Məhkəmə qərarları › İş №2-1(114)-3004/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3004/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3004/2023 30.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ikinci dərəcə müddətsiz əlilliyin səbəninin “hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsinin dəyişdirilərək ikinci dərəcə müddətsiz “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” ifadəsi ilə əvəz olunması və xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-2017-ci illərdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə avtomobil manqa komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2011-ci ilin may ayının axırlarında hərbi hissənin döyüş təminatının həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə yük maşının sürətlər qutusunu dəyişərkən qutunun ağırlığının qəflətən üzərinə düşməsi nəticəsində onurğa nahiyyəsindən kəskin ağrı hiss etmiş, zədə alması barədə komandığa məruzə etmişdir. İlk zamanda hər hansı fəsadlar aşkar özünü biruzə verməsə də, qısa müddətdən sonra səhhətinin vəziyyəti kəskin şəkildə pisləşmişdir. Ağrılarla əlaqədar hadisədən bir ay sonra iyun 2011-ci ildə müalicə üçün hərbi hospitala göndərilmişdir. Müayinələr vaxtı “L4-L5 fəqərəarası diskin sağ sinir kökünü kompressiya edən posterolateral yırtığı diaqnozu” təyin edilmişdir. Müalicə nəticəsində uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək xidmətdən buraxılmışdır. Hazırda 2-ci qrup hərbi əlildir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə təltif olunub. Qeyd etmək istəyir ki, xidmətinin axırıncı 7 ilini düşmənlə təmas xəttində olan Qazax rayonun düşmənlə həmsərhəd ərazilərdə keçirmişdir. O, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün verilmədiyi üçün yenidən müraciət etmişdir ki, ona hərbi hissə komandirinin axrıncı dəfə verildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilsin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ona “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” qərarı verməkdən imtina etmişdir. Bu barədə Gəncə İnzibati Məhkəməyə müraciət etmiş, məhkəmə ona “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” qərarı verilməsini təmin etmiş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 339 nömrəli qərarı ilə təmin edilmişdir. İddiaçı bildirir ki, xəstəlik diaqnozu 2011-ci ildən bu günədək eynidir. Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 339 nömrəli qərarı ilə təmin edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə müraciət etmiş və əyani müayinədə olmuş, ona xx.xx.2022-ci ildə 2-ci dərəcə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik təyin edildi. xx.xx.2023-cü ildə avtomobilə tibbi göstəriş verilməsi üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə icraatı vaxtı ona avtomobilə tibbi göstəriş verilib-verilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə müayinəyə göndərilmiş, xx.xx.2023-cü ildə elektron altsistemə baxış keçirən zaman məlum olmuşdur ki, cavabdeh tərəfindən əsassız olaraq əlilliyinin səbəbi dəyişdirilərək 2-ci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmişdir. İddiaçı hesab edir ki, Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq ona xx.xx.2022-ci ildə 2-ci dərəcə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik təyin edilməsini, qanunsuz əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsini və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını nəzərə almaqla ikinci dərəcə müddətsiz hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik təyin etməli idi. Hansı ki, təyin edilmiş əlilliklə bağlı xəstəlik diaqnozu hərbi xidmət zamanı qazanılmış və ağırlaşmış olması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında öz təsdiqini tapmışdır, belə olan halda ona qarşı düzgün olmayan səbəb əlaqəsi ilə əlillik təyin edilmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2393/2023 nömrəli qərarının qismən, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi hissəsində ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, Qazax rayon sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Məqsad oğlunun əlillik vəziyyəti tibb müəssisəsinin 0236003AAJ4Z nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrin (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. M.A.Topçubaşov adına X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz "İdiopatik dilatasion kardiomiopatiya. Kardioverter-defibrillyatorun (İCD) implantasiyası cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2022)" kimi qeyd olunmuş, Akademik C.Abdullayev adına əlillik təyinatına əsas vermişdir. X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Dilatasiyaon kardiomiopatiya. Ürək çatışmazlığı. İV funksional sinif. AF=20 %. CRT implantasiyasından sonrakı vəziyyət(2022)" kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə müvafiq olaraq “hərbi xidmət dövrü” ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 339 nömrəli qərarından görünür ki, Qazax RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmış, İddiaçı oğlunun hərbi xidmət keçərkən 2011-ci ilin may ayında hərbi hissənin avtoparkında xidməti vəzifələrini yerinə yetirərkən aldığı travmanın nəticələrinə və hərbi xidmət zamanı müalicə olunduğu xəstəliklərin nəticələrinə görə xx.xx.2017-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda təyin edilmiş travmanın nəticəsi - diaqnoz: “L 4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4 -L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” “HƏRBİ TRAVMADİR. HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” və hərbi xidmət dövründə aldığı xəstəlik - diaqnoz:” İdiopatik dilatasion kardiomiopiya. Ürək çatışmazlığı, İİ funksional sinif (SQ BKH-dan verilmiş xx.xx.2017-i il tarixli 2166 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir)” XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə müvafiq olaraq İddiaçı Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-2393/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə müvafiq olaraq İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə, eyni zamanda 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “Kardiomiopatiya, İdiopatik dilatasion kardiomiyopatiya. Ürək çatmamazlığı İl dərəcə.L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozuna əsasən xx.xx.2022-ci il tarixdə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, lakin vaxtından əvvəl, yəni xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb edilmiş və müayinə nəticəsində “Kardiomiopatiya, İdiopatik dilatasion kardiomiyopatiya. Ürək çatmamazlığı İİ dərəcə. Durğunluq ürək çatmamazlığı, Xr.QDÇ-İV f/s (LVEF-19%)” diaqnozu qoyulsa da “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, aprel 2023-cü il tarixdə Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Beləliklə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilməklə əlilliyin səbəb əlaqəsi « Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar » qeyd olunsa da, heç bir əsas olmadan yenidən müayinəyə cəlb edilməklə xx.xx.2023-cü il tarixdə müddətsiz əlillik təyin edilmiş və səbəb əlaqəsi « hərbi xidmət dövrü ilə əlaqədar » qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçının vaxtından əvvəl müayinəyə cəlb edilməsi əsaslarının təqdim edilməsi barədə cavabdehə sərəncam göndərilməsinə baxmayaraq müvafiq cavab verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etmiş və müayinə nəticəsində əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2393/2023 nömrəli qərarı qismən, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi hissəsində ləğv edilməli və xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2393/2023 nömrəli qərarı qismən, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi hissəsində ləğv edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar