixli AZ-İİ 562219 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 773 nömrə ilə qeyd edilmişdir. X2, anası Qanuni nümayəndədır.
2. xx.xx.2020-ci il tarixli AA 442284 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən Qanuni nümayəndə 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və hazırda müvəqqəti olaraq Gəncə şəhəri Vətən mehmanxanasında məskunlaşmışdır.
3. Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(058)-292/2014 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, iddiaçı Qanuni nümayəndə ilə cavabdeh X7 arasında 14 oktyabr 2008-ci il tarixdə Kəlbəcər rayon qeydiyyat şöbəsində 179 sayla qeydə alınmıış nikahın pozulması, tərəflərin övladları 17 dekabr 2009-cu ildə anadan olmuş X11 və xx xxxxxx 2010-cu ildə anadan olmuş İddiaçı analarının himayəsində saxlanılması, nikahın pozulması haqqında şəhadətnamə verilərkən cavabdeh X4 15 (on beş) manat dövlət rüsumunun alınması, iddiaçı Qanuni nümayəndə bu xərcdən azad edilməsi, cavabdeh X1 pul məbləğində hər ay hər uşaqa 50 manat olmaqla cəmi 100 manat alimentin tutularaq 17 dekabr 2009-cu ildə anadan olmuş X8 və xx xxxxxx 2010-cu ildə anadan olmuş İddiaçı yetkinlik yaşına çatana kimi saxlanılması üçün Qanuni nümayəndə xeyrinə verilməsi, alimentin bu qaydada tutulmasının 23 aprel 2014-cü il tarixdən hesab edilməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
4. Nikahın pozulması haqqında xx.xx.2014-cü il tarixli AZ-İ 181171 nömrəli şəhadətnaməyə əsasən X5 ilə Qanuni nümayəndə ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilmişdir.
5. Qanuni nümayəndə övladının adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 5-55/2-Q-18/2024 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.6-cı bəndinə əsasən müraciətdən imtina edilmişdir. II. Məhkəmədə icraat
6. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, anası, Qanuni nümayəndə xx.xx.1987-cı il tarixdə Kəlbəcər şəhərində doğulmuş və orada qeydiyyatda olmuşdur. xx.xx.2008-ci il tarixdə icma nümayəndəsi olmayan Samux rayon qeydiyyatında olan X10 ilə ailə həyatı qurmuş və nikahları rəsmiləşdirmişdilər. Bu nikahdan xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı və xx.xx.2014-cü ildə X13 adlı üç övladları doğulmuşdur. Qanuni nümayəndəsi olduğum övladım xx.xx.2010-cu il təvəllüdlü İddiaçı mənim olduğum Kəlbəcər şəhəri, Nizami prospekti, ev 7-də qeydiyyatda olsa da, ümumiyyətlə vahid aylıq müavinətin verilməməsi onun konstitusion hüquqlarını pozmuşdur. Cavabdeh 29 noyabr 2024-cü il tarixli 5-55/2-Q-18/2024 nömrəli məktubu ilə vahid aylıq müavinətin ödənişinin verilməsindən imtina edilmişdir. Məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və komunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.6 bəndinə uyğun olaraq valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinətin verilməsi şamil edilmir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçının qanuni nümayəndəsinin etibarnamə ilə nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
17. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. İddiaçının qanuni nümayəndəsıinin etibarnamə ilə nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.2010-cu il tarixli AZ-İİ 562219 nömrəli şəhadətnamə; - xx.xx.2020-ci il tarixli AA 442284 nömrəli məcburi köçkün vəsiqəsi; - Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(058)-292/2014 nömrəli qətnaməsi; - Nikahın pozulması haqqında xx.xx.2014-cü il tarixli AZ-İ 181171 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 5-55/2-Q-18/2024 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
21. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə anadan olmuşdur, X2, anası Qanuni nümayəndədır. Qanuni nümayəndə 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşərək hazırda müvəqqəti olaraq Gəncə şəhəri Vətən mehmanxanasında məskunlaşmışdır və ona xx.xx.2020-ci il tarixli AA 442284 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.
22. Samux Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(058)-292/2014 nömrəli qətnaməsinə əsasən Qanuni nümayəndə ilə X7 arasında 14 oktyabr 2008-ci il tarixdə Kəlbəcər rayon qeydiyyat şöbəsində 179 sayla qeydə alınmıış nikah pozulmuş, tərəflərin övladları 17 dekabr 2009-cu ildə anadan olmuş X11 və xx xxxxxx 2010-cu ildə anadan olmuş İddiaçı analarının himayəsində saxlanılmışdır. Həmin qətnaməyə əsasən X5 ilə Qanuni nümayəndə ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilməklə, bu barədə nikahın pozulması haqqında xx.xx.2014-cü il tarixli AZ-İ 181171 nömrəli şəhadətnamə verilmişdir.
23. Qanuni nümayəndə övladının adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 5-55/2-Q-18/2024 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.6-cı bəndinə əsasən müraciətdən imtina edilmişdir.
22. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 “məcburi köçkün” statusuna malik olsa da, o, “məcburi köçkün” statusu olmayan şəxslə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü İddiaçı qız dünyaya gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalarda isə valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqların (2.6-cı bənd) aylıq müavinət almaq hüququnun olmaması təsbit edilmişdir. Cavabdeh həmin normaya istinad edərək, iddiaçının adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsindən imtina etmişdir.
23. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 25. Bərabərlik hüququ I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
24. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna görə: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na görə”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.6. valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara.
26. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən, onun atasının məcburi köçkün statusunun olmadığını əsas gətirmişdir.
27. Məhkəmə bununla bağlı qeyd edir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(058)-292/2014 nömrəli qətnaməsinə əsasən iddiaçının valideynləri arasında olan nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı anasının himayəsində saxlanılmışdır.
28. Göründüyü kimi, İddiaçı yetkinlik yaşına çatmamış şəxs kimi “məcburi köçkün” statusuna malik olan valideyninin - anasının himayəsində olduğundan, onun da məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququ vardır.
29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdə 2744 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2011-ci ilədək qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinətin verilməsini nəzərdə tuturdu. İddiaçı doğulduğu vaxt anası məcburi köçkün statusunda olmuş və onun həmin dövrdə qüvvədə olmuş Təlimata əsasən, iddiaçı "məcburi köçkün" statusuna malik olan uşaq olmaqla doğulduğu gündən bu statusdan irəli gələn yemək xərci üçün müavinət almaq hüququ yaranmışdır. Sonradan xx.xx.2011-ci ildən qanunvericilikdə baş vermiş dəyişikliklə valideynlərinin yalnız hər ikisi məcburi köçkün statusunda olan uşaqlara müavinətin verilməsinin nəzərdə tutulması iddiaçının ziyanına şərh və tətbiq edilə bilməz.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2 və 2.6cı bəndlərində göstərilən vahid aylıq müavinətin hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara təyin edilməsi ilə bağlı tələb yalnız yeni qaydanın qəbul edildiyi xx.xx.2017-ci il tarixdən sonra doğulmuş uşaqlara münasibətdə keçərlidir, qeyd edilən müddəa əvvəlki qanunvericiliklə hüququ yaranmış şəxslərə, o cümlədən iddiaçının övladı İddiaçı münasibətdə tətbiq edilə bilməz.
31. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
32. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva