Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3012/2025 26.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2024-cü il tarixli 2/2-201 nömrəli imtina məktubunda bildirilmişdir ki, təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya mayor İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
2. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə)
1. Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə
2. Rütbəsi: mayor
3. Vəzifəsi: divizion komandirinin şəxsi heyətlə iş üzrə müavini
4. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2020-ci il tarixli 43 nömrəli əmr
5. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli, Hərbi Hava qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli əmrləri.
6. Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə):N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli əmri ilə bütün bölmələr ehtiyyat mövqelərə manevr edərək 0110 nömrəli əmri ilə döyüş növbəsinə cəlb edilmişdir.
7. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Tovuz istiqamətində xx.xx.2020-ci il tarixdə 23:15 radələrində bir ədəd pua məhv edilməsində iştirak edib.
8. İştirak etdiyi ərazilər: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı KƏLBƏCƏR, ÖMƏR aşırımı istiqamətində əks-hücum aparan qoşun qruplaşmasını və GƏNCƏ, ŞƏMKİR, SAMUX, GÖYGÖL istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı şəxsi heyətin hərbi vətənpərvərlik, hüquqi, mənəvi psixoloji və hərbi intizamının möhkəmləndirilməsində Vətənə hədsiz sədaqət Azərbaycan Respublikasının qanunlarını tələblərini sözsüz yerinə yetirmək, döyüş ənənələri əsgəri sücaət, qəhramanlıq, igidlik Vətənimizə məhəbbət, düşmənlərimizə nifrət hər hansı şəraitdə nəyin bahasına olursa olsun Azərbaycan Respublikasının dövlət mənafeni müdafiə etməyə dair daima tədbirlər təşkil edib və gündəlik olaraq döyüş əməliyyatlarında qazanılan uğurlar düşməndən azad olunmuş ərazilər götürülmüş qənimətlər, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarını divizionun döyüş heyətləri ilə daim söhbətlər təşkil edib (bir ədəd düşmənin pilotsuz uçuş aparatının məhv edilməsində iştirak edib).
9. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: xəsarət almayıb
10. Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: xəsarət almayıb
11. Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): xəsarət almayıb
12. Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): ehtiyata buraxılmayıb
13. Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: yoxdur
14. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): yoxdur.
3. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş əmrlərdən müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 43 nömrəli əmri ilə mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 23 yanvar 2020-ci il tarixli 05 nömrəli əmri ilə 4-cü S-125-2TM zenit raket divizionu komandirinin şəxsi heyət üzrə müavini (A1) vəzifəsinə təyin edilmiş, Bakı şəhəri N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzə Komissiya”-sına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda da Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmətdə olan hərbi qulluqçudur. 27 sentyabr 2020ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etsə də, lakin ona müharibə veteranı adı verilməsindən imtina edilmişdir. Verilən imtinada bildirilmişdir ki, təqdim edilmiş arayış məlumatın 8-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən mayor İddiaçı "Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir”. Bildirmişdir ki, o, N saylı hərbi hissənin 4-cü divizyonunda xidmət edirdi. Həmin hərbi hissə hərbi hücumlardan müdafiəni həyata keçirirdi. Müharibədən əvvəl hərbi hissə Samux rayonunun Kövvər kəndinin ərazisində yerləşirdi. Müharibənin ilk günlərində Tovuz rayonunun Əlimərdanlı kəndində yerləşən hərbi hissə təxminən 2020-ci il oktyabr ayının 11-də düşmənə məxsus PUA-nı vurdu, bununla da onların yeri müəyyən olunduğundan, həmin ərazini tərk etməli oldular və hərbi hissə Tovuz rayonunun Əyyublu kəndində məskunlaşdı. Müharibə zamanı hərbi hissə Tovuz rayonunun ərazisində yerləşsə də, döyüş radiusu yalnız Tovuz rayonunun ərazisini əhatə etmirdi. Hərbi hissənin döyüş radiusu Kəlbəcər-Ömər aşırımından başlayaraq, Ağstafa rayonunun ərazisini də əhatə edirdi. Bundan başqa, bildirmişdir ki, hərbi hissənin qeyd edilən diviziyasında 30 nəfər hərbi qulluqçunun 28 nəfəri müharibə veteranı adı almışdır. Bu isə onun bərabərlik hüququnun pozulması deməkdir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. III. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
11. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İV. Prosessual məsələlər
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir.
16. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
18. Cavabdehin məhkəməyə iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2024-cü il tarixli 2/2- 201 nömrəli imtina məktubunu; -xx.xx.2019-cu il tarixli Şəxsi № D-003387 nömrəli şəxsi vəsiqə;; -Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş əmrlər; -“Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış. . Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
20. İş materialları ilə müəyyən olunur ki, iddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 2/2-201 nömrəli imtina məktubunda bildirilmişdir ki, təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya mayor İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
21. Yəni, cavabdeh orqan imtinasında iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi ərazinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlməməsi əsası ilə imtina etmişdir.
22. Lakin N nömrəli hərbi hissə komandirinin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli əmri ilə döyüş növbəsinə cəlb edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı KƏLBƏCƏR, ÖMƏR aşırımı istiqamətində əks-hücum aparan qoşun qruplaşmasını və GƏNCƏ, ŞƏMKİR, SAMUX, GÖYGÖL istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı şəxsi heyətin hərbi vətənpərvərlik, hüquqi, mənəvi psixoloji və hərbi intizamının möhkəmləndirilməsində Vətənə hədsiz sədaqət Azərbaycan Respublikasının qanunlarını tələblərini sözsüz yerinə yetirmək, döyüş ənənələri əsgəri sücaət, qəhramanlıq, igidlik Vətənimizə məhəbbət, düşmənlərimizə nifrət hər hansı şəraitdə nəyin bahasına olursa olsun Azərbaycan Respublikasının dövlət mənafeni müdafiə etməyə dair daima tədbirlər təşkil etmiş və gündəlik olaraq döyüş əməliyyatlarında qazanılan uğurlar düşməndən azad olunmuş ərazilər götürülmüş qənimətlər, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarını divizionun döyüş heyətləri ilə daim söhbətlər təşkil etmiş, habelə Tovuz istiqamətində xx.xx.2020-ci il tarixdə 23:15 radələrində bir ədəd pua məhv edilməsində iştirak etmişdir.
22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
23. Yuxarıda adıçəkilən Əsasnamədən göründüyü kimi, 10-cu yarımbənddə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçı da Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.
24. Mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi və iş materiallarının tədqiqi nəticəsində məhkəmə belə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır.
25. Çünki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etmək olmuş və Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməli olması əks olunmamışdır.
26. İddiaçı N saylı hərbi hissənin komandirinin əmri ilə hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.
27. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
28. Lakin hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istnad etdiyi halları sübuta yetirə bilməmişdir.
29. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
30. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
31. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
Nəticəvi hissə:
32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva