Məhkəmə qərarları › İş №2-1(114)-3000/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3000/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3000/2024 21.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin qismən ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsini, cavabdeh tərəfindən qanunsuz işdən çıxarılmasına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2016-cı ilin mart ayından DİO-da, Daşkəsən RPŞ-nin PPX-i tağımında polis nəfəri, polis sıravisi rütbəsi ilə xidmətə başlamış, 2017-ci ilin avqust ayından isə həmin Şöbənin İTB-də polis sahə rəisi vəzifəsinə təyin edilmiş, polis kapitanı xüsusi rütbəsi olmuş, xidmət etdiyi dövr ərzində cəmi iki dəfə - polis nəfəri işlədiyi dövr ərzində məzəmmət intizam tənbehi, polis sahə rəisi işlədiyi dövr ərzində isə bir dəfə töhmət inzibati tənbehi cəzası almışdır. O, 2020-2024-cü illər ərzində heç bir intizam tənbehi cəzası almamış, 2024-cü il ərzində isə heç bir intizam tənbehi cəzası olmamışdır. Xidmət etdiyi dövr ərzində təşəkkür mükafatı, DİN-in Fəxri Fərmanı mükafatını, 2-ci dərəcə məharət dərəcəsi almış, həmçinin xx.xx.2023-cü il tarixdə keçirilən antiterror əməliyyatlarında iştirak etmişdir. İddiaçı qeyd edir ki, əvvəllər onun tabeçiliyində xidmət aparmış və DİO-dan təqaüdə buraxılmış sahənin polis nəfəri polis baş serjantı Şahin Məmmədov RPŞ-nin X/Ü rəis müavininə işdə qalmasına görə 12000 manat pul verdiyini iddia edib müxtəlif qurumlara şikayət etmişdir. Bununla bağlı araşdırma aparan DİN-in Daxili Təhqiqatlar İdarəsinin əməkdaşı Elnur adlı şəxs iddiaçının RPŞ-də izahatını alan zaman ona bildirmişdir ki, “Bizdə məlumat var, sən Şahin ilə mobil telefon vasitəsi ilə danışmısan və ona bildirmisən ki, müraciətinə baxılmasa ölkə rəhbərliyinə youtube və tiktok vasitəsi ilə müraciət et, həmçinin yenə də müraciətinə baxılmasa xarici ölkə səfirliklərinə müraciət et”. İddiaçı həmin əməkdaşa Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin 4-cü bəndini bildirmişdir. Bundan başqa iddiaçı onu da əlavə edir ki, Şahin Məmmədov bu qeyd edilən müraciət formalarından heç birindən istifadə etməmişdir. İddiaçı Şahin Məmmədovla nə vaxt danışmağını belə xatırlamır, həmçinin qeyd edir ki, vətəndaşın müraciət etməsini izah etmək daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət hesab edilə bilərmi. İddiaçı əlavə edir ki, bundan sonra yenidən o xx.xx.2024-cü il tarixdə DİN-nin Daxili Təhqiqatlar İdarəsinə dəvət edilmiş, Elnur adlı əməkdaş araşdırma ilə bağlı izahatında dəyişikliklərin olub-olmadığını oxutdurmuş, o, izahatın dəyişilmədiyini görmüşdür. İddiaçı bildirir ki, bundan sonra Elnur adlı əməkdaş həmin araşdırma materialının arxasından ona “rəylə tanış oldum” ifadəsini yazdırmış və xidməti vəsiqənin təhvil verilməsini yazdırıb imzalatdırmış və daha sonra onun DİO-dan xaric edilməyi ilə bağlı DİN-in əmri verilmişdir. Onun DİO-dan xaric olunmağı üçün heç bir sübut və əsas olmamasına baxmayaraq, əməlində DİO əməkdaşı adına və polisin nüfuzuna xələl gətirməsi qeyd olunaraq DİO-dan xaric edilmişdir. Onun əməli sübuta yetirilmədiyi halda və yaxud qeyriqanuni yol ilə əldə etdikləri sübuta əsaslandığı üçün əməlində DİO-dan xaric edilmək üçün əsas olmadığını düşünür, çünki Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində qeyd edildiyi kimi müraciət etmək hər bir Azərbaycan Respublikası vətəndaşının hüququdur. Əməlində xidməti intizam qaydalarının pozulması varsa belə, onun 2024-cü il ərzində heç bir intizam tənbehi cəzası olmamasına baxmayaraq, ona DİOda xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun 114-cü maddəsinin 7-ci bəndinin cəzası verilmişdir, lakin ona həmin maddədə qeyd edilən digər intizam tənbehi verilə bilərdi. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3000/2024 nömrəli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işə buraxma dövrü üçün əmək haqqının hesablanıb ona ödənilməsi” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3000/2024 nömrəli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli əmrinin (№ 3-13/Ə218/2024) ona aid olan hissəsinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əməkhaqqının hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdehin etirazı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, Daşkəsən RPŞ-nin xidmət üzrə rəis müavini Rəşadət Qəhrəmanov digər əməkdaşın icraatında olan materialın həllinə müdaxilə edərək polis baş serjantı Ş.Məmmədov barəsində ciddi tədbir görüləcəyini bildirmiş, atası Adil Məmmədovun xahişindən sonra oğluna köməklik göstərəcəyinə söz vermişdir. Daşkəsən RPŞ-nin xx.xx.2023-cü il tarixli əmri ilə polis baş serjantı Ş.Məmmədovun, eləcə də digər əməkdaşların barəsində intizam tənbehi tədbiri görülmüşdür. Sahənin polis nəfəri Ş.Məmmədov intizam tənbehini özünə qarşı qərəzli münasibət kimi qəbul edərək atasının vasitəsilə rəis müavini R.Qəhrəmanov barəsində AR Baş Prokurorluğuna həqiqətə uyğun olmayan şikayətlər ünvanlamışdır. Daşkəsən Rayon Prokurorluğunda aparılan araşdırma zamanı göstərilən xüsusatlar təsdiqlənmədiyindən, toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, işin gedişində Daşkəsən RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi İddiaçı tabeliyindəki Ş.Məmmədovla lüzumsuz danışıqlara yol verərək, ona xidmət üzrə rəis müavini R.Qəhrəmanovdan müxtəlif dövlət orqanlarına və xarici ölkələrin səfirliklərinə şikayət etməyi məsləhət görmüşdür. Yol verdiyi nöqsanla İddiaçı "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi"nin 1, 2, 3, 4 və 17-ci maddələrini tələblərini pozduğuna görə Daxili İşlər Nazirliyinin 3-13/0218/2024 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən polis əməkdaşları adına ləkə gətirən hərəkətə yol verdiyinə görə xidmətdən xaric edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkil Nümayəndə iddia tələbinə etiraz etdi, iddiaya etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-13/Ə218/2024 nömrəli “Daşkəsən RPŞ-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması barədə” əmrinə əsasən, Daşkəsən RPŞ-nın İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən, polis kapitanı X1 rayon Polis şöbəsinin polis sahə rəisi xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndi ilə xidmətdən xaric edilmişdir. Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Daşkəsən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahənin polis nəfərləri Şahin Məmmədov və digərlərinin qətiyyətsizliyi üzündən ictimai qaydanı pozan və polisin qanuni tələbinə tabesizlik göstərən vətəndaş Vüsal Süleymanov hadisə yerindən yayınmağa nail olmuşdur. Buna görə aidiyyəti əməkdaşlar Daşkəşən RPŞ-nin xx.xx.2023cü il tarixli əmri ilə intizam məsuliyyətinə cəlb edilmişlər. Polis baş serjantı Şahin Məmmədov intizam tənbehini özünə qarşı qərəzli münasibət kimi qəbul edərək atasının vasitəsilə şöbənin xidmət üzrə rəis müavini Rəşadət Qəhrəmanovun barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğuna həqiqətə uyğun olmayan şikayətlər ünvanlamışdır. Bununla yanaşı sonuncunun haqqında sübutlar toplamağa cəhd göstərərək şəxsi heyət arasında pozuculuq fəaliyyəti ilə məşğul olmuşdur. Daşkəsən RPŞnın İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi İddiaçı sahənin polis nəfəri Ş.Məmmədova bu işdə dəstək verərək ona xidmət üzrə rəis müavini R.Qəhrəmovdan müxtəlif dövlət orqanlarına, o cümlədən xarici ölkələrin səfirliklərinə şikayət etməyə istiqamətləndirmişdir. Polis zabitinə yaraşmayan bu cür hərəkətlərə görə yol verdiyinə görə İddiaçı DİN-in xx.xx.2024-cü il tarixli, 3-13/Ə218/2024 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müşayiət məktubları ilə X2 və İddiaçı Daxili İşlər Nazirliyinə verdiyi izahatları məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, xx.xx.1983-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. Orta təhsillidir. 2005-ci ildən 2024-cü ilin fevral ayına qədər daxili işlər orqanlarında xidmət etmişdir. Hal hazırda işləmir və təqaüddədir. Daşkəsən şəhəri, Nizami küçəsi, ev 18, mənzil 23-də qeydiyyatsız yaşayır. İddiaçı ilə əvvəllər iş yoldaşı olmuşdur. Sahə rəisinin müavini vəzifəsində işləmişdir. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan vətəndaş onu xidmətlə əlaqədar sahədə olarkən qəflətən vurub qaçmışdır. Vəzifəli şəxs tərəfindən onun qətiyyətsizlik göstərdiyi qeyd edilərək işdən azad edilməli və başqa ərazidə xidmət göstərməli olduğu bildirilmişdir. Həmin vaxtda onun təqaüdə çıxmağına 10 ay qalmış idi. Yaxın qohumlarının müraciətindən sonra ondan müəyyən miqdarda pul alınaraq öz vəzifəsində saxlanmışdır. Həmin pulu bankdan kredit götürdüyü üçün ödəyə bilmədiyindən verdiyi pulu vəzifəli şəxsdən geri tələb etmişdir. Ona pulu kimə veribsə ondan tələb etməsi bildirilmişdir. Bu məsələ ilə bağlı İddiaçı zəng etmiş, ondan məsləhət almışdır. İddiaçı ona şikayət etmək hüququnun olduğunu bildirmiş, eyni zamanda həmin danışıq zamanı zarafatyana “Youtube”-a çıxmağını qeyd etmişdir. Tətbiq edilən hüquq Polis haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur: polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. Maddə 33. Polis əməkdaşının məsuliyyəti İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 2) xidmət və icra intizamını pozduqda; 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. 4) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. İV. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Maddə 34. Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; 7) polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. İİİ. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə Daxili işlər orqanlarında xidməti intizam

108. Daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.

109. Daxili işlər orqanlarının vəzifəli şəxsləri (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı: tabeliyində olan əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalı; tabeliyində olan əməkdaşların vəzifələrinin icrasına yüksək məsuliyyət hissi aşılamalı; tabeliyində olan əməkdaşların xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməli; tabeliyində olan əməkdaşların şərəf və ləyaqətinə hörmət etməli; şəxsi heyətlə işdə şəxsi münasibətlər zəminində himayəçiliyə, həmçinin fəaliyyətindəki nöqsanların tənqidinə görə əməkdaşların təqib olunmasına yol verməməlidirlər.

114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə.

121. İntizam tənbehi dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayan müddətdə elan edilir və qeydiyyata alınır. Daxili işlər orqanlarında xidmətdən xaric edilmənin əsasları

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 7) daxili işlər orqanlarında xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə.

İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Məhkəmə iddia müddətinin ötürülməsinə dair cavabdehin münasibəti ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ötürülməmişdir. Belə ki, qanunda nəzərdə tutulan qaydada, mübahisələndirmə haqqında iddialar üzrə iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, 30 gün müddətində qaldırıla bilər. İddiaçı tərəfindən hazırkı iddia tələbi ilə onun barəsində daxili işlər orqanından xidmətdən xaric edilməsi ilə bağlı intizam tənbehinin tətbiq edilməsi haqqında Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli əmri mübahisələndirilir. Qanunvericiliyin tələbinə görə, intizam tənbehi dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayan müddətdə elan edilir. İş materiallarında qeyd olunan intizam tənbehinin tətbiq edilməsi barədə əmrin iddiaçıya elan edilməsini və ya təqdim edilməsini təsdiq edən sənəd mövcud deyildir. İddiaçı isə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. İşin hallarından müəyyən olunur ki, Daşkəsən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahənin polis nəfərləri X4 və digərlərinin qətiyyətsizliyi üzündən ictimai qaydanı pozan və polisin qanuni tələbinə tabesizlik göstərən vətəndaş hadisə yerindən yayınmışdır. Bununla əlaqədar olaraq şöbədə xidməti araşdırma aparılmış, Şahin Məmmədov və digər əməkdaşlar barəsində Daşkəşən RPŞ-nin müvafiq əmri ilə intizam tənbehi tədbiri görülmüşdür. Polis nəfəri Şahin Məmmədov intizam tənbehini özünə qarşı qərəzli münasibət kimi qəbul edərək xidmət üzrə rəis müavini barəsində müxtəlif orqanlara şikayətlər ünvanlamışdır. Xidməti araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, Daşkəsən RPŞ-nın İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi İddiaçı tabeliyində olan sahənin polis nəfəri Şahin Məmmədovla lüzumsuz danışıqlara yol verərək ona xidmət üzrə rəis müavinindən müxtəlif dövlət orqanlarına şikayət etməyi məsləhət görmüşdür. Qeyd olunan hallarla bağlı İddiaçı barəsində DİN-in xx.xx.2024-cü il tarixli, 3- 13/Ə218/2024 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilmiş, sonuncu Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli əmri ilə xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin müddəalarına görə, daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Daxili işlər orqanlarının vəzifəli şəxsləri (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə kimi intizam tənbehləri tətbiq edilə bilər. Göründüyü kimi, müvafiq daxili işlər orqanı xidməti intizam qaydalarını pozmağa görə polis əməkdaşlarına göstərilən intizam tənbehlərindən birini tətbiq etməkdə səlahiyyət sərbəstliyinə malikdir. Başqa sözlə göstərilən halda inzibati orqan diskresion səlahiyyətə malikdir. Bu zaman müvafiq daxili işlər orqanı polis əməkdaşının hərəkətlərinin (hərəkətsizliyinin) xarakterinə uyğun olaraq göstərilən intizam tənbehlərindən birini tətbiq edə bilər. Hazırkı iş üzrə cavabdeh orqan baş vermiş hadisələrlə bağlı araşdırma aparmış və iddiaçının hərəkətinə uyğun olaraq xidmətdən xaric edilmə intizam tənbehini uyğun hesab etmişdir. Bundan başqa, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə tərəfindən hazırda mübahisələndirilən inzibati aktın qanunsuz olması ilə bağlı hal aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar