Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3/2022 20.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi, hər ay pensiyasından tutulan məbləğin tutulmasının qadağan edilməsi və tutulmuş məbləğin hesablanaraq qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi, hər ay pensiyasından özbaşına olaraq tutulan məbləğin tutulmasının qadağan edilməsi, tutulmuş məbləğin hesablanaraq qaytarılması, pensiyasından qanunsuz olaraq aparılan tutulmalara son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə, bacısı Gülnarə Xəlilova xx.xx.1986-cı ildə və qardaşı Xəlilov Polad xx.xx.1995-ci ildə doğulmuşdur. İddiaçı uşaqlıqdan əlil olduğu üçün ona əlilliyə görə sosial pensiya (müavinət) təyin olunmuşdur. Mərhum atası X3 xx.xx.1996-cı il tarixdə iş yerində ildırım vurması nəticəsində vəfat etmişdir. Ailə başçısı vəfat etdiyindən anası X1 xx.xx.1996-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının kiçik qardaşı Xəlilov Polad 2016cı il tarixdə təhsilini bitirdiyindən onlara verilmiş ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılmışdır. İddiaçı anadangəlmə 2-ci qrup əlil olduğuna görə həmin vaxtdan onun pensiyası dəyişdirilməli və ona ailə başçısını itirməyə görə pensiya təyin edilməli idi. Lakin cavabdeh orqan həmin pensiyanı ona verməkdən imtina etmiş, sonradan həmin pensiyanı ona hesablamış və onun əvvəllər aldığı pensiyanı həmin məbləğdən çıxmağa başlamışdır. İddiaçı həmin pensiyanı almaq hüququ yarandığı vaxtdan hesablanaraq ona verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmiş, eyni zamanda hər ay qanunsuz tutulan pulun hələ 2369,21 manat ondan tutulacağını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2018-ci il tarixdə təyin edilib, lakin həmin vaxtdan pensiyasından hər ay 52 manat pul tutulmağa başlanılmışdır. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya xx.xx.1991-ci il tarixdə 256 nömrəli qərarla uşaqlıqdan əlil olduğu üçün sosial pensiya təyin edilmişdir. İddiaçının atası X3 xx.xx.1996-cı il tarixdə vəfat etdiyindən xx.xx.1996-cı il tarixdə 219 nömrəli qərarla X1 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Lakin ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən övladı İddiaçı sosial pensiya alması barədə məlumat verməmişdir. Belə olduğu təqdirdə İddiaçı həm sosial pensiya həm də ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. İddiaçı sosial pensiya xx.xx.2017-ci il tarixədək ödənilmişdir. Nəticədə 2369,21 manat artıq ödəmə yaranmışdır. İddiaçının ailə başçısını itirməyə görə ödənilməli olan lakin ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsində tələbinə cavab olaraq bildirilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə Fondun Tərtər Rayon şöbəsinə müraciətinə uyğun qaydada xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır. Hazırda təmsil etdiyi qurum iddiaçıdan geri pensiya tələb etmir, belə bir niyyəti yoxdur. xx.xx.2017-ci il tarixdə iddiaçıya ödənilmiş müavinət dayandırılmışdır, hazırda məhkəmə qərar verəcəyi təqdirdə ona müəyyən məbləğ hesablanaraq ödənilə bilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İV-ЖГ 442358 nömrəli xx.xx.1996-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1996-cı il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş DSMF-nin Tərtər rayon şöbəsinin xx.xx.1996-cı il tarixli 8/219 nömrəli qərarından görünür ki, X1 xx.xx.1996-cı il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. -surəti işə əlavə edilmiş 192112 nömrəli xx.xx.2018-cı il tarixli vəsiqədən görünür ki, İddiaçı 2-ci qrup əlildir. -surəti işə əlavə edilmiş Azərbaycan Dövlət Pedoqoji Universitetinin xx.xx.2013-cü il tarixli 794 nömrəli arayışından görünür ki, X4 2012-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinə daxil olmuş, təhsil müddəti iyun 2016-cı ilə kimi nəzərdə tutulmuşdur. -surəti işə əlavə edilmiş ərizədən görünür ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Tərtər rayon şöbəsinə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. -surəti işə əlavə edilmiş DSMF-nin Tərtər rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 219 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən 152,61 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. -surəti işə əlavə edilmiş DSMF-nin Tərtər rayon şöbəsinin sərəncamından görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı artıq ödənilmiş məbləğ 2369,21 manat müəyyən edilmiş və xx.xx.2017-ci il tarixdən pensiyanın aylıq məbləği 152,61 manat müəyyən edilməklə həmin məbləğdən ayda 52 manat tutulma aparılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş DSMF-nin Tərtər rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 68/724 nömrəli arayışdan görünür ki, İddiaçı uşaqlıqdan əlilliklə bağlı artıq ödənilmiş 6896,95 manat müavinətin vətəndaşın ailə başçısını itirməyə görə əmək pensiyasından tutulması xahiş olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.1991-ci il tarixdə 256 nömrəli qərarla uşaqlıqdan əlil olduğu üçün sosial pensiya təyin edilmişdir. İddiaçının atası X3 xx.xx.1996-cı il tarixdə vəfat etdiyindən xx.xx.1996-cı il tarixdə 219 nömrəli qərarla X1 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, lakin cavabdeh orqan sonuncunun ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən övladı İddiaçı sosial pensiya alması barədə məlumat vermədiyini, belə olduğu təqdirdə İddiaçı həm sosial pensiya həm də ailə başçısını itirməyə görə əmək pensiyası aldığını əsas gətirərək, ümumilikdə 2369,21 manat artıq ödəmə yarandığı qənaətinə gəlmiş və həmin məbləğin onun ailə başçısını itirməyə görə əmək pensiyasından tutulmasını qərara alınmışdır. İddiaçı isə cavabdehin qeyd olunan hərəkətlərinin qanunsuz olduğunu iddia edərək, ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona ödənilməsini, hər ay pensiyasından özbaşına olaraq tutulan məbləğin tutulmasının qadağan edilməsi və tutulmuş məbləğin hesablanaraq qaytarılmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların və müavinətlərin yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya və müavinət hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İddiaçıya sosial müavinətin ödənilməsi xx.xx.1991-ci il tarixdən təyin edildiyinə görə həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq edilməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən bu Qanunla vətəndaşlara aşağıdakı pensiyalar təyin edilir: a) əmək (sosial sığorta) pensiyaları: yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, xidmət illərinə görə; b) sosial pensiyalar. -7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ və əmək qabiliyyəti olmayan vətəndaşların bu Qanunla müəyyən şərtlər əsasında sosial pensiya almaq hüququ vardır. -40-cı maddəsinə əsasən vəfat etmiş ailə başçısının öhdəsində olmuş (44-cü maddə) əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə, görə pensiya almaq hüququ vardır. Ailə başçısının öhdəsində olub-olmamasından asılı olmayaraq aşağıdakı əmək qabiliyyəti olmayan ailə üzvləri pensiya almaq hüququna malikdirlər: müharibədə həlak olmuş vətəndaşların uşaqları, valideynləri, dul arvadları; vəfat etmiş vətəndaşların uşaqları, eləcə də bu maddənin “v” bəndində göstərilən şəxslərdən biri. -44-cü maddəsinə əsasən vəfat edənin ailə üzvləri onun tam təminatında olublarsa və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alıblarsa, onun öhdəsində olmuş ailə üzvləri sayılırlar. Vəfat edənin köməyi yaşayışları üçün daimi və əsas vəsait mənbəyi olan, lakin özləri hər hansı pensiya alan ailə üzvləri yeni pensiyaya keçmək hüququna malikdirlər. -90-cı maddəsinə əsasən sosial pensiya əmək pensiyası almaq hüququ olmayan İ, İİ və İİİ qrup uşaqlıqdan əlillərə və eləcə də 16 yaşına çatmamış əlil uşaqlara da təyin olunur. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. -17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla təyin edilir. Beləliklə işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya əlilliyə görə müavinət üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa (ikinci dərəcə əlilliyə) görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də əlilliyə görə müavinət üzrə ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin mövcud olan vəziyyətinə (səhhəti, sosial durumu və s.) görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artıq ödəmə kimi qiymət verilmiş 2369,21 manat müavinət məbləğinin iddiaçıya təyin edilmiş pensiyadan tutulması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının pensiyasından hər ay tutulmanın aparılması cavabdehə qadağan edilməli və tutulmuş məbləğ ona geri qaytarılmalıdır. Həmçinin məhkəmə tələbin « ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi » hissəsini də əsaslı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi əmək pensiyası onu almaq hüququ yarandığı gündən təyin edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qardaşı Polad Xəlilov 2016-cı ilin iyun ayında təhsilini bitirdiyindən onlara verilmiş ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdə dayandırılmışdır. Deməli iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən həmin pensiyanı almaq hüququ həmin tarixdən (2016-cı ilin iyun ayından) yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı sözügedən pensiyanın təyin edilməsi ilə bağlı cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etməsi onun həmin pensiya hüququnun yarandığı tarixdən ödənilməsini tələb etmək hüququnu istisna etmir. Çünki yuxarıda istinad olunan normanın tələblərindən də aydın olur ki, mövcud qanunvericiliklə şəxsə pensiya məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə tələbi həmin hissədə də əsaslı hesab edir. Beləliklə, işin faktiki hallarına və istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia təmin edilməli, iddiaçıya ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi, pensiyasından hər ay qanunsuz olaraq aparılan tutulmalara son qoyulması və tutulmuş məbləğin hesablanaraq qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğinin hüququ yarandığı tarixdən- 2016-cı ilin iyun ayından hesablanaraq ödənilməsi, pensiyasından tutulmalara son qoyulması və tutulmuş məbləğin hesablanaraq iddiaçıya qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3/2022
20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver