Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-30/2025 03.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Samux şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 kv.m. torpaq sahəsində inşa olunan qeyri-yaşayış binası (aptek) üzərində mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayon Nəbiağlı bələdiyyəsinin 03 avqust 2004-cü il tarixli, 27 nömrəli qərarına əsasən Samux şəhəri, E.Məmmədov və N.Nərimanov küçəsinin kəsişdiyi yerdən baytarlıq apteki tikmək üçün ona 12.kv.m. torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin dəyəri olan 150.000 manat bələdiyyənin hesabına onun tərəfindən ödənilmişdir. Aralarında xx.xx.2004-cü il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 93 saylı sərəncamı ilə həmin torpaq sahəsində müasir tipli baytarlıq apteki tikməsinə icazə verilmiş, Memarlıq və Tikinti şöbəsinə layihə planının tərtib edilməsi, DT və XK-nin Samux rayon şöbəsinə isə torpaq sahəsinin naturada ölçülüb verilməklə cizgi planının tərtib edilməsi tapşırılmışdır. Həmin sənədlər adıçəkilən qurumlar tərəfindən hazırlanıb verilmişdir. Bundan sonra baytarlıq apteki tikdirmiş və istismara qəbul aktı tərtib edilmişdir. Cavabdeh inzibati orqana mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanı qanunsuz və əsassız hesab etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia ərizəsinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının müraciəti üzrə araşdırılma aparılan zaman onun adına ləğv edilmiş DT və XKnin Samux rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli, 1824 nömrəli «Torpaq sahəsinin plan və ölçü» sənədində göstərilən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması nəzərdə tutulan qeyri-yaşayış binasının tikinti altına düşmədiyi, qonşu mağazanın torpaq sahəsinin altına düşdüyü müəyyən edilmişdir. Həmçinin qeyri-yaşayış binasının sahəsi «Torpaq sahəsinin plan və ölçü» sənədində 12 kv.m. göstərilsə də, faktiki tikinti altı sahə 14 kv.m.dir. Daha sonra etiraz Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırılmışdır. Odur ki, iddia tələbinin rədd olunması xahiş edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək Samux şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 kv.m. torpaq sahəsində tikilmiş qeyriyaşayış binası olan baytarlıq apteki üzərində mülkiyyət hüququnun kadastrdakı torpaq sahəsinin ölçüsü və koordinatlarını faktiki istifadəsindəki vəziyyətə uyğunlaşdırmaqla dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 etiraz ərizəsinin dəlillərini müdafiə edərək məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu, Samux rayon Nəbiağlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 27 nömrəli qərarı, torpaqların alqı-satqısına dair xx.xx.2004-cü il tarixli akt, DT və XK-nin Samux rayon şöbəsinin 95 nömrəli rəyi, Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 93 nömrəli sərəncamı, qeyri-yaşayış binasının layihəsi, «Torpaq sahəsinin planı və ölçüsü» sənədi, qeyri-yaşayış binasının xx.xx.2014-cü il tarixli istismara qəbul aktı və mütəxəssis rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). Məhkəmə araşdırması zamanı işdəki sənədlər əsasında müəyyən edilmişdir ki, Samux rayon Nəbiağlı bələdiyyəsinin 03 avqust 2004-cü il tarixli, 27 nömrəli qərarına əsasən Samux şəhəri, E.Məmmədov və N.Nərimanov küçəsinin kəsişdiyi yerdən baytarlıq apteki tikmək üçün iddiaçıya 12.kv.m. torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin torpaq sahəsi üzrə onlar arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyəyə ödənilmişdir. Daha sonra Samux rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 93 nömrəli sərəncam ilə iddiaçıya həmin torpaq sahəsində baytarlıq apteki üçün tikinti aparılmasına icazə verilmişdir. İddiaçı qeyd olunan sənədlər əsasında baytarlıq apteki inşa etdirmiş və baytarlıq aptekinin istismara qəbul edilməsi barədə Dövlət Qəbul Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli akt tərtib edilmişdir. Hazırda iddiaçı həmin baytarlıq apteki üzrə mülkiyyət hüquqlarının qeydə alınmasına nail olmağa çalışır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 113 nömrəli Fərmanı: Bənd 4.2.8. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsaslı sayır və aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı özünü torpaq sahəsinin mülkiyyətçisi kimi hesab edir. Əsas kimi bələdiyyə qərarı və torpaqların alqı-satqı aktını göstərir. Bununla bağlı məhkəmə göstərir ki, həmin sənədlər mülkiyyət hüququnun qeydə alınması əsaslarından biridir. Yəni yuxarıda adıçəkilən Qanunun 8.0.9.2-ci maddəsində mülkiyyət hüququnu təsdiq edən sənəd dedikdə mülkiyyət hüquqlarının qeydə alınmasını əks etdirən çıxarış, dövlət aktı və.s. nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi iddiaçının mülkiyyət hüquqları qeyri-yaşayış binası olan baytarlıq aptekinin yerləşdiyi torpaq sahəsi üzərində qeydə alınmamışdır. Bu baxımdan iddiaçı mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmiş olur. Hansı ki, yuxarıda adıçəkilən Qanunun norması mülkiyyət hüququnu təsdiq edən sənədin təqdim edilməsini zəruri şərt kimi müəyyən etmişdir. Bundan başqa inşa edilmiş qeyri-yaşayış binasının bələdiyyə qərarı ilə iddiaçıya satılan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün qəbul edilmiş qərardadla mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində göstərilmişdir: Samux rayonu, Nəbiağlı qəsəbəsi, E.Məmmədov və N.Nərimanov küçəsinin kəsişdiyi yerdə, yolun sağ tərəfində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 12,80 kv.m. təşkil edir. Qeyd olunan torpaq sahəsinin 5,66 kv.m. hissəsi Samux rayon Nəbiağlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 27 saylı qərarı ilə satılmış 12 kv.m. (koordinatlara əsasən 11,88 kv.m.) torpaq sahəsində, 7,14 kv.m. hissəsi isə sənəddə göstərilən sahədən kənarda yerləşir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını istədiyi qeyri-yaşayış binasının yarıdan çox hissəsinin bələdiyyə qərarı ilə satılmış torpaq sahəsinin hüdudlarından kənarda olması faktı da cavabdeh inzibati orqanın imtinasının qanuni olması nəticəsinə gəlməyə əsas verir. Bir növ iddiaçı tərəfindən inşa edilmiş qeyriyaşayış binası özbaşına olaraq torpaqların tutulmasına gətirib çıxarmışdır. Çünki, baytarlıq apteki binasının yerləşdiyi 7,14 kv.m. torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, hazırda mübahisə predmeti olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydə alınması qanunvericiliyin tələblərinə uyğun olmaz. Çünki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər təqdim edilmədiyindən cavabdeh orqanın qeydiyyatdan imtinası əsaslı olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları mövcuddur. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fərid Əliyev